KANALLARI, YEL DƏYİRMANLARI, QAYIQLARI, KİÇİK, ŞİRİN EVLƏRİ VƏ DADLI BALIQLARI İLƏ MƏŞHUR MÖHTƏŞƏM QƏSƏBƏLƏR
Daha əvvəl sizə “Azadlığın Şəhəri Amsterdam” barədə yazmışdım. Bu şəhərin gəzib-görməli yerləri, otelləri, restoranları haqqında məlumat vermişdim. İndi isə Amsterdam yaxınlığındakı kənd və qəsəbələrdən yazacağam. Çünki Amsterdam daha çox yaxınlığındakı qəsəbələrlə yadımda qalıb.
ŞƏHƏRƏ 30-35 DƏQİQƏ MƏSAFƏDƏKİ GÖZƏLLİKLƏR
Səyahətimin ən gözəl yerini bu qəsəbələr tamamladı. Anladım ki, Hollandiya təkcə, Amsterdamdan ibarət deyilmiş. Volendam, Marken, Eden, Zaanse Schans – bəlkə də nağıllarda oxuduğumuz şəhərlərin təsviri elə bu qəsəbələrdən götürülüb. Hər biri gözəlliyi ilə adamı nağıllar aləminə aparır. Qəsəbələr avtobusla Amsterdama 30-35 dəqiqəlik məsafədədir. Həmin qəsəbələrə avtobus və qatarlar Amsterdamın mərkəzindəki tarixi qatar vağzalından gedir.
CƏMİ 10 AVRO ÖDƏMƏKLƏ
Vağzalda 10 avro ödəməklə bölgələrdə istifadə olunan günlük kart ala bilərsiniz. Həmin kartla gün ərzində saydığım bütün qəsəbələrə getmək olur. Biz gəzməyə Volendamlabaşladıq. Bura çox gözəl evlər, mağazalar və restoranların olduğu kiçik balıqçı qəsəbəsidir. Eyni ölçülü kiçik evlər sanki turistlərin ağlın başından almaq üçün xüsusi bəzədilib. Gülərüzlü insanları bu gözəlliyi məhz səndən ötrü etdiklərini göstərmək üçün evlərinin şəkillərini çəkməyini və gedib öz ölkəndə göstərməyini istəyirlər. Məncə, çox şey istəmirlər. Bu evləri fotoaparatın yaddaşına yazmaq zövq verir. Qəsəbənin dənizə yaxın və çoxlu restoranlarının olduğu mərkəz hissəsində dadlı dəniz məhsullarının dadına baxa bilərsiz.
KİÇİK BALIQÇI QƏSƏBƏSİ – MARKEN
Növbəti getdiyimiz qəsəbə Marken oldu. Bu qəsəbə kiçik bir yarımadada yerləşir. Eyni boylu, yaşıl rəngli evlərdən ibarət kiçik qəsəbə… Evlərin önündə alışdığımız çəpərlərə rast gəlmədik. Evlər bir-birindən ya güllər, ya da kanallarla ayrılır. Volendamdan Markenə gəmi ilə 30 dəqiqəyə çatmaq mümkündür.
KANALLARLA BƏZƏNMİŞ EDEN
Eden bir fərqli gözəllikdir. Evlərin önü böyük bir kanala açılır. Kanalın kənarına düzülən masalarda kimi şam edir, kimi kitab oxuyur, kimi də Şimal dənizinin seyrinə dalır. Küçələrdən gələn gözəl yemək qoxusu aclığımızı xatırladır. Qəsəbənin ortasındakı restoranda hollandların məşhur tərəvəzdə bişirilmiş ördək yeməyinin dadına baxırıq. Və sizlərə də məsləhət görürük.
KÖHNƏ YEL DƏYİRMANLARININ OLDUĞU MÖHTƏŞƏM QƏSƏBƏ
Zaanse Schans qəsəbəsi isə daha çox yel dəyirmanları ilə məşhurdur. Bu qəsəbənin hekayəsi Zaan çayından başlayır. Çayın kənarında yaşayan insanlar ta qədimdən ticarət və balıqçılıqla məşğul olublar. Bu üsulla varlanan qəsəbə sakinləri 1600-cü illərdə ilk yel dəyirmanını icad ediblər. Onlar küləkdən ilk başlarda çay daşqınlarının qarşısının alınması üçün, sonradan isə qəsəbəni sənaye bölgəsinə çevirməkdən ötrü istifadə ediblər. Ağıllı adamlardı, elə deyilmi? Həmin illərdəki 1000 yel dəyirmanından bu günə cəmi 13-ü qalıb. Bu dəyirmanları görməyə dünyanın hər yerindən turistlər gəlir. Dünyanın hər tərəfindən gələn uşaqlar isə yağlı boya ilə bu dəyirmanların şəklini çəkirlər.
Hollandiyanı sadəcə gedib görmək lazımdır. Həm Amsterdam, Rotterdam, Haaqa şəhərləri, həm də Volendam, Marken, Eden, Zaanse Schans qəsəbələri ilə bu ölkə Van Qoqun əsərlərindən sıçrayıb çıxmış kimidir…
Mənbə: seyahetchi.com