Bakıda səfərdə olan iraqlı turistlər buradakı şəraitdən və yerli vətəndaşların onlara münasibətindən razı qaldıqlarını bildiriblər.
Seyyah.az-ın xəbərinə görə, iraqlı turist Muhəmməd Əbu Əmir deyir ki, Azərbaycanda öz ölkəsindəki kimi rahatdır. “Bakının gözəlliyi, burda yaradılan abadlıq işləri və şəhərin gəzməli-görməli yerləri bizi valeh edir. Azərbaycana ilk dəfədir gəlirəm.
Bakı çox gözəl şəhərdir. Buradakı restoran və kafelər, eyni zamanda, otellər çox xoşuma gəldi. Ölkəniz haqqında İraqda dostlarımdan eşitmişdim. Ailəmlə birlikdə gəlmişəm, burda olduğum 10 gün müddətində digər şəhərlərinizi də gəzəcəyəm. Mətbəxiniz, musiqiniz, o cümlədən şəhərdə insanlarınızın qonaqlara qarşı olan xoş münasibəti bizi sevindirir”,-deyə iraqlı qonaq vurğulayır.
Xəbərlərdə axtarın: Ərəb turistlər narazıdırlar: Adi bir söz soruşmaq 5 manatdır – FOTO
Digər iraqlı turist Hadi Əbu Həsən də həmyerlisinin fikirlərini təsdiqləyir: “Dostumdan fərqli olaraq mən 12 gündür ki, Bakıdayam. Burada olduğum müddətdə Qız Qalası, Şirvanşahlar sarayı, ümumiyyətlə İçərişəhərdə olan bütün tarixi abidələrlə tanış oldum. Burada getdiyim hər bir məkandan zövq almağa çalışıram. Bundan öncə Qəbələ şəhərində olmuşam. Orada turistlər üçün yaradılan şəraitin xüsusi zövq verir. Yaşıllıqlar bizi məftun etdi. Yəqin ki, yaxın vaxtlarda digər şəhərlərdə də olacağıq. Azərbaycan haqqında onu deyə bilərəm ki, ölkəniz təmiz və sakit ölkədir. İnsanlar burda bizə çox xoş münasibət göstərirlər. Biz hər şeydən razıyıq”.
Bakının Nizami (Tarqovi) küçəsində gəzən digər iraqlı turist Həmzə Əbu Səbih isə sabah İsmayıllıya yola düşür. O, rayonun təbiəti haqqında internetdən məlumat toplayıb. Çox heyranlıqla deyir ki, İsmayıllı meşələrini gəzməyi səbirsizliklə gözləyir. Ümumilikdə ölkəmizdəki turizm imkanları haqqında çox gözəl fikirdə olan iraqlı turist Azərbaycana 5-ci dəfədir ki, gəldiyini qeyd edir: “Mən ailəmlə hər yay Azərbaycana gəlirəm. Bakıdakı otellər turistlərin qalması üçün hərtərəfli şəraitlə təmin edilib. Biz bura sırf turist kimi gəlmişik, istirahət etmək istəyirik. Ölkənizdə tanış olmadığımız yerlərlə tanış olmaq istəyirik. Azərbaycanın iqlimi də mükəmməldir. Heç bir şeydən şikayətimiz yoxdur, hər şey yüksək səviyyədədir. İsmayıllıdan sonra Qəbələyə də gedəcəyimizi nəzərdə tutmuşuq”.
Muhəmməd Əbu Şam və Kərəm Əbu Əhməd də iraqlı turistlərdir. Hər iki turist 8-ci dəfədir ki, Azərbaycana gəlirlər. Qubada və Qusarda olduqlarını deyən turistlər növbəti dəfə Qəbələyə gedəcəklərini söyləyirlər. Bakıdakı və getdikləri bölgələrdə bütün şəraitdən razı qalan iraqlı turistlər qeyd edirlər ki, gün ərzində təxminən adambaşına 150 manat pul xərcləyirlər. “Valyuta problemimiz olmur, qaldığımız otellərdə valyuta dəyişmə məntəqələri var və bu bizim işimizi asanlaşdırır. Bakıda hər hansı bir yerə getmək üçün heç bir problemlə qarşılaşmırıq, özümüzü ölkəmizdəki kimi hiss edirik. Arzu edirik ki, bu gözəllik və imkan Azərbaycandan heç zaman əskik olmasın”.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin ilk rübündə Azərbaycana 19 min 355 nəfər iraqlı turist səfər edib. Bu da ötən illə müqayisədə 1,5 dəfə artıqdır.