Ofisiantların “qaqaş”, “əmoğlu” sözlərinə hazır olun - TƏTİL TÖVSİYƏLƏRİ

Xəbərlər 31 Iyul 2017 08:47 1118
Ofisiantların “qaqaş”, “əmoğlu” sözlərinə hazır olun - TƏTİL TÖVSİYƏLƏRİ

Hər yay gələndə yurdum insanı üçün bu dilemma aktual olur: ölkə daxilində, ya xaricində istirahət etmək? Təbii ki, artıq bunun dilemmalıq bir halı qalmayıb. Sadəcə, imkanlar uyğun olmadığı, bilet qiymətləri ceyran belinə çıxdığı üçün seçimlər daha çox ölkə daxilinə doğru yönəlir. Yəqin xatırlayırsız, bir neçə il öncəyə qədər insanlarımız daha az məsrəfli tətilə nail olmaq üçün Türkiyənin istirahət mərkəzlərinə Tiflisdən gedirdilər. Bəli, Bakıdan 12 AZN-lik avtobusa minir, Tiflisdə düşür, ordan da ya Allah, Antalya, Bodrum, Quşadası… Yəni, bizdə çarələr heç vaxt tükənməzdi. Amma dolların oynağanlığının üzü qara olsun, o seçimi də sıradan çıxardı…

İndi isə yenə turizm mövsümüdür. Ərəblərin turistik bölgələri işğal etməsi, uzun-uzun masalarda sərələnə-sərənələ, bir neçə arvadı, uşağı ilə oturmasına baxmayaraq, onlar tərəfindən zəbt olunmamış məkanlar da var. Amma ölkə daxilindəki bir çox məkanlarla bağlı az-çox təcrübəli birisi kimi sizə bu yazıda maraqlı tövsiyələrim olacaq. Necə deyərlər, ucuz, əsəbdən uzaq və şən bir istirahət dönəmini necə planlaşdırmaq olar?

 

ŞƏKİL VƏ TƏRİFLƏRƏ İNANMAYIN

Hər şeydən əvvəl onu deyim ki, heç kim heç kimin məsləhəti ilə tətil yeri seçməsin. “Biz keçən il ora getdik, neccccə gözəl idi” tipli tövsiyələr əksər hallarda aldadıcı olur. Yanlış anlamayın, heç kəs bir-birini aldatmır. Sadəcə, nadir hallarda insanlar keçirdikləri tətili başqalarının yanında pisləməyi tərcih edirlər. “Qan qusub, “qızılcıq şərbəti içdim” deyənlər” sarıdan boluq, maşallah. Sosial şəbəkələrdəki tətil fotolarına diqqətlə baxın. Ən gözəl məkanlardan, ən xoşbəxt pozalarda şəkillər paylaşılır. Müasir telefonların imkanlarından istifadə edib də, bol-bol effekt verdinmi… Masallıda istirahət edən xatunun Mayamidə həftə sonu keçirdiyini zənn etmək mümkündür. Ona görə də nə fotolara, nə də tövsiyələrə çox bel bağlayın. Üstəlik, nəzərə alın ki, zövq, standart, əyləncə-istirahət anlayışı… deyilən məsələlərdə insanlar bir-birindən hədsiz dərəcədə fərqlidir. Sənin lüks dediyin bir başqası üçün cəhənnəm, sənin cəhənnəmin isə başqasının “ağıllı, hesablı, orta səviyyəli” tətil yeri ola bilər. Odur ki, siz siz olun, gedəcəyiniz məkanı öncədən fotolarda, videolarda görmədən, bir çox turistin dilindən müsbət rəy eşitmədən qərarınızı verməyin. Əks halda bir neçə saat məsafə qət edib, getdiyiniz rayondan hüsran dolu qayıtmaq, ya da üzə düşərək qalmaq, sonra da zəhər kimi bir tətil keçirmək ehtimalınız var.

 

“QAQAŞ”, “ƏMOĞLU” SÖZLƏRİNƏ HAZIR OLUN

Üstəlik, əgər yerli istirahət bölgəsində tətil keçirməyi planlamısızsa, əsəblərinizi hər cür ehtimala hazırlamalısınız. Ofisiantın sizə “qaqaş”, “əmoğlu”, “bibican”… kimi xitablarla müraciət etməsindən tutmuş, masanın üstünə “komplektə daxil olan” təamları icazə istəmədən düzməsinə və sonda bol rəqəmli hesab gətirməsinə qədər. Kottecin təmizliyi, dəsmal, döşəkağının dəyişdirilməsi üçün şirinlik tələb edilməsi kimi absurdlar da bura daxildir. Bizim yerli istirahət obyektlərində dəmir bir şüar var: “kimi atım, qabağa düşüm”. Daimi müştəri qazanmaq, razı salacağı bir müştərinin sayəsində daha çoxunu cəlb etmək… kimi marketinq anlayışından xəbəri yoxdu bizimkilərin. Adamlar bilmərrə onu düşünür ki, “guya mən bu müştərini bir də harada və nə vaxt görəcəm ee?” İlin cəmi 2-3 ayı bu obyektdən pul qazanmaq ehtimalı olduğunu düşünərək… sizi gözündə yolunacaq qaz kimi görürlər…

 

BİZDƏ "HƏR ŞEY DAXİL" TƏTİL NECƏDİR?

Azərbaycanda “hər şey daxil tətil” anlayışı yeni-yeni formalaşıb. Çox nadir hallarda istirahət mərkəzləri gündə 3 dəfə yemək təklifini təqdim edirlər. Edənlərin yemək menyusu isə olduqca zəif olur. Ətsiz şorbalar, qarabaşaqlar, makaronlar, göy-göyərti… Ucuz başa gələn doyumsuz yeməklərlə tətil nə qədər zövqlü keçə bilər ki? Ona görə də bir çox hallarda həftəlik azuqəsini özü ilə götürüb, getdiyi yerdə yeməyini bişirən də var, restoranlarda xəzəl kimi pul xərcləyən də. Bəzən sonuncunu tərcih edənlər iki həftə planladıqları tətili yarıda kəsmək zorunda qalır. Sizə hər gün restoranda yeməyə getmək zarafat gəlməsin. Xəsis iki dəfə xərcə düşər deyib atalarımız. Bizimki də o hesabdır.

 

GÜNÜ 10-20 MANATLIQ KOTTECLƏR

Bəzi hovuzlu istirahət mərkəzlərinin qapının girişində camaatın çantasını yoxlayıb “bizdə içəri su, qarpız, konfet…. keçirmək qadağandır” kimi anonslarını da bura əlavə edəndə müştəri haqları, istehlakçı hüquqları gedir işinin dalınca. Bilmirsən əsəbləşmək üçün bura gəlmisən, ya istirahət etmək üçün. Amma əgər pulunuz az, istirahət ehtiyacınız isə hədsiz dərəcədə çoxdursa, rayon yerlərində, meşənin içindəki günü 10-20 manatlıq kottecləri tərcih etməniz mümkündür. Evdən apardığınız azuqə və yüngülvari alış-verişlə bir tətil dönəmini hesablı planlaşdırmaq asandır. 

Ümumiyyətlə, kim necə istirahəti sevir sualının cavabı da mühümdür. Kimi səs-küylü diskotekalarda, kimi tənha bir kottecdə, səssiz meşənin içində. Amma önəmli olan ağız dadı ilə, yaxşı bir heyətlə tətil keçirməkdir. O zaman insanı otelin, istirahət mərkəzinin neçə ulduzlu olmasından daha çox, zövqlə göydəki ulduzları saymaq düşündürür (musavat.com).

OXŞAR XƏBƏRLƏR