Azərbaycan xanlarından bizə nə qaldı? – SARAYLARI TANIYAQ

Xəbərlər 4 Iyul 2017 22:01 3342
Azərbaycan xanlarından bizə nə qaldı? – SARAYLARI TANIYAQ

Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri kimi zəngin və qədim tarixə malikdir. Sözsüz ki, Azərbaycan ərazisində bir çox tarixi abidə var, lakin onların ən yaxşıları ya müharibələr, ya da təbii fəlakətlər zamanı məhv olublar.

Dəfələrlə diyarımıza gələn qonaqlara qədim tariximizdən bəhs etdikdən sonra eyni sualı eşitmişəm: bu qədər xanlıqlar, bu qədər sultanlıqlar olub, yəqin Azərbaycanda xan sarayların da sayı çox olar. Çox təəssüf ki, hər dəfə bu suala “yox” cavabı verməli oluram. Həmin məqamda qonaqlara Gəncədə qalanın işğalından sonra dağıldılmış Cavad xan sarayı, İrəvan xanlığına məxsus olan, ermənilərin yerlə-yeksan etdiyi Sərdar Sarayından (Şəki Xan Sarayına oxşayırdı), işğal olunmuş Şuşamızda yalnız xarabalıqları qalan Qarabağ xanlarının sarayından danışıram, onların fotolarını göstərməyə çalışıram. Ona görə tariximizdən bizə gəlib çatan xan saraylarımız haqda yazmaq qərarına gəldim.

Seyyah.az tarixi abidələr barədə toplanan faktları təqdim edir:

 

Şəki Xan Sarayı

İlk olaraq gözəlliyi ilə dünyanın ən bahalı sarayları ilə rəqabət apara biləcək orijinal sənət əsəri olan Şəki Xan Sarayından başlayaq. Görkəmli şair Nazim Hikmətin sözlərilə desək, "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi".

18-ci əsrdə tikilmiş Şəki xanlarının daha çox divanxana kimi istifadə etdiyi bu binanın kim tərəfindən tikdirilməsi haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələrə əsasən, saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn xanın dövründə tikilib. Bura yolu düşən hər bir şəxsi, ilk növbədə, heyrətə gətirən binanin fasadındakı Venesian şüşəsindən hazırlanan şəbəkə pəncərə və qapılardır.

Sarayın içində olarkən özünü sanki mücrünün içində təsəvvür edirsən. Binanın daxilində həndəsi və nəbati naxışlara, quş şəkillərinə, süjetli rəsmlərə, döyüş və ov səhnələrinə daha geniş yer verilib. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Otaqların divarları ilə yanaşı tavanı da incə naxışlar bəzəyir.

Şəki Xan Sarayı hazırda muzey kimi fəaliyyət göstərir.

 

Şəkixanovların Evi

Şəxi Xan Sarayı qədər əzamətli olmasa da, onun qədər diqqət çəkən daha bir saray - Şəkixanovların evidir. Abidə 18-ci əsrdə Şəkidə tikilib. Otaq eşiyi adlanan küçədə yerləşən bu saray daha çox xanın qış rezidensiyası kimi istifadə olunurdu.

Xan Sarayından fərqli olaraq bu evdə divar freskaları yalnız bir otaqda var. Lakin gözəlliyi ilə heç də digər tikililərdən geri qalmır. Daha bir fərqlilik ondadır ki, otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilib. Hazırda saray dövlət qoruqu statusu alıb.

 

Şirvanşahlar Sarayı

Azərbaycan sarayları arasında ən qədimi 1420-ci ildə I Xəlilullah padşahın sifarişi ilə tikilən Şirvanşahlar sarayıdır. Bu saray 30 il ərzində tikilib başa çatıb. Sarayın binası 1420-ci illərdə, ona bitişik olan divanxana 1450-ci illərdə, türbə 1435-ci ildə, məscid 1442-ci ildə, Seyid Yəhya Bakuvinin türbəsi 1450-ci illərdə, Şimal darvazası 1585-ci ildə tikilib. Şirvanşahlar Sarayı Şirvanşahlar dövlətinin hökmdarı I Xəlilullahın yay igamətgahı idi. 

Maraq çəkən faktdan biri də sarayın uzun illər ərzində bir çox hökmdarın məskəni olmasıdır. Məsələn, 1578-ci ildə türklər Bakını ələ keçirir. Hazırda saray ərazisində Osmanlılar imperiyası zamanından qalan Murad darvazası var. Darvaza Osmanlı sultanı III Muradın dövründə (1574-1595) tikilib. Ədəbiyyatda qeyd edilir ki, bu dövrdə sarayda türk paşaları yaşayırdı.

Xan sarayı hazırda muzey kimi fəaliyyət göstərir.

 

Naxçıvan Xan Sarayı 

Xan sarayı şərq memarlıq üslubunda inşa olunub. Sarayı 18-ci əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirib. 1820-ci ildən sonra Kəlbəli xanın oğlanları Ehsan xan və İsmayıl xan bu binada Naxçıvan xanlığını idarə ediblər.

Saray XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış yeri olub. Bişmiş kərpicdən tikilmiş bina ikimərtəbəlidir. Pəncərələrdə şəbəkə üslubundan istifadə olunub.  

Xan sarayının cənub zalı daha dəbdəbəlidir. Qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 sm hündürlükdə səhnə tipli taxt yaradılıb. Taxtlı guşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis şəkildə bəzədilib. Zalın digər divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənib. 

Xan sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərib. 2010-cu ildə isə burada "Xan Sarayı" Dövlət Tarixi-Memarlıq Muzeyi yaradılıb.

 

Lənkəran Xan Sarayı

Mir Əhməd xanın evi şəhərin ən gözəl memarlıq abidələrindən biridir. Saray  20-ci əsrin əvvəllərində tikilib. Milli memarlıq elementlərindən bacarıqla istifadə olunan binanın fasadları əlvan naxışlarla zəngindir. Evi Avropadan dəvət olunan fransız memarları tikiblər. Onlar sarayı elektrik üslubunda tikiblər.

Lənkərandakı Xan Sarayının tikilməsi maraqlı hadisə nəticəsində baş verib. Belə ki, Lənkəran xanlarının nəslindən olan Mir Əhməd xan bu tikilini 1913-cü ildə həyat yoldaşı Tuğra xanıma hədiyyə etmək üçün inşa etdirib. Tuğra xanım həmin vaxt Zaqafqaziyada qadınlar arasında keçirilən gözəllik yarışmasında iştirak edir və ən gözəl xanım seçilir. Mir Əhməd xan isə bu münasibətlə həyat yoldaşına belə bir saray tikdirərək hədiyyə edir.

Saray cəmi üç ay müddətində tikilib. Saray hazırda Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR