Azərbaycanda kişi qatar bələdçiləri qadınlarla əvəzlənir-QƏRAR

Məqsəd sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaqdır.
Xəbərlər 10 Yanvar 2014 00:00 1542
Azərbaycanda kişi qatar bələdçiləri qadınlarla əvəzlənir-QƏRAR

Son vaxtlar Azərbaycanda sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi aparılır. Seyyah.az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyi yayıb.

Məlumata görə, bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər.

Artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Köçərli, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar. Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur. Bu qatarda çalışan kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında öz fəaliyyətlərini davam etdirəcəklər.

Bir faktı da qeyd edək ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əməkhaqqı beynəlxalq istiqamətdə çalışanların əməkhaqqından yüksəkdir.

OXŞAR XƏBƏRLƏR