Bosniyanın gözəl güşəsi – MOSTAR

Xəbərlər 14 Iyun 2017 00:00 1225
Bosniyanın gözəl güşəsi – MOSTAR

İki gün Sarayevoda keçirib Bosniyanın ən gözəl guşəsi Mostarı görmədən geri dönmək olmazdı. Havanın yağışlı olması da, Mostarı görməyə əngəl ola bilmədi. Səhər tezdən maşınla Sarayevodan yollandıq Mostara. Yola düşdük düşməyinə, ancaq, belə yol olacağını təsəvvür etmirdim, sözün düzü. Yol deyildi sanki, mənzərəli albomdu, vərəqlərin çevirirdin elə bil.

BİR AZ MOSTAR HAQDA

Mostar Bosniya və Herseqovinanın cənub-şərqində, paytaxt Sarayevodan 125 km uzaqlıqda Neretva çayı sahilində yerləşir. Keçmişdə Osmanlı, Avstriya-Macarıstan imperiyalarının əhəmiyyətli, II Dünya müharibəsindən sonra isə keçmiş Yuqoslaviyanın sevilən şəhərlərindən olub. Lakin, Yuqoslaviyanın dağılması ilə Balkan bölgəsindəki müharibə Mostar üçün çox acı fəsadlara səbəb olub. Bunu Mostarın hər daşında mərmi izlərindən görmək olur.  Adının hərfi mənası “körpü qoruyan” olan Mostar təəssüf ki, qorumalı olduğu körpüsünü mühafizə edə bilməyib və xorvatlar tərəfindən dağıdılıb, müharibə bitdikdən sonra isə Türkiyənin dəstəyi ilə əslinə sadiq qalmaqla bərpa edilib. 2005-ci ildən isə Mostar UNESCO–nun qorunması altına alınıb.

MOSTARA NƏ ZAMAN VƏ NECƏ GETMƏLİ

Mostara səyahətin ən gözəl vaxtı yay aylarıdır. Neretvanın sahilində yaşıllıqdan zövq alaraq bu tarixi şəhəri mütləq yayda ziyarət edin. May ayı isə ən yağışlı aydır. Daşqınların belə ən çox olduğu ayda getdik biz Mostara. Yağışdan nəsibimizi aldıq. Mostara, ümumiyyətlə, Bosniyaya Bakıdan birbaşa uçuşlar təəssüf ki, yoxdur. Bu kiçik şəhərin hava limanı olmasına baxmayaraq, əksər turistlər paytaxt Sarayevodan qatar və ya avtobusla səyahətə üstünlük verirlər. Çünki yolboyu əsrarəngiz mənzərəni seyr edə-edə getmək Mostar qədər həzz vericidir .

Avtobus turları və qiymətlər üçün buraya tıkqıldadın.

Qeyd: Balkanlarda, eləcə də, Bosniyada bir şeyə diqqət etmək lazımdır. Avtobus biletiniz əlinizdə olsa belə, yerinizə vaxtında əyləşməsəniz, yerinizi tutan adamı qaldıra bilməzsiniz. Bunu Bosniyada olmasa da, şəxsən yaşamışam: “Gözlə, qabaqda düşən olanda oturarsan” – bu, sürücüdən aldığım cavab olmuşdu. Elə bil 88 saylı avtobusla 28 maya gedirəm.

Mostara səfərin ikinci yolu  qatardır. Mənzərəsi çox gözəl, qiymətinin ucuz olmasına baxmayaraq, qatarlar köhnə və komfortlu deyil. Hər gün Sarayevodan 3 qatar səfəri mövcuddur Mostara. Biz maşınla səyahət etdyimizə görə nəqliyyat dərdlərindən uzaq olduq.

Şəhərdaxili nəqliyyata gəldikdə isə Mostar kiçik şəhər olduğuna görə şəhərdə avtobus və taksiyə çox da ehtiyac olmur. Avtobuslar şəhərin hər nöqtəsinə işləyirlər. Qiymətlər isə tək gedişli bilet 1KM. Taksilərə də rahatlıqla minə bilərsiniz, şəhər balaca olduğu üçün çox pul tutmur.

MOSTARDA GÖRÜLMƏLİ YERLƏR

Mostar kiçik olmağına baxmayaraq tarixi abidələrlə zəngin şəhərdir. Bununla belə, Mostara ayıracağınız vaxt 1 gündür. Yox əgər, burada gecələmək istəsəniz, qonşu Dubrovnikdən xeyli ucuz Mostarda otellər, evlər var. Kirayə evlər –Sobe olaraq göstərilir elanlarda. Biz 1 günlük gedib qayıtdığımız üçün otelə ehtiyac olmadı.

Mostarda mütləq görüməli olduğunuz yerlərin üzərindən qısaca keçim.

Mostarın əsas görüləcək yerləri Mostar körpüsünün ətrafında cəmləşib. Mostar körpüsü təkcə Mostarın deyil, Bosniyanın əsas simvollarından hesab olunur. 1566-ci ildə Memar Sinanın tələbəsi Memar Hayreddin tərəfindən tikilib. 5 əsr qorunan bu tarixi abidə 1993-cü ildə xorvatlar tərəfindən dağıdılıb. Bir neçə böyük maliyyə mənbəyinin və Türkiyənin xüsusi dəstəyi ilə 1997-2004-cü illərdə bərpa edilib, bir il sonra isə UNESCO nun qorunması altına alınıb.

Mostar  körpüsü bir vaxtlar evlənmək istəyən oğlanların cəsarətlərini nümayiş etdirdkləri yer olub. Gənclər evlənmək istədikləri qızı almaq üçün körpüdən atlamalı imişlər. Bunu gözə alanlar istədikləri qızla evlənə bilirmişlər. Qız almaq elə də asan iş deyilmiş ee. )))

Hal-hazırda da körpüdən atlayanlar var. Amma, məhəbbət üçün yox, pul üçün. 20-30€ müqabilində körpüdən tullanmağa hazır gənclərə rastlamaq olur Mostarda.  Kaş, bu ənənəni bu qədər ucuzlaşdırmazdılar.

Havanın yağışlı olmasına baxmayaraq, bir nəfər gözümüzün önündə atdı özünü Mostardan. Ürək vardı adamda. Risklidir.

Mostar körpüsünə açılan  gözəl mənzərə və fotoqrafların yaxşı kadr almaq üçün növbəyə dayandığı yer Koski Mehmet Paşaməscidinin həyətidir.  Koski Mehmet Paşa məscidi Mostarın iki böyük məscidindən biridir. Müharibədən böyük xəsarətlə çıxan məscid indi tam fəaliyyət göstərir.

Mostarın digər əsas və ən böyük  məscidi Karagöz Bey məscididir. Məscid Osmanlı İmperiyasının əsas memarlarından olan Memar Sinanın əsərlərindəndir. Mostarın ən qədim kitabxanası da  məhz bu məscidin həyətində yerləşən mədrəsədə yer alır. Müharibə vaxtı tamamilə yararsız hala düşmüş məscid sonradan bərpa olunub.

Mostarda başqa  görüləcək tarixi abidələr sırasına Tara qülləsi, Saat qülləsi və Katolik katedralını da əlavə edin. Qədim bazarı isə xüsusi vurğulamağa ehtiyac yoxdur, çünki içindən keçərək  körpüyə gedəcək və alış-veriş etmək üçün mütləq gəzəcəyiniz yerdir.

MOSTARDA BAZARLIQ

Mostarda bazarlıq deyəndə ağıla ilk olaraq Qədim bazar (Kjundzulik) gəlir. Misgərlik, taxtadan hazırlanmış hədiyyəliklər, toxunma və oyma əl işləri ilə zəngin bir bazardır bura. Qədim bazar bölgəsi bir-birindən fərqli suvenirlərlə boldur. Lavanta ətirli yastıqlar, mis qəhvə dəstləri, sinilər, maqnitləri alacaqlarınız siyahısına əlavə edin. Qiymətlərdə endirimlər də almaq olur. Ən ucuz maqniti ilk dəfə Mostardan aldım bircə avro. Sevincimin həddi-hüdudu yox idi.

Qədim bazarda insan özünü bir anlıq Türkiyədə hiss edir. Türk turistlərin axın etdiyi bir bölgədir Mostar. Türkcə danışanlar yerlilərdən çoxdur. Belə bir vəziyyətlə Skopyada qarşılaşmışdım.  Türkləri çox sevir bosniyalılar, türklər də onları.

MOSTAR NƏ YEMƏLİ

Mostarda nə yeməli sualının cavabı Mostarda çox şey dadmalı olacaq. Bosniya mətbəxinin əksər  yeməkləri bizə yad deyil. Bütün Balkan bölgəsində yemədən geri dönülməz dediyimiz çevapici. Qaymaqla birlikdə gətirilir masaya, dadı əladır. Digər bizim ağız dadımıza uyğun yemək Balkanların məşhur teletina və jagnjetinasıdırTeletina dana ətindən suda sümükləri əriyənə qədər bişən (bir növ bizim bozartma) dadlı yeməkdir. Jagnetinja isə quzu təndirdir. Yəni Bosniyada heç də öz yeməklərimiz üçün darıxmayacaqsınız. Bundan başqa bu bölgələrdə suho meso – qurudulmuş ətlər də sevilən başlanğıc məzədir. Ajvar (bibərdən hazırlanan məzə) bəzən yeməklərin yanında və ya tək verilir süfrəyə. Mostar körpüsünün hər iki sahilindəki restoranlarda əyləşib mənzərədən və yeməklərdən ləzzət ala-ala Bosniya mətbəxini mütləq dadın deyirəm. Qiymətlər isə çox baha deyil (2 nəfərlik  çox doyurucu menyu 20€, kiçik porsiya ilə də doymaq olardı)

Yağışlı, dumanlı bir gün olmağına baxmayaraq Bosniya mətbəxinin ləzzətlərindən dadmaq, Mostarı dolaşmaq, o qədim şəhər havasını içinə çəkmək insana başqa zövq verir. Əgər yolunuz Balkanlar düşsə, mütləq gözəl Mostarı da siyahınıza əlavə edin deyirəm və Mostarı geridə qoyub ona 20 dəqiqəlik məsafədə yerləşən Blagaya yollanırıq. Blaqayın möhtəşəmliyini isə bir sonrakı yazıda oxumağa gözləyirik sizləri.

 

Mənbə: gezdunyani.com

OXŞAR XƏBƏRLƏR