Latviyanın baş naziri Maris Kuçinskis prezident İlham Əliyevlə görüşdə bildirib ki, hər iki ölkə nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək üçün imkanlara malikdir. Bu barədə BNS agentliyi məlumat verir.
İyulun 18-də prezident İ.Əliyevin Latviyaya rəsmi səfəri başa çatıb.
"Riqada baş tutan danışıqlar zamanı tərəflər sərnişin və yükdaşımalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini müzakirə ediblər. M.Kuçinskis qeyd edib ki, Latviyanın "airBaltic" aviaşirkəti il boyu Riqa-Bakı marşrutu üzrə reyslər yerinə yetirməkdə, eləcə də "Azerbaijan Airlines" aviaşirkəti ilə əməkdaşlığın bundan sonra da inkişafında maraqlıdır”, - deyə agentliyin məlumatında bildirilir.
İ.Əliyevə "Rail Baltica" dəmir yolu magistralı layihəsinin həyata keçirilməsi planları barədə məlumat verən baş nazir qeyd edib ki, layihə çərçivəsində logistika mərkəzi yaradılacaq və yeni imkanlardan tam şəkildə yararlanmaq üçün ölkələr, o cümlədən Azərbaycanla intensiv əməkdaşlığı inkişaf etdirmək lazımdır.
Bundan əlavə, M.Kuçinskis prezident İ.Əliyevin səfəri zamanı “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanmasından məmnunluq ifadə edib. Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək.
© İnterfaks-Azərbaycan