AZAL xaricə birbaşa reys açdı - BİLET 4700 MANAT

Xəbərlər 19 Iyun 2017 00:00 3080
AZAL xaricə birbaşa reys açdı - BİLET 4700 MANAT

"Azərbaycan Hava Yolları" (AZAL) oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə (Suvarnabhumi Beynəlxalq Hava Limanı) müntəzəm sərnişin reyslərini həyata keçirilməsinə başlayacaq. Qeyd edək ki, bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir.

 

Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və “VIP-klub” sinif salonlu rahat “Boeing-767” laynerləri ilə yerinə yetiriləcək. Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.

 

Banqkoka yeni reyslər "Azərbaycan Hava Yolları"nın digər reysləri ilə rahat calanacaq ki, bu da Britaniyanın nüfuzlu “Skytrax” agentliyinin qiymətləndirməsinə görə postsovet məkanında ən yaxşı hava limanı elan edilən Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə Avropa və MDB ölkələrindən transfer daşınmaları planlaşdırmağa imkanı verəcək.

 

Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Adı çəkilən reyslə uçuş qiymətləri bir nəfər üçün «ekonom» sinif uçuşlarda 1300 AZN, «biznes» sinif uçuşlarda isə 4737 manat təşkil edir. 

 

Banqkok regionunun əsas turizm mərkəzlərindən biridir. Hər il bu şəhəri dünyanın bir çox ölkələrindən, xüsusilə Qərbi Avropa və MDB ölkələrindən milyonlarla turist ziyarət edir. Banqkok ən tələbkar zövqləri belə təmin etməyə qadirdir: həm sirli Şərq mədəniyyəti ilə maraqlananları, həm də əyləncə həvəskarlarını. Şəhərdə müxtəlif səviyyəli çoxlu sayda otellər fəaliyyət göstərir, buna görə də burada əhalinin bütün təbəqələrindən olan turistlər istirahət edə bilər.

 

 

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR