Mövsümün sonu – ÇİMƏRLİK GÜNDƏLİYİ

Xəbərlər 22 Avqust 2017 12:57 839
Mövsümün sonu – ÇİMƏRLİK GÜNDƏLİYİ

Təxminən bir həftə, on günə kimi bu ilin də çimərlik mövsümü başa çatacaq. Mövsümün bundan sonra neçə gün davam edəcəyi hava şəraitindən asılı olacaq. Bu il də çimərlik mövsümü xata-bəlasız – ölümsüz ötüşmədi. Hafta.az-ın xəbərinə görə, tək son bir ay ərzində ölkə çimərliklərində 11 nəfər boğulma təhlükəsi ilə üzləşib ki, onlardan da 7-i ölümlə nəticələnib.

Bəs çimərliklərdə gigyenik vəziyyət, konfort şərait hansı səviyyədədir? Eksperiment aparmaq üçün sayılıb-seçilən, digər çimərliklərə nisbətən suyu şəffaf olunan Bilgəh çimərliyinə üz tutduq.

İlk olaraq diqqətimizi bir məqam cəlb etdi. İnsanlar nəzarətçilərin göstərişi ilə “Çimmək qadağandır” yazılmış lövhənin yanında çimirdilər. Səbəbini soruşduqda dedilər ki, əvvəllər bura çirkli və su bulanıq və zibilli olduğu üçün belə bir lövhə vurulub. Sonradan su çimməyə yararlı vəziyyətə gətirildiyi üçün lövhəni çıxarmaq yaddan çıxıb.

Onu da deyək ki, FHN əməkdaşları insanları boğulma təhlükəsi ilə üz-üzə qoymamaq üçün haşiyələnmiş yerdə çimmək üçün tez-tez xəbərdarlıq edirdilər. Bəzi hallarda isə yeniyetmələr və sevgililər gözdən yayınaraq kütlədən aralı düşməyə can atır, kənarda çimməyə çalışırdılar. Gözətçi postundakı nəzarətçinin fit çalaraq xəbərdarlıqlarından sonra yenidən hər kəsin çimdiyi zonaya daxil olurdular. Ümumiyyətlə bu hal tez-tez təkrarlanırdı.

Çimərlikdə satılan qadın, kişi və uşaqlar üçün satılan çimərlik paltarları bahalılığı ilə diqqətimizi çəkdi. Şəhərdə 4-5 manata olan kişi çimərlik geyimləri Bilgəh çimərliyində 10-12 manata alıcılara təklif olunurdu. Uşaqlarla böyüklərin də çimərlik geyimlərində elə bir qiymət fərqi yox idi; bir ya iki manat fərq edirdi.

Qazlı, qazsız sular, pivə və enerji içkiləri satanlar da “qaz vurub qazan doldurmaqla” məşğul idi. Mağazalarda yarım litri 1.40 azn olan pivə 3 manata alıcılara təklif olunurdu. Onu da deyim ki, baha olmasına baxmayaraq, alıcıları çox idi.

Bir də eşitdik ki, 13-14 yaşlı bir uşaq qadağan olumuş sahədə çimdiyi üçün boğulma təhlükəsi ilə üzləşib. Gözətçi postundakı nəzarətçinin sayıqlığı nəticəsində xilasedicilər insanların içindən yara-yara boğulma təhlükəsi ilə yaşayan uşağı sudan çıxardılar. Yeniyetmə heç nə olmamış kimi yenə də qadağan olunmuş əraziyə tərəf meylləndiyi üçün xilasedicilər anasına xəbərdarlıq etdilər ki, övladını nəzarətsiz qoymasın.

Sahildən on – on beş metr aralıda, suyun insan bədəninə nisbətdə bir metr civarında olduğu yerlərdə selfi çəkdirənlər diqqətimizi cəlb etdi. Birdən “İphone 6”-lardan biri dənizə düşdü və bayaqdan çimmək əvəzinə rəfiqələri ilə selfi çəkən xanımın qanı qaraldı. Yanındakı xanımın onlara kömək etməyə çalışan bir gəncə dediyi sözlər qulağımı cingiltdədi: “Yazıq hələ kreditini ödəyib qurtarmamışdı”.

Bir qədər sonra Güney Azərbaycandan gələn bir turistin eynəyi də dalğalar arasında yoxa çıxdı. 

Qarğıdalı və günəbaxan tumları satanların isə “bazarı ölmüşdü” deyəsən. Heç nə sata bilməməkdən gileylənirdilər.

Çimərliyə günəşlənmək üçün gələnlərdən başqa öz istedadlarını nümayiş etdirməyə gələnlər də vardı. “Rəssam deyilik, mebel ustasıyıq” deyən iki gənc dəniz qumu üzərində torpaqdan su pərisi düzəltdilər. Sonra selfilər başladı. Yaraşıqlı qızlar, “su pəri”si ilə fotolar çəkir. İstedadlı mebel ustaları ilə tanışlığa can atırdılar. Oğlanlar da təvazökarcasına gənc və orta yaşlı xanımların selfilərini çəkməklə “halal olsun”ları qəbul edirdilər.

Günün batmağına az qalır. Artıq hər kəs qurulanıb pal-paltarlarını da götürüb paltardəyişmə kabinetlərinə üz tuturlar. Beləcə çimərlik mövsümünün son günlərindən biri haqqında tutduğumuz gündəliyimizi başa vururuq.

Mənbə: Həftə içi

OXŞAR XƏBƏRLƏR