Bu yerlərdə çimsəniz bata bilərsiz - TƏHLÜKƏLİ ÇİMƏRLİKLƏR - SİYAHI

Xəbərlər 12 Iyul 2017 10:15 1422
Bu yerlərdə çimsəniz bata bilərsiz - TƏHLÜKƏLİ ÇİMƏRLİKLƏR - SİYAHI

Çimərlik mövsümü başlayandan xeyli sayda suda boğulma hadisəsi qeydə alınıb. İndiyədək baş verən hadisələr də, sərinləşmək üçün dənizin dərinliklərinə baş vuranların bəzilərinin həyatının faciəvi sonluqla bitdiyini təsdiqləyir. Dənizdə batanları xilas etmək üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən tədbirlər görülsə də, çimərlik mövsümü insan itkisiz ötüşmür.  

Seyyah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə müdiri Elsəvər Həsənov  çimərliklərdə boğulma hallarına əsasən dənizə üz tutanların üzə bilməməsinin səbəb olduğunu söyləyir. 

Həmsöhbətimiz deyir ki, qurumun tabeliyində mühafizə olunan 41 çimərlik var. E. Həsənov onların arasında dövlət çimərlikləri ilə yanaşı, özəl çimərliklərin də olduğunu söyləyir. Şöbə  müdiri bildirir ki, Zuğulba, Mərdəkan, Bigəh, Pirşağı kimi çimərliklərdə hər gün kimlərsə xilas еdilir: “Xüsusilə küləkli havada boğulmaqdan xilas edilənlərin sayı daha çox olur. Sözügedən çiməkliklərdə boğulma təhlükəsi ilə üzləşənlərin sayının çox olmasının səbəbi isə bu çimərliklərə insan axının çox olması ilə bağlıdır. Bu mövsüm Xidmətin nəzarətində olan, xilasetmə avadanlıqları ilə təhciz olunmuş çimərliklərdə 39 nəfər xilas olub. Onlardan 31-i dənizdə, 7-i su anbarında, 1-i isə çayda batarkən xilas edilib. Xilasedilənlər arasında 4 nəfəri qeyri-çimərlik ərazilərdə çimənlərdir”.


E. Həsənov deyir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində Minqaya və Mayak sahillərində bu kimi hallara çox rast gəlinir: “Qeyri-çimərlik ərazilərində sualtı axın, küləkli hava şəraitidə suyun axınında dəyişikliklərin olması boğulma təhlükəsi yaradır. Həmin ərazilər qeyri-çimərlik ərazisi olduğundan, o yerlərdə boğulma təhlükəsi ilə üzləşənlərin də xilas edilməsi çətin olur. Bəzən vətəndaşlar yeri düzgün istiqamət vermədiklərindən gecikmə halları olur. Bu barədə məlumat daxil olan kimi hadisə yerinə bizim xidmətin ən yaxın məntəqəsindən xilasetmə üçün əməkdaşlarımız göndərilir. Amma qeyd edim ki, boğulan insanın hansı səmtdə batması, hansı çimərliyə yaxın olduğu barədə məlumatlarda yanlışlıq olur. Bu səhv məlumatlar da xilasetməni ləngidir”. Həmsöhbətimiz qeyri-çimərlik ərazilərində qayalıqların da xilasetməyə mane olduğunu söyləyir.


Özəl çimərliklərə pulumuzu verməmiş yaxın düşə bilməsək də, sən demə özəl çimərliklərin də heç də hamısı xilasedicilərlə təmin edilməyib. E. Həsənov deyir ki, bütün özəl çimərliklər heç də xilasedicilərlə təmin olunmayıb: “Gələcəkdə pullu istirahət mərkəzində də xilasedicilərin olması məsələsi gündəmdədir. Hansı özəl çimərliklər ki, bizim fəaliyyət göstərdiyimiz ərazilərə düşürsə, orada bizim  xilasetmə məntəqələrimiz varsa, biz orada xilasetmə tədbirlərini həyata keçiririk. Ərazimizə düşən özəl çimərliklər cavabdehlik zonasına aid olduğundan biz orada xilasetmə aparırıq. Qeyd edim ki, özəl çimərliklər də maraqlıdırlar ki, bizim xilasetmə məntəqələrinə yaxın ərazilərdə fəaliyyət göstərsinlər. Onlar bu halda arxayın fəaliyyət göstərirlər, belə deyək ki, rahat pul qazanırlar. Yaxın gələcəkdə isə  qanunvericilikdə aparılan dəyişikliklər onları məcbur edəcək ki, özlərinə xilasedici götürsünlər, müşahidə qülləsi qoysunlar, xəbərdaredici, marifləndirici nişanlar qoysunlar. Əks halda buna görə cərimələr, hətta özəl çimərliklərin fəaliyyətinin məhdudlaşdırılması belə nəzərdə tutulub”.


Xidmətin şöbə müdiri çimərliklərdə dincələn insanları narahat edən digər məsələyə, skuterlərdən istifadəyə də aydınlıq gətirib. Onun sözlərinə görə, skuterlərdən dənizdə istifadə zamanı onların  xüsusi çıxış zolaqları olmaldır: “Skuterlər həmin zolaqla dənizə çıxıb, o zolaqla da geri qayıtmalıdırlar. Həmçinin skuterlərdən istifadədən öncə Xidmətdə texniki baxışdan keçirilməlidir. Xidmətdə yoxlamadan keçənlərə texniki talon verilir.  Bort nömrələri olmayan, texniki baxışdan keçməyən, sürücülük vəsiqəsi olmayanların skuter istifadəsi qanunsuz olduğundan, belə hallar aşkarlananda onlar cərimələnir”.


E. Həsənov deyir ki, bu gün çimərliklərdə skuterlərdən istifadə ilə bağlı ən böyük qayda pozuntusundan biri də xilasedici jiletlərdən istifadə edilməməsidir. Skuterlə təhlükəli manevr edənlər skuter çevrildikdə özləri də dənizə düşürlər. Əyinlərində xilasedici jilet olmadığından həyatlarını itirmək təhlükəsi ilə üzləşirlər. Həmsöhbətimiz skuterlərin idarə edilməsi ilə bağlı daha bir narahatedici faktın isə, skuterin işə salma açarının xilasedici jiletə bərkidilməməsi ilə bağlı olduğunu deyir. E. Həsənov bildirir ki, qaydaya görə, skuterin işə salma açarı xilasedici jiletə bərkidilməlidir: "Bu imkan verir ki, skuteri idarə edən suya yıxılsa belə, su nəqliyyat vasitəsinin hərəkəti dayansın. Əks halda skuter idarəetmədən çıxaraq yanacağı qurtaranadək suda dövrə vurur. Bu zaman onun çimərlikdə kimisə zədələməsi qaçılmazdır". 


Onun sözlərinə görə,  "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında əsasnamənin təsdiq edilməsi barədə" Nазирляр Kабинетинин qərarı var: "Orada qeyd olunub ki, avarlı və motorlu qayıq, kater, yelkənli kiçik gəmilərin istirahət edənlərin istifadəsinə verilməsi qaranlıq düşəndən bir saat qabaq dayandırılmalı, suda üzən qayıq və gəmilər sahilə qaytarılmalıdır. Qayıqların yeddi yaşı tamam olmamış uşaqlara, valideynlərin müşayiət etmədiyi 16 yaşına çatmamış yeniyetmələrə, sərxoş halda olan şəxslərə, dalğalanmanın 3 baldan, küləyin gücünün 5 baldan artıq olduğu hallarda kirayəyə verilməsi qadağandır. Çox təəssüf ki, bunlara əksər hallarda əməl olunmur. Gecə saatlarında da skuterlər icarəyə verilir. Sürət həddi adrenalin yaşamaq üçün dəfələrlə artırılır. Bu isə, qəzaların baş verməsini, insan tələfatı ilə nəticələnməsini qaçılmaz edir".


E. Həsənov xilasetmə tədbirlərinin müasir tələblərə cavab verməsi üçün Xidmətin yeni avadanlıqlar, su altı kameralar aldığını, bu avadanlıqlar vasitəsilə dalğıcın daxil ola bilmədiyi yerlərdə canlının olub-olmamasını müəyyən etməyin mümkün olduğunu söyləyir. Onun sözlərinə görə, Xidmət tərəfindən hər il yeni xilasetmə avadanlıqları, ləvazimatları alınır. 

Mənbə: movqe.az 

OXŞAR XƏBƏRLƏR