"Fairmont Baku" hoteli Azərbaycanda ilk dəfə olaraq 5+ ulduz kateqoriyasına layiq görülüb. Səyyah.az-ın məlumatına görə, bu barədə hoteldən məlumat yayılıb. "Sizə məmnunluq hissi ilə bildirmək istəyirik ki, 17 apreldən etibarən Fairmont Baku Alov Qüllələr Bakida 5+ ulduzlu klassifikasiyanı alan yeganə oteldir!"-deyə məlumatda bildirilir.
Qeyd edək ki, Bakının ən hündür nöqtəsində, Alov Qüllələrində yerləşən «Fairmont Baku Hoteli" «Fairmont» otellər şəbəkəsinin dünyadakı 64-cü nümayəndəsidir. Oteldəki 318 nömrədən 299-u bütün lazımi vasitələrlə təchiz olunmuş lüks səviyyəli otaqlar, 19-u isə mənzillər – apartamentlərdir. Oteldəki nömrələrdən 57-si eksklüziv xidmətlərin göstərildiyi «Fairmont Gold» sinifli otaqlardır. «Fairmont Gold» otaqları «otel içində otel» kimi məşhur olan «Fairmont Gold» mərtəbəsində yerləşir.
Ənənəvi lüks rahatlıqlarla yanaşı, «Fairmont Gold» otaqlarında eksklüziv «Le Labo Rose 31» vanna ləvazimatları, yüksək sürətli İnternet (o cümlədən simsiz qoşulma), konfrans zəng imkanı ilə birbaşa yığım telefonları nəzərdə tutulub.
Sağlamlıq və fitnes «Fairmont Baku» otelindəki SPA mərkəzi dünya şöhrətli «ESPA» brendinin Azərbaycanda ilk spa-mərkəzidir. Otelin 5-ci və 6-cı mərtəbələrdə yerləşən və ümumi sahəsi 1 036 m² olan spa mərkəzi kişi və qadın hissələrinə bölünür, onun bir mərtəbəsi «aktiv istirahət» kimi, digəri isə prosedur və relaksasiya üçün passiv kimi nəzərdə tutulur. SPA-mərkəzində VIP otaqlar, kişi və qadınlar üçün ayrı-ayrı məkanlar – hamam, sauna, buxar otağı, buz fəvvarəsi, yoqa və meditasiyalar üçün zal da var.