Avropada gəzib-görülməli - 10 şirin məkan

Xəbərlər 24 Iyul 2017 22:10 2224
Avropada gəzib-görülməli - 10 şirin məkan

Avropa qitəsi təbii gözəllikləri və zəngin tarixi ilə  səyahətsevərlərin həmişə diqqətində olub. Səyahətinin yönü üzü Avropayadırsa, yolunu xatirələrində gözəl iz buraxacaq, bu möhtəşəm 10 şəhər və qəsəbədən sal.

  1. İnterlaken, İsveçrə

Mavinin ən gözəl tonlarına sahib Thun və Brienz göllərinin ağuşuna aldığı İnterlaken qəsəbəsi Avropanın ən sevilən məkanlarındandır. Alp dağlarının ətəklərində yerləşən, təbii gözəlliyini itirməyən İnterlaken İsveçrənin cənnət güşələrindən biri hesab edilir.

2. Qrindelvald, İsveçrə

İsveçrənin məşhur xizək məkanıdır. Adına “Buz Qəsəbəsi” də deyirlər. Qrindelvald qış turizmində əvəzolunmaz ünvanlardandır. Qış festivalından sonra dünyanın məşhur sənətçilərinin qardan düzəltdiyi heykəllər sayəsində bura açıq hava muzeyinə çevrilir. Sən də qışı sevirsənsə, mütləq baş çək.

3. Avignon, Fransa

UNESCO-nun Dünya Mirasları sırasında yer alan Sen –Beneze körpüsü və Notr-Dam kilsəsi kimi görkəmli tikililəri görmək üçün hər il Avignona on minlərlə turist axın edir. 1947-ci ildən bu yana hər il iyulda keçirilən Avignon Festivalı da şəhərə ayrıca rəng qatır.

4. Salzburq, Avstriya

Alp dağlarının ətəklərində yerləşən Salzburq Avstriyanın dördüncü böyük şəhəridir. Möhtəşəm Salzburq Festivalı hər il minlərcə klasik musiqi sevənləri bu şəhərdə bir araya toplayır. Dünyaca məşhur bəstəkar Motsart da Salzburqda dünyaya göz açıb.

5. Heidelberq, Almaniya

Nekar çayı və Heidelberq Sarayının iki hissəyə ayırdığı bu Heidelberq Almaniyanın ən romantik şəhəri kimi tanınır. Almaniyanın Cənub-Qərbində yerləşən şəhər əhalisinin çoxu tələbələrdir. Bura füsunkar təbiəti və tarixi görünüşü ilə turistləri özünə heyran edir.

6. Cesky Krumlov, Çex Cümhuriyyəti

Paytaxt Praqadan təqribən 175 kilometr Cənubda yerləşən bu nağılabənzər şəhər UNESCO-nun Dünya Mirası siyahısında yer alır. Cesky Krumlov orta əsr qəsəbələrini anımsadan görünüşü, şirin evləri və küçələri ilə “gəl, gör məni”,  – deyən bir məkandır.

7. Oxford, Birləşmiş Krallıq

Dünyanın ən nüfuzlu universitetlərindən olan Oxfordun yerləşdiyi şəhər “tələbə şəhəri” adı ilə də anılır. Oxford mərkəzində yerləşən alış-veriş mağazaları, füsunkar mənzərəsi və məşhur “Blackwells” kitab evi ilə turistlərin sıx-sıx ziyarət etdiyi şəhərlərdəndir.

8. Qlasqov, Birləşmiş Krallıq

Klyde çayı üzərində yerləşən Qlasqov Birləşmiş Krallığın Lonon və Birminqhamdan sonra üçüncü sıx şəhəridir. İlboyu yağmurlu havanın çoxluq təşkil etdiyi şəhəri iyul və avqust aylarında ziyarət etmək daha uyğundur.

9. Füssen, Almaniya

Lech çayı sahilində yerləşən Füssen Almaniyanın məşhur  “Romantik Yol”unun son dayanacağı hesab edildiyi üçün turistlərin mütləq baş çəkdiyi yerlərdəndir. Şəhərdəki tikililəri, malikanələri və evləri görüncə özünü tam da nağıllar aləminə düşmüş kimi hiss edəcəksən.

10. Hallstatt, Avstriya

Ən qədim duz mədəninin olduğu bu kənd Yuxarı Avstriya bölgəsində yerləşir. Hallstatt Gölünün Cənub-Qərbindəki bu şirin yer UNESCO-nun Dünya Mirasları siyahısındadır. Yolun Avstriyaya düşərsə, gözalıcı memarlığa sahib olan Hallstatta baş çəksən peşman olmazsan (seyahetchi.com).

OXŞAR XƏBƏRLƏR