Qubada kənd evləri – QİYMƏTLƏR

Xəbərlər 6 Iyul 2017 17:50 491
Qubada kənd evləri – QİYMƏTLƏR

İstidən can qurtarmağın bir yolu da kəndə getməkdir. Bu günlərdə kənd evləri yenidən aktuallaşıb.
Şəhər sakinlərinin istirahət üçün üz tutduğu bölgələr sırasında Quba liderliyini qoruyur. Burada icarəyə verilən kənd evlərinin sayı da çoxdur. Quba turizm informasiya mərkəzindən verilən məlumata görə,  evlərin qiymətləri şəraitindən və otaq sayından asılı olaraq dəyişir.


Qanqam kəndində yerləşən evləri kirayələmək istəyən turist evdə qaldığı hər günə görə adambaşına 50 manat ödəməlidir. Bu kənddə icarəyə verilən evlər, əsasən, iki mərtəbəlidir və qonaqlara qalmaq üçün yalnız birinci mərtəbə təklif olunur. Bu cür evlərin birinci mərtəbəsində 2 otaq və bir aynəbənd olur.

Həmçinin ən hündür kəndlərdən biri olan Xınalıqda da kənd evində qonaqlamaq olar. Burada evlərin qiyməti isə adambaşına 25-30 manat arasında dəyişir. Bu qiymətə həmçinin qonaqlara gün ərzində üç dəfə yemək də  verilir. Xınalıqda evlər bir mərtəbəlidir. Evlərin isə 2-3 otağı olur. Turistlər burada ev sahibi ilə birgə qalır. Lakin otaqlar üçün otaqlar ayrı olur.

Qubanın digər bir kəndi Alekseyevkada da kənd evlərini icarələmək olar. Burada kirayəlik evlər əsasən iki mərtəbəli olur. İcarəyə isə evin birinci mərtəbəsi verilir. Bu evlərdə qonaqlamaq isə adambaşına 15-20 manatdır.

Qəçrəşdə isə evlərin yalnız bir otağı qonaqlara təqdim edilir. Otaqların qiyməti isə adambaşına 30-50 manat arasında dəyişir. Bu cür evlərdə ev sahibi də olur.

Məlumat üçün bildirək ki, sadalanan kənd evlərində 10 yaşa qədər uşaqların qonaqlaması pulsuzdur. Bir qədər yuxarı yaş qrupunda olan uşaqların qonaqlama qiymətləri isə ev sahibi ilə danışıqdan asılı olur.

Qeyd edək ki, Qubada kənd evləri ilə yanaşı villalar da qonaqların ixtiyarına verilir. Villalarda qonaqlama qiymətləri bir gün üçün 50-250 manat arasında dəyişir.

Xatırladaq ki, Azərbaycanda turistlər üçün kirayə verilən kənd evləri barədə geniş məlumatı seyyah.az-ın «Kənd evləri» bölməsindən əldə etmək olar. Burada ölkənin demək olar ki, bütün bölgələrində kirayə verilən kənd evləri  barədə məlumatlar, qiymətləri, şərait və şəkilləri göstərilib. 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR