Ucuz tur paketlər səyahət sığortasını artırdı

Xəbərlər 17 Avqust 2017 15:59 865
Ucuz tur paketlər səyahət sığortasını artırdı

Bu ilin birinci yarısında Azərbaycanda səyahət sığortası üzrə yığımların həcmi 13,7% artaraq 1,323 milyon manata çatıb. Seyyah.az portalının Fins.az-a istinadən məlumatına görə, ötən ilin eyni dövründə bu rəqəm 1,163 milyon manata bərabər olmuşdu.

Xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar artsa da, ödənişlər nisbətən azalıb. Belə ki, bu ilin 6 ayında xaricdə səyahət zamanı xəsarət alanların ödəniş xərcləri 1,3% azalaraq 129,083 min manat olub. Ötən bu sığorta növü üzrə ödənişlərin həcmi 130,756 min manat təşkil etmişdi.

 

Səyahət sığortasında zərərlilik aşağı düşüb

Nəticədə səyahət sığortası üzrə zərərlilik göstəricisi aşağı düşüb. Ötən il səyahət sığortası üzrə toplanan hər 100 manatdan 11,2 manatı ödəniş olaraq müştərilərə verilibsə, bu ilin eyni dövründə bu rəqəm 9,7 manata düşüb.

 

Xaricdə istirahət edənlərin artması yığımları artırıb

Sığorta eksperti Sənan Xalıqlı Fins.az-a açıqlamasında səyahət sığortası üzrə son nəticələrə münasibət bildirib. Onun sözlərinə görə, səyahət sığortası üzrə yığımların artması əsasən ucuz tur paketlərin artması ilə bağlıdır. Belə ki, ucuz tur paketlərlə xaricə səyahət edənlər artıb: “Xaricə gedən vətəndaş bunun üçün həm də səyahət sığortası əldə etməsidir. Ölkədən kənarda istirahət edənlərin artması səyahət sığortası üzrə yığımların artmasına səbəb olub”.

Bundan əlavə, sığorta öhdəliklərinin İPA beynəlxalq təkrarsığorta şirkətinə ötürülməsi sığorta şirkətlərinin işini asanlaşdırıb.

 

Ödənişlər ona görə azalıb ki…

Sığorta ödənişlərinin azalmasına gəlincə, S.Xalıqlı bildirib ki, bu, səyahət istiqamətlərinin dəyişməsi ilə bağlıdır: “Əvvəllər, daha çox dağlıq Avropa ölkələrinə xizək sürmək, ekstirim idman növləri ilə məşğul olmaq üçün səyahət edirdillər. İndi iqtisadi durumu nəzərə alaraq Türkiyə və Gürcüstan kimi ölkələri seçirlər”. S.Xalıqlı bildirib ki, bu ölkələrdə isə xəsarətalma kimi sığorta riskləri çox aşağıdır. Yaranan tendensiya öz növbəsində sığorta ödənişlərini də nisbətən azaldıb.

OXŞAR XƏBƏRLƏR