Təhsil Nazirliyi Macarıstanla razılığa gəldi

Xəbərlər 11 Avqust 2017 18:09 541
Təhsil Nazirliyi Macarıstanla razılığa gəldi

Macarıstanla Azərbaycan arasında tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı yaranan problem həll olunub. Seyyah.az xəbər verir ki, bu barədə həmin tələbələrdən birinin valideyni Azər Sarıyev məlumat verib. 

Bildirib ki, bu gün Təhsil Nazirliyi təqaüddən kənarda qalan 40 nəfər tələbənin də təhsil xərclərinin ödəniləcəyi ilə bağlıməlumat verib.  

"Dostlar, bu şad xəbəri sizinlə bölüşməyi özümə borc bilirəm. Təhsil Nazirliyinin səyi nəticəsində problem həll olunub. Nazirlikdən Macarıstan universitetlərinin qəbul etdiyi digər abituriyentlərin də təqaüd məsələsinin müsbət həll olunduğu barədə şad xəbər aldıq. Nazir Mİkayıl Cabbarovun həmin gənclərlə bağlı uzunmüddətli yazışmalarına nəhayət ki, Macarıstan tərəfindən müsbət cavab verilib"

Qeyd edək ki, bu gün Təhsil Nazirliyi də bu barədə məlumat yayıb. Bildirilib ki, Macarıstan ali məktəblərində 2017-2018-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb. Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimləri Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Seçimlərin nəticələrinə əsasən, 200 nəfər Macarıstan ali məktəblərində təhsil almaq hüququ qazanıb.

Tələbələrin böyük əksəriyyəti Macarıstanın “Debrecen University”, “Budapest Business School”, “Corvinus University of Budapest” və digər ali təhsil müəssisələrində kompüter elmləri, iqtisadiyyat, kənd təsərrüfatı, biznesin idarəolunması, turizm, mühəndislik, kimya və digər ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı əldə edib. Onlardan 107-si magistratura, 83-ü bakalavriat, 10-u doktorantura üzrə təhsil alacaq.

Qeyd edək ki, namizədlərin ilkin seçimi Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən aparılır. Müsbət rəy almış namizədlərin adları Macarıstan tərəfinə təqdim olunur. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri namizədlərin sənədlərini təhlil edir. Namizədlərlə bağlı yekun qərar yalnız Macarıstanın ali təhsil müəssisələri və Macarıstan hökuməti tərəfindən yaradılmış Tempus Qeyri-Kommersiya Fondu vasitəsilə verilir.

 

Xatırladaq ki, bir neçə gün öncə Macarıstan universitelərinə qəbul edilən 40 nəfər tələbənin təqaüd və digər təhsil xərclərindən imtina edilməsi barədə xəbər verilmişdi. Valideynlər öhdəlikdən imtina edən Tempus Fondunu məhkəməyə verəcəklərini açıqlamışdılar.

OXŞAR XƏBƏRLƏR