Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində çirklənmə dərəcəsi norma daxilindədir.
Seyyah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində), bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bildirilib ki, bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.
Qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır”.