Həcc ziyarətindən ildə $30 mlrd.gəlir əldə edən Səudiyyə Ərəbistanı modern turizm biznesinə girişir. Qırmızı dənizin sahillərində qurulacaq çimərliklərdə İslam qaydaları işləməyəcək.
Səyyah.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilində yarı muxtar vizasız özəl turistik bölgə qurmağı planlaşdırır. Həmin zonada qadınlarla kişilərin ayrıca istirahət etməsi, qadınlara tətbiq edilən örtük geymək kimi qadağaların aradan qaldırılacağı gözlənilir.
Qırmızı dənizdəki özəl bölgə Maldiv adalarındakı kimi çimərliklərin yaradılması, təbii park və lüks hotellərin tikilməsi planlaşdırılır. Səudyyə Ərəbistanı Turizm Komissiyası hələki bu bölgədə turistlərə yaradılacaq imkanları tam açıqlamayıb.
Səuduyyə Ərəbistanının İctimai İnvestisiyalar Fondu isə həmin layihə üçün lazım olan sərmayəni ayıracağını bəyan edib. Yarı muxtariyyət verilən bölgədə beynəlxalq standartlara uyğun qaydaların tətbiq ediləcəyini bildirib.
Qeyd edək ki, Fondun rəhbəri Şahzadə Məhəmməd Bin Salman iyun ayında atası kral Salmanın vəliəhdi elan edilib. Şahzadə Salman ölkə iqtisadiyyatını neft gəlirlərinə bağlı olmaqdan qurtarmaq üçün başlanan iqtisadi islahatları idarə edəcək.
“2030-cu ilin Vizionu” adlanan islahatlarda turizm önəmli yer tutur. Bu çərçivədə Qırmızı dəniz sahilində gerçəkləşəcək sözügedən layihədən 15 milyard dollarlıq gəlir əldə ediləcəyi və 35 min yeni iş yerinin yaradılacağı gözlənilir.
Onu da deyək ki, Səudiyyə Ərəbistanı İctimai İnvestisiyalar Fondu “Six Flags” əyləncə parklarının əsas səhmdarlarındandır. Ona görə də qısa bir aradan sonra bu ölkədə də belə əyləncə parklarının qurulması gözlənilir.
Layihə Qırmızı dənizin 200 kilometrlik sahil zolağını əhatə edəcək.