Türkiyədə tanımadığımız ucuz və əyləncəli istirahət məkanı – DİDİM, QİYMƏTLƏR

Xəbərlər 14 Avqust 2017 12:31 2554
Türkiyədə tanımadığımız ucuz və əyləncəli istirahət məkanı – DİDİM, QİYMƏTLƏR

Həm dəniz, əyləncə, tarixi yerlərə səyahət, həm də cibinə uyğun alış-veriş istəyirsən?.. Eləsə, dünyanın ən təmiz dənizlərindən biri sayılan Ege sahillərində yerləşən, adı azərbaycanlılar üçün o qədər populyar olmasa da, avropalılara yaxşı tanış olan Didimi tanıyaq.

 

Türkiyənin məşhur turizm bölgələrindən biri sayılan Didim Bodrumla Kuşadasının arasında yerləşən bir şəhərdir. Bodrumdan bura 110, Kuşadasından 70 km-dir. Güllük Korfəzini əhatəyə alan Didim yarımadadır, 90 km-lik sahili boyunca narın qumsallığı olan onlarla çimərliyi var. Onların arasında ən məşhuru Altunkum sayılsa da, biz meşəylə iç-içə olan Akbükü də bura əlavə edərdik.

 

İqlimi yumşaqdı, ilin 9 ayı burda yaz-yaydır, desək, yanılmarıq.

 

Payızda, yazda çoxlu yağışlar yağsa da, bu yağış adamın həyatını cəhənnəmə döndərmir, əksinə, şıdırğı yağıb tez də kəsən yağışı seyr etməyin bir ayrı ləzzəti var.

 

Hava nəmli olmadığından astma xəstələri üçün əlverişli yer sayılan Didimin hər sahili çimməyə yararlıdır. Əgər üzgüçülük qabiliyyətinə inanırsansa, bir anda suya atıla bilərsən, amma ehtiyatı da əldən buraxma, suya diqqətlə bax, orda dəniz kəstanəsi (dəniz şabalıdı) yoxdur ki... Tikanı ayağına batsa, canının acımayacağına kimsə zəmanət verməz.

 

Dəniz kəstanəsi dedik, amma bir az da şişirtdik, bu kirpiyə oxşayan qara, tikanlı dəniz canlısına  heç də hər sahildə rast gəlinmir.

 

Türklər dənizdən çıxan hər canlını yeyə bilərlər

 

Ege dənizində su o qədər təmizdir ki, gecə qaranlığında belə suyun içində daşları, yosunları seçə bilərsən. Gündüzlər suda xırda, alabəzək balıqlarla birgə üzmək zövqlüdürsə, gecə üzğüçülüyü arzuolunan deyil: hava qaralan ərəfələrdə dənizdə o qədər canlı yem axtarmaq üçün sahilə yan alır ki... Birində axşam saatlarında mavi yengəc (kilosu 70 dollar), digərində səkkizayaqlı ilbiz (kilosu 30 manat) yaxaladıq. Hərçənd, biz bunların heç birindən yemədik, zövqümüzə uyğun deyildi, amma hər təami dadmaq istəyənlər üçün Didim mətbəxi cazibədar ola bilər: burda bişirilən balıqların və digər dəniz məhsullarının dadından doymaq olmaz, məsələn, biz dil balığından, çupradan aldığımız ləzzəti Xəzər balıqlarının heç birindən ala bilməmişdik.

 

Ümumiyyətlə, Türkiyə mətbəxi dəniz məhsulları ilə çox zəngindir. Adı, dadı bizə tanış olmayan o qədər canlı var ki... yerlilər bunları ləzzətli yeməyə çevirə biliblər. Məsələn, midyə deyilən, balıqqulağına oxşayan dəniz məhsulu hər yerdə satılır və daha çox çərəz sayılır. Türklər əbəs yerə deməyiblər ki, dənizdən dədəm də çıxsa, yeyərəm. Şahidi olduq, dənizdən çıxan hər şeyi bəh-bəhlə yeyirlər.

 

Otel, pansion, villa, hətta meşədə çadır- zəngin gecələmək menyüsü

 

Əhalisi 80 minə yaxın olan Didim yay aylarında turist əlindən aşıb-daşır. Turistlər arasında həm digər yerlərdən gələn Türkiyə vətəndaşlarını, həm də avropalıları görmək olur. Hətta bir çox avropalı, xüsusilə, təqaüdə çıxan ingilislər Didimi daimi yaşayış üçün seçiblər.

 

Otel sarıdan elə də kasad olmayan şəhərda pansionlarda da, günlük kirayə verilən evlərdə də qalmaq olar.

 

Didimdə dəniz sahilində bir-birindən dəbdəbəli otellər var, şəhər mərkəzinə daha yaxın olan Altunkum çimərliyinin ətrafında isə, təbii, otellər daha çoxdur.

 

Yarımpansionlarda iki nəfərlik otaqda qalmağın qiyməti 35-40 manatdan başlayır, təbii, əgər erkən rezarvasyon edilərsə... Otellərin qiyməti də ulduzuna görə fərqlənir. Məsələn, düz dənizin kənarında yerləşən, paketinə bir çox əyləncə-yemək xidmətini daxil edən 5 ulduzlu oteldə iki nəfər 3 günlük 900 manata dincələ bilər. Təbii, erkən rezarvasyonla bundan daha ucuz qiymətə qalmaq olar.

 

Didimdə çoxlu sitələr (bəlli bir ərazidə tikilən və həm də daxili qaydalarla idarə olunan villalar və ya mənzillər toplumu) var.  Tətilə iki-üç ailə birgə gəlirsə, belə sitələrdəki villaları günlük kirələmək daha ucuz başa gəlir. Adi mənzildənsə sitə içərisində ev kirələmək daha əlverişlidir, çünki sitədə istirahət üçün hər infrastruktur olur: kafe, hovuz, uşaqlar üçün oyun meydançası, idman qurğuları, təhlükəsizlik sistemi və gözətçi. Burdakı 3-4 otaqlı villaların bir günlük kirayəsi 100-170 manat civarındadır.

 

Məcara sevənsiz? Didimdə Dovşan burnu adlanan Orman kampı (meşə düşərgəsi) əsl sizlikdir. Dənizin düz kənarında olan meşəyə giriş pulsuzdur, ancaq burda çadır qurub qalmaq istərsəniz, bir gününə 13 manat ödəməlisiz. Əgər çadırınız yoxdursa, düşərgədə çadır kirayəliyə bilərsiz. Çadlr kirayəsinin qiyməti çeşiddən asılı olaraq, 8-20 manat arası dəyişir.

Əgər maşınlasız, parklama üçün də əlavə 6 manat ödəməlisiz.

 

 

Kokoreç, kumpir, işkəmbə...

 

Türkiyə mətbəxi azərbaycanlıların əksəriyyətina çoxdan tanışdır. Ancaq bu mətbəx Azərbaycana bütünlüklə köçməyib: işkəmbə, kəllə-paça (Türkiyə xaşı), kokoreç, kumpir buranın ən məşhur yeməklərindəndir. Bizdən fərqli olaraq, Türkiyədə xaş günün istənilən saatı, hətta gecə də yeyilə bilər. Biz burda deyəndə ki, Azərbaycanda xaş səhərlər yeyilir, özü də bəzi adam yanında araq da içir, təəccübdən gözlər böyüyür. Çünki Türkiyədə bəziləri yeyib-içməkdən sonra şorba əvəzi işkəmbə içməyə gedirlər. Bu işkəmbə-kəllə-paça şorbası holland pendirli pide deyilən çörəklə, yanında haydarı (süzmədən hazırlanır), əzmə (acikaya bənzəyir) və salatla verilir. Qiyməti də elə baha deyil. Bu dəstgah bir nəfər üçün 6-7 manat tutur.

 

Didimdə turist qaynamasına baxmayaraq, kafelərdə qiymətlər elə də yüksək deyil, Dəniz qırağı ilə şəhər mərkəzi arasında 2-3 manat qiymət fərqi ancaq olar. Qiymətlər təxminən belədir: Pidelər 5 manatdan 8 manatadək, pizzalar 8-dən 10 manatadəkdir. Kababların qiyməti 9-15 manat arası dəyişir. Təbii, restoranda qiymət daha bahadır, alkoqollu içkilər isə səni xeyli tərlədər. Ümumiyyətlə, vergisi yüksək olduğundan, Türkiydə spirtli içki çox bahadır, ancaq onu da deyək, qiymətinə görə keyfiyyəti də var. Yerli rakılar litri  20-25 manatdan başlayır, pivələr 6-7 manatdan. Türkiyədə istehsal olunan şərabların isə dadına dad çatmaz, elə qiymətinə də. Yaxşı şərabın qiyməti 15 manatdan başlayır.

 

Didim tarixi yerlərlə, əyləncələrlə zəngindir

 

Didimdə baxmalı, gəzməli nə var, soruşsaz, Altınkum ətrafında yerləşən turizm şirkətləri sizə çeşidli xidmət təklif edə bilər. Çünki yaranması eramızdan 8000 il əvvələ, Neolit dövrünə qədər gedib çıxan  roma-yunan şəhəri Didim tarixi yerlərlə zəngindir. Şəhərin yaxınlığında e. ə. 600-cü ildə tikildiyi güman edilən Apollon Məbədinin, ilk filosofların bu ərazidə yaşadığı ilə bağlı əfsanələr dolaşan Filosoflar şəhəri Miletin xarabalıqları tarixsevər turistlər üçün sevimli yerlərdən biri sayılır.

Antik dövrə aid olan teatrın qalıqları da turistlərin üzünə açıqdır, bu xarabalıqlarda özünü bir neçə min il əvvələ işləyən zaman maşınında hiss edə bilərsən.

 

Dəniz keyfinə baxmaq istəsən, hər gün Altınkum və Akbük estakadalarından gəmi turları düzənlənir. Adambaşı 23 manata olan biletə günorta yeməyi, 4 kənd və  1 adaya səfər təklif olunur. Gəmi səfəri boyu isə yırğalanan gəmidə şaqraq musiqi altında rəqs etməyin, hər yan aldığı yerdə üzməyin bir ayrı zövqü var.

 

Cip safari təkcə ərəb səhraların üçün keçərli deyil. 40 manata Cip safaridə yetərincə əylənmək olar. Elə at safari də turistlərin sevimli əyləncələrindən biri sayıla bilər. Bu əyləncənin qiyməti isə 55 manatdır.

 

Didim aquaparklarla doludur. Belə bir əyləncə isə adambaşı 50 manata başa gəlir.

 

Didim Bodrum, Kuşadasının yaxınlığında bu yerlərə həm gəmi, həm də maşınla səyahət etmək olar.  Eyni zamanda, Didimdən 50-60 km məsafədə olan, YUNESKO mirası sayılan Efes Antik Kəndə, Məryəm ana ziyarətgahına (iddialara görə İsa peyğəmbərin anası burda dəfn olunub), şərabçılığı ilə məşhur qədim Şirincə kəndinə getmək olar.

 

Yay aylarında Didimdə həyatı daha maraqlı etmək üçün şəhər bələdiyyəsi də boş durmur, müxtəlif festivallar təşkil edir. Biz bu dəfə Altunkum-da düzənlənən Yazarlar Festivalına tuş gəldik.

 

Dənizin gözəlliyini, möhtəşəmliyini, göy üzündə əsrarəngiz mənzərə yaradan günəş qürubunu seyr etmək isə pulsuzdur.

 

Hər yer alış-veriş mərkəzi

 

Didimdə alış-veriş üçün çoxlu mağazalar var. Bura azlıq eləsə, şəhərin 56 km-dəki Sökə şəhərinin böyük ticarət mərkəzinə də baş çəkmək olar. Didimdən ora avtobusla adambaşı 4 manatdır. 35-40 manata bir günlük maşın da kirayələyib getmək olar. Bir günün kirayə haqqı 35-40 manatdır. Burda boyuk marketlərin, ticarət mərkəzlərinin qarşısında avtomobil saxlamaq üçün heç bir ödəniş istənilmir. Ancaq fiziki əngəli olan sürücülər üçün ayrılmış yerdə buna hüququnuz çatmadığı halda maşın saxlasanız, sizi cərimə gözləyir. Yeri gəlmişdən, sərnişin olsaz belə, avtomobil hərəkətdə ikən spirtli içki, heç pivə də içməyin, yoxsa yüksək məbləğdə cərimə oluna bilərsiz.

 

Düşünürsüz ki, heyf yay başa çatır, belə əsrarəngiz bir yerə gedə bilmədik? Qətiyyən heyfsilənməyib, burda dəniz mövsümü oktyabr-noyabra kimi davam edir. Əksinə, bəlkə də təyyarəyə bilet almağın zamanı elə indidir: axı, mövsümsonu hər kəs endirim edir...

OXŞAR XƏBƏRLƏR