Səyahətçilərin sevdiyi ən gözəl 10 Avropa şəhərini - TANIYAQMI?

Xəbərlər 19 Iyul 2017 00:59 2124
Səyahətçilərin sevdiyi ən gözəl 10 Avropa şəhərini - TANIYAQMI?

Əksəriyyətimizin Avropada mütləq görmək istədiyi hansısa şəhər var. Avropanı gəzmək fikrindəsənsə, səyahətçi bloggerlərin, səyahət yazarlarının və xarici tur agentliklərinin yazdıqlarına, keçirdikləri sorğuların nəticələrinə əsaslanaraq sənin üçün Avropanın ən görməli 10 şəhərinin adlarını yazacağam.

Qısaca deyim ki, mənim də öz şəhərim var. 7-ci sinifdə oxuyanda ədəbiyyat müəllimimiz sinifdə sorğu keçirmişdi. Ən çox görmək istədiyiniz şəhər hansıdır? – deyə. Mən Paris demişdim. Əslində, dəli kimi arzuladığım bir şəhər də deyildi. Ancaq söz ağızdan çıxmışdı bir kərə. Sonradan gedib gördüm də. Sıralama şərtidir.

  1. Paris  

Uşaqlığımın şəhərini gözlədiyim kimi görməyəcəyimdən çox qorxurdum. Sağ olsun, məyus eləmədi məni. Eyfel qülləsindən Parisi seyr etmək, Noterdam kilsəsinin önündə vaxtilə orda çəkilmiş filmləri gözünün önündə canlandırmaq, dilək körpüsü – bunlar hamısı heyrətamizdir. Joe Dassin Champs Elysees mahnısının sədaları altında “Hop-On Hop-Off”-da Parisi gəzməyin ayrı ləzzəti var.

 

  1. Venesiya 

Demək olar ki, bütün səyahətçilərin, bloggerlərin sevimli şəhəridir. Gözəllər-gözəli Venesiya Avropanın ən görməli şəhərləri içindədir. Su kanalları ilə əhatələnmiş şəhər  bir-birindən kanallarla ayrılmış, körpülərlə birləşən 118 adanın üzərində qurulub. Şəhərdə 170 kanal var və bu kanalların üstündə 400 körpü salınıb. Venesiyada özünü nağıllar aləmində hiss edəcəksən.

 

  1. Praqa 

Səyahət sevənsənsə, mütləq Çexiyanın paytaxtı Praqanı da görməlisən. Çoxları bu şəhəri canlı muzey adlandırır. Bir qəpik xərclətmədən tamaşaçıya çevirir səni. Bir də ayılırsan ki, saatlar keçib, istədiyin qədər deyib-gülüb əylənmisən. Üstəlik, təsəvvür etməyəcəyin qədər sənət əsərləri ilə tanış olmusan. Ancaq nə biletə pul vermisən, nə də muzeyə. Burada muzeyə pul xərcləmək artıq xərcdir. Küçələri, körpüləri, meydanları, binaları elə canlı muzeydir də.

 

  1. Amsterdam 

Üçbucaq damlı, qırmızı kərpicli evlər, ağ pəncərələr, evlərin arası ilə gedən tramvay yolları, yol kənarlarındakı kanallar, körpüləri gördünsə, Amsterdamdasan. Adına azadlığın şəhəri də deyirlər. Dünyanın ən çox turist cəlb edən şəhərlərindəndir. Başdan-ayağa yaşıllıqdır. Kanallarla əhatələnib. Elə kanallar şəhəri də deyirlər arada. 1500-dən çox körpüsü var. Bəzi səyyahların qeydlərində ikinci Venesiya kimi keçir adı…

 

  1. Edinburq 

Şotlandiyanın paytaxtı Edinburq da əksər səyyahların top 10 listinə düşüb. Soyuq havası və film festivalları ilə diqqət çəkir. Şəhərə Şimalın Afinası da deyirlər.

 

  1. İstanbul 

Orhan Veli Kanık dediyi kimi, gözlərini qapa və dinlə gözəl İstanbulu… Türk sənət musiqisinin sədaları altında müdhiş bir boğaz turuna çıx… Nağılsayağı ruhundan zövq alınası, duyarlılığına vurulası şəhərdir… İndiyə kimi ona kitablarda, filmlərdə, şeirlərdə, mahnılarda, başqalarının gözlərində aşiq olmuşdum. Görəndə yanılmadığımı gördüm…

 

  1. Barselona 

İspaniyanın ən gözəl şəhərlərindəndir. Daha çox tarixiliyi ilə turistlərin diqqətini çəkir. Sagrada Familia kilsəsi, La Rambla küçəsi, Güell parkı, Picasso muzeyi və s. görməli yerləridir. Dünyanın ən işlək limanlarından biri Barselonadadır. Limana gedən yollardan birində məşhur səyyah Kristofer Kolumbun heykəli də var.

 

  1. London 

Dünyanın ən möhtəşəm şəhərlərindən biridir. Şəhərdə təkcə 5 hava limanı var Parlament binası, Buckingham sarayı, Big Ben və Londonun gözü adlanan fırlanan çarx məşhur turistlik məkanlarıdır. Təpədən-dırnağa yaşıllıqlara bürünmüş Londonu Temza çayı iki yerə bölür. Dünyanın ən qədim metrosuna və çoxlu sayda muzeyə ev sahibliyi edir.

 

  1. Roma 

Roma şəhəri əksər səyyahların gözəl şəhərlər siyahısında ilk üçlükdədir. İstanbul kimi 7 təpə üstündə qurulub. Papanın yaşadığı Vatikan dövləti Romanın içindədir. Kolizey, Amfiteatr, Vatikan muzeyi və s. görməli yerləridir.

 

  1. Kopenhagen 

Skandinaviya gözəli, liman şəhəridir. Adalar üzərində qurulmuş rəngli şəhərdir. Rəngli evlər, evlərin qarşısında köhnə taxta qayıqlar şəhərə xüsusi gözəllik verir…

Mənbə: seyahetchi.com

OXŞAR XƏBƏRLƏR