British Council Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, turizm sənayesi müəssisələri və Birləşmiş Krallığın “People 1st” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində keçirdiyi “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və İş üzrə təcrübə proqramı”nı davam etdirir.
Seyyah.az xəbər verir ki, proqramın əsas məqsədi peşə təhsili sektorunda təhsil alan gənclərin bilik və qabiliyyətlərini inkişaf etdirərək onların karyera imkanlarını artırmaqdır.
Xatırladaq ki, ötən il bu pilot lahiyə kimi paytaxtda həyata keçirilib. Proqram çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Peşə təhsili mərkəzində aşpaz, konsiyerj və mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi ixtisasları üzrə təlim keçirilib. Nəticədə təlimlər və iş üzrə təcrübə proqramlarını uğurla bitirən şagirdlərin 50%-i təcrübə keçdikləri hotellərdə işlə təmin olunub.
Bu il isə layihəyə 3 region - Qəbələ, İsmayıllı və Gəncədən olan şagirdlər də qoşulacaq. Proqram onlara təlimlə yanaşı partnyor hotellərdə intensiv iş üzrə təcrübə qazanmaq imkanı da verəcək.
Qeyd edək ki, proqrama müraciətlər başlayıb.Təhsil ödənişlidir.
Aşpaz təhsil - 500 manat,
Konsiyerj və mehmanxanada təsərrüfat İşləri üzrə nəzarətçi - 400 manat.
Ərizələrin qəbulu avqustun 25-dək davam edəcək. Sənədlər Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsili Mərkəzində qəbul olunur.
Xatırladaq ki, layihənin partnyorları Hilton Hotel, Fairmont Hotel, Absheron Hotels Group, JW Marriott Absheron Baku Hotel, Four Seasons Hotel, Intourist Hotel, Boulevard Hotel, Gilan Hospitality Group, Pullmann Hotel, Qafqaz Hotels, Hyatt Regency Baku-dur.
Mənbə: fins.az