“Bakıda müşahidə olunan küləkli hava şəraiti iyul ayının 8-i də davam edəcək”.
Seyyah.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, iyul ayının 8-də gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur: “İyul ayının 9-da paytaxtda əsən şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu günorta saatlarında 30-34 dərəcə arasında dəyişəcək”.
G.Məmmədovanın sözlərinə görə, bölgələrdə növbəti iki gün ərzində arabir yağış yağacağı gözlənilir: “Qərb küləyi əsəcək. Havanın temperaturu 31-36 dərəcə arasında dəyişəcək”.
Onun sözlərinə görə, hazırda ölkə ərazisində havanın temperaturu norma daxilindədir.
İyulun 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Bakıda gecə 21-23°, gündüz 29-31° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 % , gündüz 50-60% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə yaxın 2 gündə Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin yaratdığı nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-24° isti, gündüz 31-36°, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.