2015-ci ildə bir illik aktiv şengen vizam var idi və ona görə yay tətilinə bürokratik məsələrlə əziyyət çəkmədən gedəcəyim yer axtarışındaydım. Aydın məsələdir ki, vizam yalnız Avropa ölkələri üçün keçərli olduğundan onların arasında seçim etməli idim. Seçim edəndə dənizi, günəşi, mehriban adamlar faktorundan əlavə həm də getmədiyim yer olması da kriteriyalardan biri idi. Nə isə, qlobusumu qoydum qabağıma, Yunanıstan, İtaliya, Fransa, Monakonu süzgəçdən keçirdikdən sonra qaldı Malta. Malta – indi də yazanda üzüm gülür.

Rəna Osman
Sey-yah.com blogger Rəna Osmanın Malta qeydlərini təqdim edir:
Maltaya getmək üçün mütləq viza lazımdır ki, onu da İtaliya səfirliyindən almaq olur. Viza almaq üçün tələb olunan sənədlər standart şengen vizasında olduğu kimidir. Otel və aviabilet üçün də mən həmişə olduğu kimi onlayn saytlardan istifadə etmişdim. Ancaq yadımdadır ki, Bakıdan uçuş üç dəfə baha başa gəldiyi üçün Tbilisiyə gedib, ordan Türk Hava Yolları ilə İstanbuldan tranzitlə Maltaya çatmışdım. İndiki qiymətlərdən xəbərim yoxdur, amma yenə elə böyük fərq varsa, Tbilisi-Bakı-Malta marşurtu məsləhətdir. Yolun çox yorucu olmaması üçün əlavə bir gün Tbilisidə də qalıb dincəlmək olar.

Otel seçiminə gəldikdə Maltanın hər şəhərində yüzlərlə müxtəlif çeşidli otellər var. Mən bu dəfə dəyişiklik olsun deyə otel yox, ev kirayələməyə üstünlük vermişdim onda. Şəhərin düz mərkəzində, çimərliyə beş dəqiqəlik yolda iki otaqlı iri mənzilə bir həftəyə görə 800 avro ödəmişdim və çox razı qalmışdım.
İndi isə keçək əsərin əsas qəhrəmanına – ölkə və səfər haqqında yadımda qalanlara. İstənilən ölkə haqqında ilk fikir hava limanında, hətta daha dəqiq desək təyyarənin pəncərəsindən görünən mənzərədən formalaşır. Mən bu mənzərəni görər-görməz təyyarənin tez enməsi üçün səbirsizlənməyə başlamışdım.

Birincisi onu deyim ki, Maltada demək olar hamı Azərbaycanı tanıyır, izləyir və başa düşdüyüm qədər çox müsbət fikirdədirlər. Məni gözləyən sürücü haradan olduğumu bilən kimi, başladı yenicə keçirilmiş Avropa oyunlarından, salyutdan, olimpiya stadionundan danışmağa. Ən azından birinci dəfə idi ki, Avropada oriyentr üçün Türkiyə və Rusiyanın adını çəkmədən öz ölkəm haqqında danışırdım.

Aralıq dənizi sahili boyu ölkələrin çoxunda olmuşam, aralarında mənə ən məsum gələni Malta oldu. Malta o qədər balacadır ki, bir şəhərindən digərinə piyada getmək olur. Slimada qalıb piyada sent-Culiana gedirsən, ordan balaca yaxtaya minib 10 dəqiqəyə Valettaya çatırsan, ordan da avtobusa minib 15 dəqiqəyə Qzirada olursan. Maraqlısı odur ki, şəhərlər arasındakı qısa məsafələrə baxmayaraq hər şəhər bir-birindən fərqlənir, hərəsinin spesifik aurası var. Məsələn, gecə həyatının “vətəni” Sent-Culiandır, şopoqoliklərin cənnəti Slima, tarixsevərlərin vətəni Valettadır. Tənbəl istirahət həvəskarları, yəni yeyib-içib günəşin altında yatmaq istəyənlər üçün isə bütün sahilyanı şəhərlər və qəsəbələr açıqdır. Şəhərlərdən başqa yaxta turları ilə müxtəlif adalara getmək olar. Belə yaxta turları Türkiyədə olduğu kimi addımbaşı təklif olunur və seçimlər sonsuzdur.


Qiymətlərə gəldikdə orta statistik Avropa ölkəsində olduğu kimidir, yəni restoran, market, nəqliyyat və əyləncəyə müflis olmadan rahat pul xərcləyə bilərsiniz. Məsələn, normal sahilyanı restoranda bir axşam yeməyi 30-35 avro, taksi 5-8 avro arası, marketdə içməli su 1-1,5 avro filan təşkil edir. Əlbəttə avronun manata olan nisbətini nəzərə alsaq, bizim üçün biraz (xeyli) baha görünə bilər. Ancaq nə etməli? Gəzmək istəyənin əli cibində olsun gərək.

Maltada rəsmi dil malta dili sayılır, hansı ki ərəb dilinə çox oxşayır, hətta bəzi sözləri türk sözlərinə də bənzətmişdim. Lakin əhalinin əksəriyyəti ingiliscə danışır və başa düşür. Ümumiyyətlə adamları bütün aralıq dənizi insanları kimi mehriban, güləriz, istiqanlıdırlar. Və ya mənim bəxtim gətirir ki, hara getsəm xoş münasibətlə qarşılaşıram.

Maltada yediklərimdən başlamazdan əvvəl onu deyim ki, ilk baxışda Malta mətbəxi ilə İtalyan mətbəxi yeməklərin çeşidlərinə, adlarına və hətta göürünüşünə görə bir-birinə bənzəsə də, dadları çox fərqlənir. Hansı daha dadlıdır sualına təssüf ki, cavab verə bilməyəcəm, çünki mənim üçün dadlı olmayan yemək yoxdur. Ümumiyyətlə isə Malta mətbəxi dovşan ətindən hazırlanan xörəkləri, müxtəlif içlikli piroqları, pörtlədilmiş ət və tərəvəzlərdən hazırlanan yeməkləri ilə məşhurdur.
Xatırladığım hər şeyi bölüşməyə çalışdım bu postda. Malta özü balaca ölkə olsa da, onun haqqında danışılası çox şey var. Lakin həmişə olduğu kimi verə biləcəyim ən yaxşı məsləhət min eşitməkdənsə, bir görün olacaq. Gəzin!


Blogger Rəna Osmanın reportajlarını http://renaosman.com saytından və https://www.instagram.com/renaosman dan izləyə bilərsiniz.