Azərbaycanda dəmiryolu ilə turist səfərləri başlayıb. «Azərbaycan Dəmir Yolları» QSC-nin dəstəyi və «Rail travel» şirkətinin təşkiltçılığı ilə Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində dəmir yolu turizminin inkişafına dəstək məqsədi ilə infotur təşkil olunub.
Səfərini təşkil etmək məqsədi ilə «Azərbaycan Dəmir Yolları» QSC tərəfinfən 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti vaqon ayrılıb.
«RailTravel» şirkətinin direktoru Oktay Aslanov seyyah.az-a bildirib ki, Azərbaycanda ilk dəfə reallaşdırılan qatar turizmi «Azərbaycan Dəmir Yolları» ilə «Rail Travel»in birgə layihəsidir: «Məqsədimiz dəmiryolu turizminin inkişafına dəstək olmaqdır. Heç kəsə sirr deyil ki, dəmiryolu həmişə ən təhlükəsiz nəqliyyat vasitəsi olub. Azərbaycanın əksər bölgələrinə dəmiryolu xəttinin olması imkan verir ki, turizm bu istiqamətdə də inkişaf etsin».
Layihə çərçivəsində Bakı-Astara, Bakı-Batumi, Bakı-Balakən istiqamətində turların təşkili nəzərdə tutulub. Səyahət üçün 12 gün əvvəldən olmaqla sifariş verilməlidir. Hər gedişdə 18 SV, 36 kupe, 54 yerlik plaskart vaqonlar qatar turizmi üçün xidmət göstərəcək.
Təhlükəsizdir, komfortludur, qənaətlidir
Oktay Aslanov deyir ki, əslində qatar turizmi hamı üçün, daha çox isə uşaqlar üçün nəzərdə tutulub: «Təhlükəsizdir, komfortludur, qənaətlidir. Ən əsası yol üçün sərf olunan vaxt itkisini minimuma endirir».
Ekspert seyyah.az-ın əməkdaşı ilə söhbətdə qatar turizminin perspektivinə arxayın olduöunu deyib: «Yaxın gələcəkdə Bakı-Qars dəmiryolunun işə düşməsi bu sahəni əlverişli edəcək. Ümumiyətlə, qatar turizmi dünyada çox geniş yayılıb. Xüsusən, Yaponiya, Almaniya, Avropa ölkələrində turizmin bu sektoru gəlirli və sərfəlidir. Xaricdə çoxları dəmiryolu ilə səyahət etməyə üstünlük verirlər». Azərbaycan da buna hazırlaşır, artıq yeni vaqonlar sifariş edilib: «Bu yaxınlarda Türkiyə istiqamətində də dəmiryolu xətti istifadəyə veeriləcək və bu layihədən gözləntimiz böyükdür. Ölkəmiz Yaponiya, Almaniya kimi böyük olmasa da, səyahət üçün görməli yerləri kifayət qədərdir».
Qatarla səyahətin qiyməti də çoxuna maraqlıdır - 1200-1400 manat arasında dəyişir. Bu qiymətə 36 nəfərlik qrupun gediş haqqı daxildir. Bundan başqa, 3 nəfərdən 6 nəfərə qədər olan xidməti vaqonlar da var ki, onların da qiyməti müxtəlifdir. Həmin vaqonlarda yataq otağı, duş kabinəsi, uşaqlar üçün ayrıca otaq, mətbəx və digər üstünlükləri var.
SV üçün 18 nəfərlik gediş haqqı 1100 manat, 5 nəfərlik xidməti vaqon isə 900 manatdır.
İlk səfəri təşkil etmək üçün isə «Azərbaycan Dəmir Yolları» QSC təmənnasız 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti vaqon ayırmışdı.
Hər şərait var, internet yoxdur
İnfoturda Göygöl qoruğuna, “Gəncə qapıları”na, Nizami Gəncəvinin məqbərəsinə, Butulka ev, Şah Abbas Məscidi, Çökək hamam, Cavad xan türbəsi, Xan bağı və Alman kilsəsinə ekskursiya təşkil olunub.
Göygöl turizm və istirahət kompleksinin rəhbəri İrşad Abbasov ərazinin digər turist obyektələrindən fərqini deyərək burada təbiətə müdaxilə olunmadığını deyib: «Hazırda ərazidə bir otel var – Murov otel. Gələcəkdə yenilərinin də tikiləcəyi gözlənilir. Oteldə hər bir şərait var, amma internet yoxdur. Bu onun üçündür ki, qonaqlar burada özlərini ancaq təbiətə həsr etsinlər».
Çoxları bura zəlzələnin yaratdığı Göygölü görmək həvəsi ilə üz tutsa da, qoruq ərazisində göllər çoxdur. Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamilgöl və sair.
Gəncədə ziyarət olunan yerlərdən biri də Nizami Gəncəvinin məqbərəsidir. Məqbərə şəhərin mərkəzindən təxminən 6 km aralıda yerləşir. Şairin qəbiri üzərində ilk türbə XIII-XIV əsrlərdə tikilib. 1947-ci ildə isə burada yeni məqbərə ucaldılıb. Hündürlüyü 20 metr olan məqbərə mərmərlə üzlənib. Son vaxtlar burada təmir-bərpa işləri görülüb.
«Xan bağı»
Ziyadxanlılar nəsli ilə bağlı olan tarixi «Xan bağı»ı bu gün gəncəlilər və Gəncəyə gələnlərin üz tutduğu məkanlardan biridir. Burada bağın salınması XVIII əsrdə başlanıb. Cavad xanın dönəmində abadlaşdırma, böyük yaşıllaşdırma işləri aparılıb. Bundan sonra onun şərəfinə buranı «Xan bağı» adlandırıblar. Rus işğalından sonra isə adı dəyişdirilərək Qubernator bağı olub. Sovet hakimiyyəti dövründə isə bu məkan uzun müddət Leninin adını daşıyıb. Müstəqillikdən sonra bağ yenidən Cavad xanın şərəfinə «Xan bağı» adlandırılıb.
«Xan bağı»ında ölkəmizdə olan nadir ağac növləri qorunur. Eldar şamı və küknarın üstünlük təşkil etdiyi bağa vaxtilə Qara dəniz sahillərindən çoxlu sayda dekorativ kol bitkiləri, ağaclar gətirilib.
Cümə məscidi
İnfotur zamanı Gəncənin digər dini abidəsi olan Cümə məscidi, tarixi memarlıq abidəsi sayılan «Çökək hamam»ı barədə məlumat verilib. Məscidin yaxınlığında yerləşən daha bir abidə Cavad xanın məqbərəsidir. Ümumiyyətlə, Gəncə şəhərinin bu hissəsi açıq havada muzeyi xatırladır.
«Butulka ev»
Gəncədə turistlər üçün maraqlı olan daha bir yer «şüşə ev» və yaxud «butulka ev»dir. İkimərtəbəli yaşayış evi butulkalardan inşa olunub. Bu tikilini şəhər sakinləri qonaqlara fəxrlə göstərərək haqqında məlumat verirlər. «Şüşə ev»i əmək və müharibə veteranı olan İbrahim Cəfərov tikib. Evin tikintisi 20 il çəkib və 1966-cı ildə yekunlaşıb. Burada 50 minə yaxın butulkadan, eləcə də çay daşlarından, balıqqulağından istifadə edilib. Hazırda evdə İbrahim Cəfərovun oğlunun ailəsi yaşayır.
Gəncə qapıları
Bu nadir sənət incisi 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılıb və hazırda bir tayı Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılır.
2000-ci ilə qədər qədim şəhər xarabalıqlarında aparılan arxeoloji qazıntılar zamanı Gəncə darvazalarının qalıqlarını tapılıb. Arxeoloji materiallar əsasında, qədim Gəncə qapıları 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən ilkin şəkildə bərpa edilib və şəhərin girişində qurulub.
Xüsusi olaraq seyyah.az üçün Naibə Qurbanova
Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı