Ov mövsümü başladı- Harda, nə vaxt, nə ovlamaq olar?

2014-2015-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları müəyyən olunub
Xəbərlər 5 Iyun 2014 00:00 1765
Ov mövsümü başladı- Harda, nə vaxt, nə ovlamaq olar?

Azərbaycan ərazisində 2014-2015-ci illər üçün ov mövsümü mayın 31-dən etibarən açıq elan edilib. Seyyah.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, respublika ərazisində 2014-2015-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları müəyyən olunub. Belə ki təkə 31 may - 18 oktyabr, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Qaban (çöl donuzu) 20 sentyabr - 20 dekabr, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), dovşan 15 noyabr 2014-cü il - 9 yanvar 2015-ci il tarixlərində, 2 baş (adambaşına), bataqlıq qunduzu (nutriya) 11 oktyabr 2014-cü il - 21 fevral 2015-ci il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün), çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı, təkə - Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz, dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı regionlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir. 

Birdəfəlik ov icazəsinin qiyməti isə dovşan 2 manat 20 qəpik, çaqqal 3 manat 96 qəpik, yenot və qunduz 1 manat 65 qəpik, təkə 24 manat 75 qəpik, qaban (çöl donuzu) 16 manat 50 qəpik kimi müəyyən edilib.

Qeyd edək ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.

OXŞAR XƏBƏRLƏR