Şəkidə istirahət - "Narın Qala" - QİYMƏTLƏR

Xəbərlər 22 May 2014 00:00 6523
Şəkidə istirahət - "Narın Qala" - QİYMƏTLƏR



Yolumuz Qafqaz dağlarının ətəyində yerləşən, Şəkidəki “Narın Qala” istirahət mərkəzinədir. Havada 34 dərəcə istilik var. Evdən çıxanda buna uyğun geyinmişik. Amma yüksəkliyə qalxdıqca dağ havasının sərinliyi bizi üşüdür.

 

"Mənə yorğan verin, üşüyürəm"

“Narın Qala” şam meşəsində, dəniz səviyyəsindən 1050 metr hündürlükdə olan ərazidə yerləşir. Ona görə də, artıq buraya istirahətə gələnlər bilirlər ki, isti paltar götürməlidirlər. Yox əgər, ilk dəfə gəlmisinizsə, sizi də bu qonağın aqibəti gözləyir: “Qonaqlarımızdan biri bura gəldiyi gün kottecdə kondisionerin olmadığını görüb çox pərt oldu. Gəlib dedi ki, otağıma kondisoner qoyun, bi istidə necə yatacam. Dedik, narahat olmayın, axşamadək kottecə kondisioner quraşdırılacaq. Bilirdik ki, gecələr hava sərin olduğuna görə, kondisionerə ehtiyac olmayacaq. Elə də oldu, gecə adam hövsənək gəldi ki, siz Allah mənə yatmağa bir yorğan verin, üşüyürəm”. Əhvalatı danışan mərkəzin işçiləri deyir ki, yayın ən qızmar vaxtlarında da bura gələnlər özləri ilə isti geyim gətirməlidirlər.    

 

2 nəfərlik kottecin günü 70 manatdır

“Narın Qala” istirahət mərkəzinin direktoru Mahir Lətifov bildirdi ki, mərkəzdə ev şəraitli 20 kottec var. Kotteclər 1, 2, 3 və 4 otaqlıdır. Hər bir kottecdə isti və soyuq suyu olan hamam, mətbəx, sanitariya qovşağı, soyuducu, peyk antenalı televizor, daxili telefon qovşağı, kotteclərin yanında avtomobil üçün yer, uşaqların əylənməsi üçün xüsusi köşklər var.


Qiymətlərə gəlincə, M.Lətifov qeyd etdi ki, 2 nəfərlik kotejlərdə bir günlük qiymət 70 manat, 3 nəfərlikdə 90 manat,  4 nəfərlik kotejlərdə isə 130 manatdır. Qiymətə səhər yeməyi də daxildir. 8 yaşına qədər uşaqların istirahət zonasında yaşamağı və səhər yeməyi pulsuzdur. 

 

"Burada hətta oxatan kirpi və cüyür də görmək olar"

Mərkəzdə olduğumuz vaxt uşaq əyləncə mərkəzində yeni karusellər quraşdırılırdı. M.Lətifovun sözlərinə görə, mərkəz daha çox ailəvi istirahətlər üçün nəzərdə tutulduğundan burada uşaqların əyləncəsi daha çox önəmlidir. Bu məqsədlə, geniş ərazidə uşaqlar üçün park və əyləncə imkanları yaradılıb. 


Dag qoynunda yerləşdiryindən istirahət mərkəzinin həyətində quşların səsini eşitmək, bəzi canlıları görmək mümkündür. Oturduğumuz katecin yanına iki qu quşu yaxınlaşır. M.Lətifov deyir ki, burada hətta oxatan kirpi və cüyür də görmək mümkündür: “Qonaqlarımızın bəziləri səhərlər kotecin yanında cüyür gördüklərini deyirlər. Onlar səhərə yaxın su içmək üçün aşağı düşürlər. Bu, xüsusilə şəhərdən gələn qonaqlar üçün maraqlı olur”.

Süni göldə balıq qonaqlığı

Bu yay mərkəzə gələnlər burada yaradılan böyük süni gölü də görə biləcəklər. Gölün üstündəki yaradılan kotteclərdə istirahət etmək və yemək sifariş vermək mümkündür. M.Lətifovun bildirib ki, yaxın günlərdə gölə “farel” balıqları buraxılacaq və müştərilərə təzə balıq yeməkləri təqdim ediləcək.

Sərfəli qiymətə Şəki pitisi

Yeməkdən söz düşmüşkən, “Narın Qala”nın direktorunun dediyinə görə, burada milli yeməklərimizin bütün növlərini sifariş vermək olar. Məhşur “Şəki pitisi” isə burada ən sərfəli qiymətə - 3,5 manata yemək mümkündür. Ümimiyyətlə, mərkəzdə 4 nəfərin normal günorta yeməyi 20 manata başa gəlir.


Çay dəsgahında isə Şəkiyə məxsus mürəbbələrdən dadmaq olar. Gül, qoz, gökə çiçəyinin mürəbbələri iə çayın ayrı ləzzəti var. 4 nəfərin mürəbbə ilə çay süfrəsi 5 manata başa gəlir. Bundan başqa “Narın Qala”da çay içənlər “Şəki halvası”, “bamiya”, “mindal” və digər Şəki şirniyyatlarından da sifariş verə bilərlər.   

 

Xan sarayı, Karvansaray, qədim alban məbədi

 

İstirahət mərkəzi qonaqlarına Şəkidə gəzinti xidmətləri də təklif edir. “Narın Qala”-nın əməkdaşları turistləri 1762-ci ildə tikilən, dünyada öz orijinallığı ilə yeganə olan Xan sarayı, böyük mütəfəkkir M.F.Axundovun ev-muzeyi və diyarşünaslıq muzeyi, Kiş kəndində olan qədim alban məbədi, XVIII əsrdə tikilmiş karvansara və başqa tarixi yerlərlə tanış edə bilərlər. 

 


OXŞAR XƏBƏRLƏR