Avqustun 27 -i saat 13:00-da “Şahdağ” Turizm Mərkəzi və Red Bull-un təşkilatçılığı ilə “URBAN FESTİVAL” adlı tədbir keçiriləcək.
Seyyah.az turizm portalı xəbər verir ki, fins.az-a “Şahdağ” Turizm Mərkəzindən verilən məlumata görə festivalda skeytbordçular, dağ velosipçiləri komandası, qraffiti rəssamları, bitbokserlər və kreativ rəqqaslar iştirak edəcək. Skeytbordçular, dağ velosipedçiləri və sonda rəqqaslar arasında “All For One” adlı rəqs yarışması keçiriləcək. Birinci yerin sahiblərinə “Red Bull” və “Şahdağ” Turizm Mərkəzi tərəfindən hədiyyələr veriləcək. Proqrama əsasən:
– İlk olaraq skeytbordçular arasında müsabiqə keçiriləcəkdir. Qaliblər müəyyən olunduqdan sonra növbəti yarışa keçid olunacaqdır.
– Dağ velosipedçilərindən ibarət 20-25 velosipedçi xüsusi qazılmış velo cığırlarda yarışacaqlar. Finiş nöqtəsinə ilk çatan iştirakçı qalib olacaq.
– Və sonda “Zirvə” hotelinin qarşısında “All For One” kreativ rəqs yarışması keçiriləcək. DJ KİLLAJAZ və DJ TWIST-in trekləri altında bir-birindən kreativ gənclər qalib gəlmək uğrunda mübarizə aparacaqlar. Hərəkətlərinin orijinallığı ilə seçilən və musiqiyə uyğun rəqs edən yarışmaçılar təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər. Sonda finalçılar müəyyənləşəcək və tamaşaçı simpatiyası və münsiflər heyətinin səsverməsi ilə qalib seçiləcəkdir.
İlk yarışmadan son yarışmayadək paralel şəkildə qraffiti rəssamları bitbokserlərin performansı ilə eyni zamanda Şahdağın peyzajını özündə əks etdirən rəsm əsərləri yaradacaqlar. Artıq sayca 2-ci dəfə olaraq qraffiti şəhər mühitindən kənara çıxaraq Şahdağa gəlir. “Urban Art Azərbaijan”dan növbəti dəfə rəsm əsərinin necə yaradılmasını müşahidə etmək, bu haqda istənilən suala cavab almaq və ya sadəcə olaraq bu prosesdən həzz almaq şansı verəcəkdir!
Yuxarda qeyd olunan yarışlara canlı baxmaq və həftə sonunu Şahdağda keçirtmək etmək arzusunda olanlar tədbirə qatıla bilərlər. Avtobuslar festivala qatılmaq istəyənləri “Gənclik” metrostansiyasının çıxışında saat 09:00-da gözləyəcək. Bakı – Şahdağ – Bakı marşurutu üzrə transport xidməti: 10 manatdır. Yaş məhdudiyyəti yoxdur.