Bakıda “İsveçrə turizmi günü” - KEÇİRİLİB

Xəbərlər 7 Iyul 2017 01:15 113
Bakıda “İsveçrə turizmi günü” - KEÇİRİLİB

İyulun 4-də Bakıda “Four Seasons” otelində İsveçrə Turizm Ofisi və bu ölkənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “İsveçrə turizmi günü” mövzusunda seminar keçirilib. Tədbirin məqsədi Azərbaycan bazarında İsveçrə turizmi imkanlarının təqdimatı olub. İsveçrə Turizm Ofisinin rəhbəri Federiko Sommaruqa başda olmaqla, bu ölkənin müvafiq infrastruktur nümayəndələri Azərbaycanın aparıcı turizm şirkətlərinin menecerləri ilə görüşüblər. İsveçrə nümayəndə heyətinə otel biznesinin, tibb müəssisələrinin, qəbuledən turoperatorların, saat satışı butiklərinin və digər təşkilatların peşəkarları daxil idi.

Qeyd edək ki, bu, Bakıda məxsusi olaraq İsveçrə turizminə həsr edilən ilk B2B tədbiridir. Federiko Sommaruqanın sözlərinə görə, Azərbaycanın elit turizm bazarı İsveçrə üçün böyük maraq kəsb edir. O deyib: “İsveçrəyə gələn azərbaycanlı turistlərin sayı artır. Bir qayda olaraq, onlar qazancı orta səviyyədən yüksək olan, İsveçrə bazarı üçün xarakterik xidmətlərin eksklüzivliyini və keyfiyyətini qiymətləndirən insanlardır. İsveçrənin əla inkişaf etmiş turizm infrastrukturu, istirahətin müxtəlif istiqamətləri, şəhər və regionların təmizliyi və təhlükəsizliyi ən yüksək tələbi təmin etməyə qadirdir. Bundan başqa, azərbaycanlıların İsveçrə turizminə maraqları qarşılıqlıdır. Avropalılar, o cümlədən isveçrəlilər dünya turizm infrastrukturunun ayrılmaz hissəsinə çevrilmiş Azərbaycana daha çox turist kimi gəlirlər”.

Turistlər arasında İsveçrənin Cenevrə şəhəri daha çox məşhurdur. Şəhər şopinq və Alp dağlarına səyahəti bir araya gətirən zəngin mədəni proqram təklif edir. “Cenevrə Azərbaycandan gələn turistlərin xoşuna gəlir, onlar, bir qayda olaraq, ən yaxşı otellərdə qalır, nüfuzlu klinikaların, özəl məktəblərin xidmətlərindən istifadə edir, bahalı restoranlara gedirlər, - Cenevrə Turizmi Ofisinin nümayəndəsi Albina Rassamaxina deyir. – Qonaqları, həmçinin fəal istirahət imkanları – raftinq, paraqlaydinq, habelə “Patek Philippe” Saatlar Muzeyi, Müasir İncəsənət Muzeyi və digər eksklüziv muzeylər cəlb edir. Hər il Cenevrə festivalını təxminən 2 milyon adam ziyarət edir. Bu il festival avqustun 3-dən 13-dək keçiriləcək. Bu müddətdə Cenevrə gölünün sahili böyüklərə və uşaqlara çoxsaylı əyləncələr – attraksion-panoram, yarmarkalar, xudmani restoranlar, habelə möhtəşəm atəşfəşanlıq şousu təqdim edəcək. Yeri gəlmişkən, bu mövsümdə ilk dəfə olaraq atəşfəşanlıq şousuna yerləri bron etmək olar”.

İsveçrədə mühüm istirahət istiqaməti müalicə-sağlamlıq turizmidir. Bakıda keçirilən tədbirdə İsveçrənin aparıcı hospital və klinikalarının birliyi - “Swiss Health”in baş direktoru Andrey Relyiç iştirak edib. “Ən müasir infrastrukturla mükəmməl tibbi xidmət İsveçrə səhiyyə sistemini bütün dünyada məşhurlaşdırır. “Swiss Health”in təklif etdiyi hospital və klinikalar bütövlükdə xəstəliklərin tam spektrini əhatə edir. Onun məqsədi pasiyentlərə və onları konsultasiya edən həkimlərə ən münasib hospital, klinika və ya ambulator mərkəz təqdim etməkdir”, - deyə Andrey Relyiç bildirib.

“İsveçrə turizmi günü”nə gələnlər “Ultima Gstaad” otel və klinikasının yeni butikinin nümayəndəsi ilə də ünsiyyət qurublar. “Ultima”nın satış direktoru Eliy Papanın sözlərinə görə, klinika fərdi estetik təbabət üzrə ixtisaslaşır, beşulduzlu otel şəraitində üz və bədəni cavanlaşdıran nadir prosedurları həyata keçirir. Klinika plastik, estetik və detoks təbabət sahəsində məşhur isveçrəli mütəxəssis doktor Xavyer Tenorio tərəfindən yaradılıb.

İsveçrə zəngin saat sənəti ilə məşhurdur. Təəccüblü deyil ki, Bakıda keçirilən tədbirin qonaqları sırasında saat biznesinin nümayəndələri də olublar. İnterlaken kurort şəhərində yerləşən “Kirchhofer” ailə müəssisəsi İsveçrədə saat və zərgərlik məmulatları sahəsində liderlik edən mağazalardan biridir. Ölkənin 100-dən çox məşhur istehsalçısının məmulatlarını təqdim edən bu mağazada hər satıcıya müvafiq sertifikat verilir.

İsveçrənin digər mağazası olan “Les Ambassadeurs” özünün Cenevrə, Sürix, Sankt-Morits, Lyutsern və Luqanodakı butikləri vasitəsilə brend saatları və zərgərlik məmulatlarını satır. Saat sənətkarlığının xiridarları burada həm brendlərin geniş yayılmış məhsullarını, həm də nadir və ya məşhur istehsalçıların az sayda buraxdığı saatları tapa bilərlər.

Tədbirə yekun vuran Federiko Sommaruqa yeni marşrutu –uzunluğu 1600 kilometr olan, ölkənin ən gözəl yerlərindən keçən İsveçrə Qrand Turunu təqdim edib. Bu marşrutu həm elektromobildə, həm də qatarda həyata keçirmək olar. Ən yaxşısı isə 4 və ya 8 günlük “Swiss Travel Pass” ümumi biletini almaqdır. Səfər çərçivəsində turistlər əhalisi dörd dildə danışan regionlara gedə bilər, Alp dağlarının beş aşırımını keçə bilər, UNESCO-nun siyahısına düşən 12 obyekti, 2 qoruğu və 22 gölü görə bilərlər. Bu, İsveçrənin səyahət həvəskarlarına təklifinin yalnız kiçik bir hissəsidir.

OXŞAR XƏBƏRLƏR