Respublikamızın şimal-qərb bölgəsinin mirvarisi olan Qax özünəməxsusluğu ilə fərqlənir.
Seyyah.az xəbər verir ki, Şəki Regional Turizm və Mədəniyyət İdarəsinin Qax rayonu üzrə rəsmi nümayəndəsi Dilarə Əzizova bildirib ki, hər il rayonda yeni turizm məkanları istifadəyə verilir, turistlərə göstərilən xidmətin keyfiyyəti yüksəldilir:
“Artıq rayonumuzda turistlərə 12 turizm obyekti və onlarca digər obyektlər xidmət göstərir. Bunlara nümunə olaraq “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ulu dağ” , “Səngər qala”, “Bergs”, “Kürmük” turizm-istirahət mərkəzləri, “Eden” park hotel və “El Resort” beşulduzlu hotel göstərilə bilər. Həmin müəssisələrdə yerlərin sayı artıq 1034-ə çatıb. Qiymətlər gündə 3 dəfə yeməklə bəzi obyektlərdə 30-35 manat arasında dəyişir. Qiymətlər hotelin dərəcəsinə, xidmətin növlərinə, keyfiyyətinə görə tənzimlənir. Mövsüm ərzində qiymətlərdə endirimlər də həyata keçirilir.