SOCAR xaricdə təhsil üçün təqaüd ayıracaq – MÜDDƏT UZADILDI

Təhsil və karyera 5 Iyul 2017 16:52 1278
SOCAR xaricdə təhsil üçün təqaüd ayıracaq – MÜDDƏT UZADILDI

SOCAR-ın xaricdə təhsil üzrə təqaüd proqramına sənəd qəbulunun müddəti iyulun 15-dək uzadılıb. Bu barədə seyyah.az şirkətin rəsmi səhifəsinə istinadən xəbər verir.
 
SOCAR-ın təqaüd proqramı neft sənayesinin tələbatına uyğun ixtisaslar üzrə kadrların hazırlanmasına xidmət edir. Təqaüdlər fərdi xarakter daşıyır. Bu təqaüd proqramı üzrə müsabiqədə ali təhsilli şəxslər (bakalavr və magistrlar) iştirak edə bilərlər. SOCAR-ın təqaüdünə layiq görülmək üçün başlıca şərt namizədin Azərbaycan dilini və təhsil alacağı universitetin tələb etdiyi dili mükəmməl bilməsi, eləcə də göstərilmiş digər tələblərə cavab verməsidir. SOCAR təqaüdü təhsil haqqı, vizaların alınması, tibbi sığorta, yaşayış, nəqliyyat xərcləri və s. daxil olmaqla bütün xərcləri əhatə edir. Proqram çərçivəsində tələbənin yalnız seçilmiş universitetlərdəki ixtisaslar üzrə təhsili maliyyələşdirilə bilər.
Proqrama qoşulmaq üçün tələb olunan sənədlərin siyahısı:

Şəxsiyyət vəsiqəsinin surəti;
Ali təhsil dövründə qiymətləri barədə rəsmi sənəd (transkript), əgər ən azı 1 semestr təhsil alıbsa; 
Müvafiq xarici dili bilmə səviyyəsini təsdiq edən sənəd (TOEFL, IELTS, GMAT, DSH, GRE, SAT, LSAT və sair imtahanlar);
Xarici universitetə qəbulu təsdiq edən rəsmi sənəd (elektron formatda);
Tərcümeyi-hal (.doc formatında);
Tibbi arayışlar (poliklinikadan 086№-li forma üzrə arayış və psixoloji durumunu göstərən arayış); (Bu arayış N.Nərimanov rayonu, Heydər Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR TOWER Təlim və inkişaf şöbəsinə təqdim olunmalıdır);
Girov qoyulacaq daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışın (kupçanın) və həmin əmlakın texniki pasportunun surəti (qeydiyyat tarixi 2006-cı ildən sonra olmalıdır);
Girov sahibinin şəxsiyyət vəsiqəsi;
Azərbaycan dilində 500 (± 50) sözdən ibarət motivasiya məktubu (.doc formatında, plagiat olmamalıdır) təqdim etməlidir; (Nəyə görə bu ixtisası seçmisiniz? İxtisasınız haqqında nə bilirsiniz? Nəyə görə xaricdə oxumaq istəyirsiniz? Təhsilinizi başa vurduqdan sonra əldə etdiyiniz bilikləri necə tətbiq edəcəksiniz?)
Qeyd edək ki, təqaüd proqramına müraciət edən SOCAR işçiləri əlavə olaraq şirkətdə ən azı 1 (bir) illik iş təcrübəsinə malik olmalı və birbaşa rəhbərindən müsbət xasiyyətnamə təqdim etməlidirlər. Sənədlər elektron müraciət formasina əlavə edilməlidir. Tibbi arayışların əsli  isə N.Nərimanov rayonu, Heydər Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR TOWER Təlim və inkişaf şöbəsinə təqdim olunmalıdır. 

Eləcə də bax: Azərbaycanda universitet təhsil haqqını - AŞAĞI SALDI 


SOCAR təqaüdü ilə təhsil ala biləcəyiniz universitetlərin siyahısı ilə buradan tanış ola bilərsiz.

OXŞAR XƏBƏRLƏR