Otellərin milli mətbəx düşmənçiliyi - ARAŞDIRMA

Xəbərlər 11 Iyul 2017 13:47 1396
Otellərin milli mətbəx düşmənçiliyi - ARAŞDIRMA

“Dolma bizimdir”, “Qutab milli yeməyimizdir”, “Lavaş bizə məxsusdur” deyib, milli mətbəximizi öz adına çıxanlarla illərdir mübarizə aparırıq. Başımız qarışıb düşmənə, milli mətbəxin daxildə necə unudulduğundan xəbərimiz yoxdur. Milli mətbəxin təbliğində əsas yer tutan otel və mehmanxanaların menyusu onu deməyə əsas verir. Paytaxtdakı məşhur otellərin əksəriyyətində isti yeməklərdən tutmuş, qəlyanaltıya, şirniyyat, desertə qədər bir çox təamlar dünya mətbəxindən olur.

Bu isə ölkəyə gələn qonaqlarda milli mətbəximizin kasad olması və ya heç olmaması təəssüratı yaradır. Bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da sosial şəbəkədə ölkədə fəaliyyət göstərən otellərin menyusu ilə bağlı narazılığını bildirmişdi. Ölkənin baş kulinarı iştirakçısı olduğu tədbirdə qarşılaşdığı mənzərə barədə məlumat vermişdi:

“Ölkəmiz üçün çox vacib və lazımlı bir beynəlxalq tədbirdə iştirak edirdim. Tədbirdə mili yeməklərimizin qorunmasından, patentləşməsindən, brendləşməsindən danışıb nahar üçün 18-ci mərtəbəyə qalxdıq. Naharda bir adda belə Azərbaycan xörəyi qoyulmamışdı. Heç Avropanın da yanından keçməmişdilər. Qonaqlar kinayə ilə "Bəs Azərbaycan xörəkləri?" – deyə üzümüzə baxdılar. Verilən yeməklərin keyfiyyətinin sıfırdan aşağı olması bir yana, biz milli mətbəximizi - dolmanı , lavaşı necə mühafizə edəcəyik? Yalnız bu oteldə deyil, aparıcı otellərin əksəriyyətində beynəlxalq tədbirlərdə qonaqlara Azərbaycan milli mətbəxindən yeməklər verilmir”.
T.Əmiraslanov deyir ki, əsas gətirilən heç bir arqumenti qəbul etmir: “Bütün arqumentləri, daha doğrusu bəhanələri bilirəm, amma heç birini qəbul etmirəm. Dolmanı, lavaşı, bozbaşı "təbliğ" edəndə erməni aparar da! Yeməyənin malını yeyərlər.Bu otelləri işlədənlər, orada işləyənlər Azərbaycana düşmənlik edirlər. Axı ölkə Dünya Turizm Təşkilatının tədqiqatlarına görə turistlərin yadında 82 faiz yalnız milli mətbəxinə görə qalır. İndi bu gələnlərin yadında nə qaldı? Ölkəmiz milli mətbəxin qorunması, təbliğı üçün əlindən gələni edir. Otellər və telekanallar isə edilənləri var gücləri ilə sıfırlayırlar. Niyə?!” Baş kulinarın sualına cavab tapmaq üçün Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimova müraciət etdik. Müsahibimiz isə bu məsələdə fəaliyyət göstərməli tərəfin elə Milli Kulinariya Mərkəzi olmalı olduğunu deyir: “Biz xaricdə milli mətbəximizi Tahir Əmiraslanovun timsalında təbliğ edirik, amma Tahir müəllim daxildə məsələ qaldırmır ki, otellərin milli mətbəximizə olan münasibəti niyə bu gündədir? Yəni sözdə deyil, rəsmi şəkildə müraciət etməlidir. Milli mətbəx mədəniyyətimizin bir qoludur. Turizmin inkişafında təbliği vacib olan əsas nüanslardan biridir. Hansı ki, mətbəx də ölkəmizin tanınmasında ön planda durmalıdır. Amma real mənzərə ürəkaçan deyil”.
M.Ağakərimov deyir ki, kiçik kafe və restoranlarda milli yeməklər verilsə də, 4-5 ulduzlu otellərdə milli mətbəximiz nəinki təbliğ olunmur, hətta bir nümunəyə belə rast gəlinmir: “Ümumiyyətlə, ölkəmiz Qafqaz regionunda özünü bir nümunə kimi göstərir. Azərbaycan bütün Qafqazda hər sahədə birinci yerdədir: iqtisadiyyatda, mədəniyyətdə və s. amma bəzən biz onu təqdim edə bilmirik. Çalışmalıyıq ki, gələn turistlərə ölkəmizi yüksək səviyyədə təqdim edək. Otellərdə milli şərablarımız, çay süfrəmiz, milli şirniyyatlarımız təbliğ olunsun. İnanın ki, təkcə mətbəxə görə bura gəlmək istəyən turist bir daha gələcək. Söhbət, təbii ki, təqdimatdan gedir. Yəni, xidmət səviyyəsi otel biznesində idarəçiliyin zəifliyindən doğan amildir. Bunun üçün işə milli mütəxəssislərimizi cəlb etmək lazımdır.
Məsələn, milli yeməklər təklif olunmalıdır. Bu, o demək deyil ki, sən turistlərə kabab bişirib verməlisən. Milli mətbəxi gərək milli tərzdə təqdim edəsən. Çay dəstgahı, milli şirniyyatı ilə. Mətbəx mədəniyyətin bir qoludur. Turist milli musiqimizin sədaları altında dincəlməlidir. Yoxsa girirsən “5 ulduz”lu otelə, orada klassik musiqi fon olaraq səslənir. Klassik musiqi gözəl bir şeydir. Amma biz çalışmalıyıq ki, Azərbaycanın klassik musiqisi səslənsin - Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Üzeyir Hacıbəyovun əsərləri. O cümlədən milli mətbəximiz təbliğ olunsun tədbirlərdə, görüşlərdə. İnanın ki, əcnəbilərin tarixi abidələr qədər maraqlandığı ikinci bir məslə də milli mətbəxdir”.
Ekspert milli yeməklərin ərzaqlarına görə və hazırlanmasına görə Avropa yeməklərindən daha sərfəli olduğunu deyir: “Əgər milli yeməklərin baha başa gəldiyini deyərlərsə, bu da bəhanədir. Çünki milli yeməklər adətən yerli ərzaqlardan hazırlandığı üçün ucuz başa gəlir. Otellərin milli mətbəxə qısqanclığının əsas səbəbi baş menecerlərin əcnəbi olmasıdır və onlar yerli kadrları yetişdirməkdə maraqlı deyillər. Onlar təbii olaraq öz mətbəxlərinin peşəkarıdır, milli mətbəxi öyrənməkdə və təbliğ etməkdə maraqlı deyillər. Bu illər ərzində isə kadr yetişdirilməyib ki, onları əvəz edən olsun. Baxmayaraq ki, kadr hazırlığı ilə məşğul tədris müəssisələri yetəri qədərdir”.

Otellər isə deyilən iradlarla razılaşmırlar. Əlaqə saxladığımız bir neçə oteldən öyrəndiyimiz fikirdən belə qənaətə gəldik ki, onlar sadəcə sifarişi yerinə yetirirlər. Yəni otellərdə xarici ölklərin mətbəx menyusunun tətbiqi sırf sifarişə görədir. Bununla belə, iddia edirlər ki, milli yeməklər də hazırlanır. 
“Park İnn” otelindən bildirdilər ki, onlara daha çox Avropa mətbəxindən sifarişlər olduğu üçün menyu siyasətini ona uyğun qurmağa məcburdular.
“Hilton Baku” otelindən isə digər mətbəx nümunələri ilə yanaşı, milli mətbəx nümunələrinin də təqdim olunduğunu dedilər və menyuda badımcan dolmasının aktual olduğunu vurğuladılar.

Mənbə: Hafta

OXŞAR XƏBƏRLƏR