“Barlar sokağı”ndan azan sədası gələn şəhər... - İZMİRDƏN REPORTAJ

Xəbərlər 10 Avqust 2017 15:06 1124
“Barlar sokağı”ndan azan sədası gələn şəhər... - İZMİRDƏN REPORTAJ

Maviylə yaşılın qucaq-qucağa doğulduğu, ilin 300 günü üzü günəşə baxan şəhər.

Səhərləri firuzəyi çimərlikləri, axşamları isə dirəniş meydanları qarışbaqarış dolan şəhər.

Sadəcə qızlarının gözəlliyi ilə yox, qadına olan yüksək dəyərlə fəxr edən, adını belə bir qadından alan şəhər.

İnsanlarının mehriban və gülərüz simasının arxasında duran dönülməz əzmi ilə dünyaya səs salan şəhər.

Atatürkün əmanəti, Sezen Aksu, Cem Karaca, Sıla, Gönül Yazarın məmləkəti, dağlarında çiçəklər açan bir şəhər. 

Qısası, İzmir...

Yol xəritəmiz

Düzü, sərfəli seçim etmək üçün İzmirə gedən yol xəritəmizi bir neçə dəfə cızdıq. Büdcəyə ən uyğun vasitə avtobus olsa da, əlavə vaxt itirmək istəməmədiyimizdən təyyarə qiymətləri ilə maraqlanmağa başladıq. Bu zaman qarşımıza bir neçə seçim çıxır: Tiflisdən “Pegasus”, Bakı və Gəncədən AZAL vasitəsilə.

Əgər bir neçə gün də Tiflisdə qalmaq planınız varsa, birinci variant  sizin üçün idealdır. Çünki uçuşların əksəriyyəti 04:30-da gerçəkləşdirilir və İstanbuldan köçürülmə ilədir. Bundan başqa, gediş-dönüş günlərinizi bilet qiymətlərinə əsasən planlaşdırsaz, yaxşı olar. Məsələn, “Pegasus”la 12 avqust tarixinə gediş üçün 116 manata bilet tapa biləcəyiniz halda, sentyabrın 3-də bu rəqəm 4 qat artaraq 460 manat təşkil edir. Müqayisə üçün  onu da bildirim ki, 12 avqust tarixində eyni bilet AZAL vasitəsilə 310 manata başa gəlir.

Digər bir variant isə AZAL-ın Gəncə reysləri ilə maraqlanmaq olar. Amma bu variant da hər zaman sərf etməyə bilər. 

Biz həm birbaşa getmək, həm də yollarda zaman itirməmək üçün AZAL-ı tərcih etdik və bu bizə 278 manata başa gəldi. 

Artıq hesab-kitab məsələlərini bir kənara qoyub keçirəm “Günəşin qızı”ndan bəhs etməyə.

Xoşbəxt və azad yaşamağı sevən insanların şəhəri İzmir...

Nə yalan deyim, İzmir şəhəri həm insanları, həm də görünüşü ilə beynimdə qurduğum bütün gözləntilərimi utandırdı. İlk baxışda Xınalıq, yaşadıqca isə Mayamini xatırladan bu şəhərin niyə belə sevildiyini axır ki anladım. Hər döngəsi tarix qoxan şəhərdə sadəcə yaşamaq yox, çalışmaq da zövqverici olmalıdır ki, piştaxta arxasında duran qocaman dayısından, yanından ötən mələz qızlarına kimi heç kim gülümsəməyi unutmur. 

Şəhərdə qiymətlər elə də yüksək deyil. Bazarları ilə məşhur olan İzmirdə gözəl istirahətlə yanaşı uyğun qiymətə istədiyinizi də tapa bilərsiniz. Necə ki, qızıl - zinət əşyalarının mərkəzi Trabzon sayılırsa, o toylara geymək üçün alınacaq ziyafət geyimləri üçün gəlin və qızların üz tutduğu məkan da İzmirdir. 

Şəhərdə gecələmək kimi bir planınız varsa, gözəl olar ki, booking.com-da yaxşı bir axtarış edəsiniz. Əks təqdirdə ya qiymətlər bir qədər duzlu, ya da qaldığınız yer o qədər də təhlükəsiz olmaya bilər. Biz qabaqcadan rezerv etdiyimiz üçün şəhərin mərkəzindəki otellərdən birində iki nəfərlik otaqda 100 lirəyə gecələyə bildik. Eyni səmtdəki üç və dörd ulduzlu otellərlə maraqlandığımız zaman əksəriyyətinin tam dolu, otağı olanların isə xeyli baha başa gəldiyini gördük.

İzmirdən dünyaya uzanan Sevgi yolu

Yol kənarları ilə səliqəli şəkildə düzülmüş palma ağaclarını izləsəniz o yol sizi ya Kordona, ya Alsançaka, ya da mütləq görməli olduğunuz tarixi bir yerə aparacaq. Saat qülləsinin altında əlinizi bir falçının içində gördüyünüz anda cibinizdə azı bir onluğu hazırlayın. İki ovuc buğdayla göyərçinləri yemlədikdən sonra rəngarəng İzmir gecələrinə qarışa bilərsiz. Bəlkə bir az bahalı gələ bilər, ancaq şəhərdən xüsusi bir xatirə aparmaq istəyirsinizsə, Sevgi yolundakı rəngarəng piştaxtalar sizi gözləyir. Dediyim kimi, şəhər sahillərindən, dağ sıldırımlarına kimi şəhərdə palma ağacı olmayan yer demək olar ki yoxdur. Bakının tut ağaclarından fərqli olaraq, sakinlərin yolda başlarına xurma düşmək kimi bir dərdi yoxdur. Bu baxımdan ağac seçimini çox gözəldir, ancaq bir az kölgəsi də olsa, lap əla olardı. Təvazökar şəhərdə göydələnlərin də çox az olduğunu nəzərə alsaq, günəşin zenitdə olduğu zamanlarda kölgə tapmağınız bir az çətin olacaq.

İzmirlilər bizim müğənniləri elə də yaxşı tanımasa da, getdiyimiz hər yerdə azı bir restoranda Üzeyir Mehdizadənin səsi eşidilirdi. Bu mahnıların bizdə bayağı adlandırıldığını dediyim zaman izmirli dostum buna təəccüblənərək əslində, ritminin gözəl olduğunu söylədi.

İzmirlilərin istirahət məkanları

Hava limanına necə gedəcəyimizi soruşduğumuz hər kəs turist olduğumuzu öyrənənə kimi ilk olaraq Foça adasına getdiyimizi düşünürdü. Buradan o nəticəyə gəlmək olar ki, hazırda izmirlilərin istirahət üçün əsas üz tutduğu məkan Foça adasıdır. Yox əgər siz də bizim kimi Quşadası, Çeşmə arzusundasınızsa, onda hava limanından birbaşa avtobuslar fəaliyyət göstərir. Bilet qiymətləri isə 20-30 lirə arasında dəyişir. Təqribən bir saatlıq səliqəli şəkilədə düzülmüş günəbaxan və qarğıdalı tarlaları, qızıl buğda zəmiləri ilə bəzənmiş mənzərəli yoldan sonra gedəcəyiniz ünvana rahatlıqla çatırsız.

Quşadası heç də quş qədər bir yer deyilmiş...

Əlbət ki, getdiyimiz yerlərə əvvəlcə xəritədə baxırıq. Sadəcə bu dəfə yarı zarafat, yarı gerçək xəritədə gördüyümüz dənizə doğru balaca çıxıntını Quşadası adlandırmışdıq. Əslində məntiqi cəhətdən bir səhv yoxdur, o da bir quş-Göyərçin adasıymış, amma Quşadası ondan qat-qat böyük və əzəmətli bir yer imiş. Qış aylarında yerli əhalisi 120 mindən çox olan bu şəhərə yay aylarında 1 milyondan çox turist gəlir. Ancaq sakinlərin sözlərinə görə, son yaşanan hadisələrdən sonra turist sayı hardasa yarıbayarı azalıb. Əvvəllər sahilləri xarici tur gəmiləri ilə əhatələnsə də, dediklərinə görə, bu il heç biri də yaxınlaşmayıb. Belə ki, adanın masmavi suları bu il daha çox yerli turistlərin ixtiyarında olub.

“Barlar sokağı”nda azan sədaları

Əvvəldə dediyim kimi İzmir xalqı çox mehrbandır. Çeşmə və Bodruma nisbətən Quşadası “sosyete” ruhundan özünü qoruya bilib. Yəqin bunun nəticəsidir ki, ərazidə qalmaq üçün ən uyğun qiymətlər də elə məhz buradadır. Məsələn, Çeşmə və Alaçatıda bir gecəlik normal otel qiymətləri 100 manat civarı olduğu təqdirdə, Quşadasında bu qiymət yarıbayarı aşağıdır. Hələ birbirindən rəngli və yığcam pansionatları demirəm... Ancaq bazarda qiymətlər o qədər də sərfəli deyil. Yaxşı olar ki, alış-veriş həvəsiniz varsa, İzmir bazarlarını qoyub burada nələrə baxmayın. Meydan və məşhur “Barlar sokağı”nda həyat gecə başlayır. Turistlərin axın etdiyi bu məkanlarda “İzmir türküsü”nün sədaları altında rakı toqquşduran və ya pivəsini qurtumlayan xeyli insan gözünüzə dəyəcək. 
Ancaq küçənin bir ucunda görünən məsciddə əzan verilən kimi qədəhlər masaya qoyulur, çalğı alətləri susur. Bir dəqiqə sonra isə eyni ifada gecə davam edir...

Səyahətimizin şans mələkləri

Nə qədər türk dilini yaxşı bilsəniz də, İzmirdə lüğətinizə yeni sözlər əlavə olunacaq. Belə ki, çiçəkli dağların sakinləri simitə gevrek, mısıra darı, çekirdeğe çiğdem və bir çox bu kimi sözləri başqa adla işlədirlər. “İzmirliler Mısırın güneyde bir ülke olduğunu bilirlər” deyib istanbullulara şirin bir söz də vururlar.

Sahilboyu şəhərlərdə olduğu kimi, Quşadasında da bir günlük mavi turlar fəaliyyət göstərir. Bilet qiymətləri 40-50 lirə arasında dəyişən bu turlar vasitəsilə siz müxtəlif çimərliklərə gedə, müxtəlif ölkə vətəndaşları ilə tanışlıq əlaqələri qura bilərsiniz. Elə bizim də səyahətimizin şans mələkləri Akçay ailəsi və dostları ilə gəmidə dostlaşdıq və dünyanın hər yerində mütləq şəkildə tanımalı olduğumuz gözəl insanların olduğuna bir daha əmin olduq. Artıq təqaüdçü olan 40 yaşlarındakı bu insanlar günlərini dostları ilə və ya müxtəlif səpkili fəaliyyətlərlə (rəsm dərnəkləri, dans yarışları, səyahətlər) keçirirlər. Bizim ölkəmizin də həm siyasi, həm də iqtisadi gündəmi ilə də yaxından maraqlanan təqaüdçülərdən dünya səyahətinə hazırlaşanlar da var. “Göztepe” futbol klubunun bütün marşlarını bizə əzbərlədən bu gözəl insanlar reportajımda Ritadan( ailənin balaca üzvü, it) bəhs etməyimi də dönə-dönə tapşırdılar.

Bir qədər də bəyaz şəhər...

Sözün düzü, İzmirdə getmək istədiyimiz əsas yer Alaçatı olsa da, sakinlər bizə oradakı süni bahalıqdan və ondansa, görülməli daha gözəl yerlərin olduğunu söylədi. Plansız səyahəti sevən biri olaraq bir neçə dəqiqə ərzində yol xəritəmizi Çeşmədən Bodruma dəyişmək qərarına gəldik. Əgər səyahət planınızda dayanacaqlarınız çoxdursa, ən məsləhətlisi kirayə avtomobil götürməkdir. Bu variant həm xərclərinizi azaldacaq, həm də dayanacaqlara sizin qərar verməyinizə şərait yaradacaq. 

Necə ki, İzmir haqqında səhifələrlə yazıb, günlərlə danışmaq olarsa, Bodrum isə sadəcə olaraq gedib, görülməli bir şəhərdir.

Günel Hacı

 












Mənbə: qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR