“Şahdağ” İstirahət Mərkəzi müştəriləri üçün yeni kampaniya başladıb. Adrenalin həvəskarları Şahdağ dağından iki müxtəlif hündürlükdən paraplanla tullanmaq şansı qazana bilərlər.
Mərkəzdən seyyah.az-a verilən məlumata görə, zirvələrdən birinin hündürlüyü 1 650 metr, digərinin hündürlüyü isə 2 250 metrdir. 1 650 metr hündürlükdən tullananlar 5-10 dəqiqə uçuş etməklə hündürlük qorxularını dəf edə biləcəklər. 2 250 metr hündürlükdən tullananlar isə 15-20 dəqiqə göydə qalmaq şansı qazanmış olacaqlar.
Qiymətlərə gəlincə, 1 650 metr hündürlükdən tullanmanın 100 manat, 2 250 metrdən tullanmanın isə 150 manat olduğu bildirilib. Göstərilən qiymətlərə start nöqtəsinə qalxmaq daxildir.
Lakin heç də hər kəs paraplanla tullana bilməz. Belə ki, 2 250 metrdən tullanmaq istəyən şəxsin yaşı 16-dan az olmamalıdır. 1 650 metrdən tullanan şəxsin isə yaşı 10-dan az olmamalıdır. Çəkilərə gəlincə, iştirakçıların çəkisi 40-120 kiloqram olmalıdır.