Türkiyə səfiri: «Biznes əlaqələrimiz görünəndən daha da dərindir» - MÜSAHİBƏ

Xəbərlər 22 Avqust 2017 12:32 479
Türkiyə səfiri: «Biznes əlaqələrimiz görünəndən daha da dərindir» - MÜSAHİBƏ

Azərbaycanla Türkiyə arasındakı iqtisadi və biznes əlaqələri, bu sahədəki imkanlar, gözlənilən yeniliklər və onların biznes əlaqələrinə təsiri barədə «İş dünyamız»ın suallarına Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral cavab verir.

 

- Cənab səfir, 10 ildən artıqdır ki, fəaliyyətiniz Azərbaycanla bağlıdır. Hazırda isə səfir kimi, Azərbaycan-Türkiyə əlaqələri ilə birbaşa məşğulsunuz. Azərbaycanda fəaliyyətə başladığınız qısa bir müddət ərzində Azərbaycan-Türkiyə münasibətlərini indiki səviyyəsini necə qiymətlənidirsiniz?

- Türkiyə ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bu gündə eyni şəkildə davam edir. Ötən dövrlərdə bu əlaqələr daha da güclənib, dərinləşib, iki ölkə hazırda bir-biri ilə daha sıx tellərlə bağlıdır və bir-birinə daha çox dəstək verən hala gəlib.

Aramızdakı siyasi münasibətlər ümumiyyətlə mükəmməl səviyyədədir. Dünyada belə sıx əlaqələrə malik başqa iki ölkə tapmaq mümkün deyil. Hər halda «bir millət, iki dövlət» deyilən çox az dövlət var.

Və bütün bu əlaqələrin təməli millətdə və xalqın könlündədir. Həm Türkiyədə, həm də Azərbaycanda iki ölkənin xalqları arasında bir-birinə çox böyük sevgi məhəbbət var. Əlaqələrimizin qüvvəti də buradan gəlir.  

 

- İqtisadi sahədə Azərbayan Türkiyə əlaqələri indiyədək də sıx inkişaf edib. Bəs bundan sonrakı əməkdaşlıq üçün hansı potensialın olduğunu qeyd edə bilərsiniz?

- Əlbəttə ki, hər sahədə əlaqələrin istədiyimiz səviyyədə olmasını söyləyə bilmərik. Məsələn, iqtisadi sahədə mütləq bizim tapıb işə salmalı olduğumuz böyük potensial var. Əvvəlki dövrlərdə müqayisədə iki ölkə arasındakı ticarət dəfələrlə artıb. Doğrudur, son vaxtlar bu sahədə yenidən azalma müşahidə olunur, amma bunun səbəbləri də dünyadakı qlobal iqtisadi proseslərlə bağlıdır. Ona görə də iqtisadi münasibətləri daha da inkişaf etdirmək üçün daha ciddi çalışmaq lazımdır.

Biz son illər Türkiyə ilə Azərbaycan arasında çox böyük layihələr tamamladıq. Artıq iki ölkəni bir-birinə təkcə xalqların sevgisi deyil, böyük kəmərlər də bağlayır. Bunlar Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləridir. Bu yazda isə üçüncü bir xətt - Bakı-Tiflis-Kars dəmiryolu işə düşəcək. Yaxın zamanda onun da istifadəyə verilməsinin şahidi olacağıq. Gələcək illərdə isə bura TANAP təbii qaz kəməri də əlavə olunacaq. Bütün bunların nəticəsi olaraq gələn il bu vaxt iki ölkə arasında münasibətlər bu günkündən qat-qat inkişaf etmiş olacaq.

 

- Cənab səfir, Azərbaycan vətəndaşları Bakı-Qars dəmiryolunun işə düşməsini böyük səbirsizliklə gözləyirlər. Bu işə düşəndən sonra həmin qatarla Türkiyəyə gedib-qayıtmayan yəqin bir azərbaycanlı da qalmayacaq. Bəs bu kəmərin işə düşməsi Azərbaycan-Türkiyə arasındaki iqtisadi münasibətlərə hansı formada təsir edəcək?

- Bakı-Tiflis-Qars dəmiryolu sadəcə Bakıdan Qarsa qədər uzanan xətt deyil, eyni zamanda çox böyük bir dəmiryol xəttinin bir parçasıdır. Bu xətt Çinin Şərqini - Şanxayı, Avropanın qərbinə - Londona bağlayacaq. Ona görə də bu xəttin yaradacağı iqtisadi faydaları təkcə Türkiyə ilə Azərbaycan deyil, həm də Avropa və Asiya da hiss edəcək. Faktiki olaraq, bu, qədim İpək yolunun  dəmiryolu üzərində təkrar canlanması olacaq. Bildiyiniz kimi, bir qədər əvvəl Türkiyədə Avrasiya Tuneli işə düşüb. İstanbul boğazının altı ilə çəkilən bu dəmiryolu şəhərin Avropa və Asiya hissələrini birləşdirir. Hazırda bu xətt üzərində iki kəsik nöqtə var - biri Bakı-Qars hissəsi, digəri Xəzər dənizindəki hissədir. Bunu da qatar daşıyan gəmilərlə - bərələrlə gücləndirdikdən sonra yaranan xətt Avropa ilə Asiya arasındakı ticarəti qat-qat artıracaq. Hesablamalar göstərir ki, bu xətt ticarət əlaqələrini qat-qat yüksəldəcək və buradan böyük həcmdə yüklər daşınacaq.

 

- Dəmiryolunun işə düşməsi, necə işləyəcəyi ilə bağlı hazırlıqlar başlayıbmı?

- Bəli, hazırda Türkiyə, Gürcüstan və Azərbaycanın müvafiq orqanları arasında dəmiryolunun necə işləyəcəyi, daşımaların və ticarətin ən yaxşı hansı formada aparılması ilə bağlı müzakirələr davam edir. Onlar da artıq bitməkdədir, yaxın vaxtlarda dəmiryolundakı tariflər, gömrük keçidlərinin və dəmiryolu stansiyalarının tənzimlənməsi, nəzarət, təhlükəsizlik sisteminin qurulması mövzusunda üç ölkə arasında müzakirələr başa çatacaq. Beləliklə, dəmiryolu işə düşdükdə onunla bağlı bütün hüquqi baza tamamlanmış olacaq.

 

- Bakı-Tiflis-Qars dəmiryolu ilə ilk növbədə nə daşınacaq, yüklər, yoxsa sərnişinlər?

- Eyni vaxtda həm sərnişinlərin, həm də yüklərin daşınmasına başlanacaq. Amma əsas hədəf böyük yüklərin daşınması olacaq. Çünki hazırda Avropa ilə Asiya arasında yüklərin daşınması bö­yük müddət tələb edir. İndi bu yüklərin əksəriyyəti gəmilərlə, iki okeanı keç­məklə həyata keçirilir. Bakı-Tiflis-Qars dəmiryolu işə düşdükdən sonra isə bu müddət 12-15 günə enmiş olacaq. Dəmiryolunun gətirəcəyi əsas fayda budur.

 

- Cənab səfir, hazırda Azərbaycanda ciddi iqtisadi islahatlar və biznes mühitinin sürətlə təkmilləşdirilməsi prosesi gedir. Sizcə türk iş adamları və türk şirkətləri bu prosesə necə tövhə verə bilərlər?

- Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərə baxsaq, Azərbaycanın qeyri-neft sektoruna ən böyük sərmayələri Türkiyə şirkətləri qoyublar. Türk şirkətləri ölkədə çoxsaylı iş yeri açıblar. Bizim bundan sonra edəcəyimiz töhfələr də bu sahələrdə olacaq. Azərbaycanda iqtisadiyyatın inkişafı üçün hökumətin müəyyən etdiyi istiqamətlər və 11 yol xəritəsi müəyyən edilib. Bunların arasında kənd təsərrüfatı, turizm, tikinti və digər sahələr var. Bizim iş adamlarımızın, türk firmalarının edəcəyi yatırımlar da bu sahələrə, yəni  Azərbaycanın ehtiyac duyduğu sahələrə yönələcək. Bu sahələrdəki məhsullar qeyri-neft sektorunun inkişafına böyük təsir edəcək.

 

- Türk biznesinin Azərbaycanda daha da aktivləşməsi üçün  hansı işlər görülür?

- Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər iş adamlarını bir-birinə çox yaxınlaşdırıb. İş adamlarının öz aralarındakı iş birlikləri kənardan görünəndən daha da dərindir. Amma yatırım etmək asanlıqla verilən qərar deyil. Sərmayənin təşviqi üçün müxtəlif amillər var. Azərbaycan hökumətinin son vaxtlar qəbul etdiyi qərarlar da iş adamlarını Azərbaycana yatırım etməkdə təşviq edəcək. Məsələn, texnoparklarda vergi güzəştləri olacaq, burada lazımi şəraitlər yaradılır, infrastruktur çəkilir və s. bütün bunlar iş adamlarının yatırım etməsini təşviq edir. Türk iş adamlarıda bunları görərək istifadə edəcəklər.

 

- Əslində xarici investisiyaları bütün ölkələr, o cümlədən Türkiyənin özü də cəlb etmək istəyir. Hazırda bir sıra Azərbaycan şirkətləri də Türkiyədə ciddi biznes fəaliyyəti həyata keçirir, qardaş ölkəyə çoxmilyonluq yatırımlar edirlər. Bu prosesi daha da  stimullaşdırmaq üçün hansı addımlar atılır?

- Bir az əvvəl də qeyd etdiyim kimi, ölkələrimiz arasındakı iqtisadi münasibətlər kənarda görünəndən daha böyükdür. Bunun da səbəbi Azərbaycanın müstəqillik qazandığı bu 25 il ərzində əldə etdiyi iqtisadi nailiyyətlərlə bağlıdır. Azərbaycan artıq özünə investisiya cəlb etməklə yanaşı, eyni zamanda xaricdə yatırım edən ölkəyə çevrilib. Hazırda Azərbaycanın ən böyük yatırım etdiyi ölkə də elə Türkiyədir. Qarşıdakı illərdə Star neft emalı zavodunun tikintisinin tamamlanması ilə Türkiyədəki Azərbaycan yatırımlarının məbləği 20 milyard dolları keçmiş olacaq. Və Azərbaycan Türkiyədə ən böyük xarici sərmayəçi olacaq.

Doğrudan da dünyadakı bütün ölkələr, o cümlədən Türkiyə də, xarici investisiyalar cəlb etməyə çalışır. Bunun üçün həm yerli həm də xarici yatırımçılara yönəlik bir sıra tədbirlər görülür. Türkiyədə cazibə mərkəzləri yaratmaq layihələri var, və bunlar da investorları cəlb edəcək.   

 

- Son olaylardan sonra Türkiyədə turizm sektorunda müəyyən problemlər yarandı. Bu sahənin inkişafı, canlandırılması üçün hansı addımlar atılır və atılacaq?

- Bəli, təəssüf ki, son iki ildə yaşadığımız bəzi hadisələrə görə, Türkiyəyə gələn turistlərin sayı ciddi surətdə azalıb. Amma bu il, 2017-də bu proseslərin tərsinə inkişaf edəcəyini gözləyirik. Biz bu il Türkiyəyə turistlərin cəlb edilməsi üçün ciddi tanıtım kampaniyasına başlayırıq. Əslində turistlər çox həssasdırlar və onlar bir ölkəni tərk edərlərsə, onları geri qaytarmaq çətindir. Amma bizim bu sahədə mühüm bir üstünlüyümüz var: son iki ildə Türkiyəyə gəlməyib, başqa ölkələrə gedən dostlarımız bizə deyir ki, heç bir ölkədə xidmət səviyyəsi Türkiyədəki kimi deyil. «Türkiyədəki qiymətləri, keyfiyyət və dadı heç bir ölkədə tapa bilmədik», deyirlər. Biz də aparacağımız kampaniyada bu üstünlükləri ölkəmizə gəlmək niyyəti olanlara xatırladacağıq. Təbii ki, Türkiyə olaraq bunun üçün bütün qurumlarımızla çalışırıq. Turizm Nazirliyimiz və Türk Hava Yolları da bununla əlaqədar çalışır. Mövsüm yeni başlayır və biz sərgilərə qatılırıq, Bakıda aprelin əvvəlində keçiriləcək turizm sərgisinə də qatılacağıq.

 

- Bir qədər əvvəl Azərbaycanda fəaliyyətə başlayan Türk sənayeçi və iş adamları yeni bir qurum - TÜİB təşkilatı ətrafında birləşib. Qurumun ilk görüşlərindən biri məhz böyük elçilikdə baş tutub. TÜİB-in fəaliyyətindən hansı gözləntiləriniz var?

- TÜİB-in fəaliyyətlərindən təkcə mənim deyil, burada çalışan türk iş adamlarının, hətta türk vətəndaşlarının da gözləntiləri var. TÜİB-in etməyi lazım gələn əsas məqam türk iş adamlarının buradakı varlığını Azərbaycan cəmiyyətinə daha yaxşı göstərmək, türk iş adamlarına isə buradakı güclərini, imkanlarını göstərməkdir. Türk iş adamlarının ümumi problemləri olduğu zaman onlara sahib çıxaraq Azərbaycan dövləti ilə türk iş adamları arasında bir körpü vəzifəsini yerinə yetirmək, onları bir- birinə anlatmalarına yardımçı olmaqdır.

Mənbə: TÜİB-in "İş Dünyamız" jurnalı

OXŞAR XƏBƏRLƏR