Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi Avropa ölkələrindən biri – Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb. Seyyah.az-ın məlumatına görə, nəticədə bu ölkəyə müxtəlif məqsədlərlə səfər planlaşdıran azərbaycan vətəndaşları böyük çətinliklərlə üzləşiblər.
Bu barədə seyyah.az-a Macarıstanda təhsil almağı planlaşdıran və tezliklə viza almalı olan tələbələrin valideynləri məumat verib. Səfirliyin ofisinin qarşısında vurulan elanda bildirilir ki, səfirlikdə baş verən fors major vəziyyətlə əlaqədar olaraq Konsulluq şöbəsi qeyri-müəyyən müddətə müvəqqəti olaraq bağlanıb.
Səfirliyin özündə seyyah.az-a bu məlumatı təsdiqləyərək bildiriblər ki, «Səfirlikdə baş vermiş fors major vəziyyətlə əlaqədar olaraq Konsulluq şöbəsi qeyri-müəyyən müddətə müvəqqəti olaraq bağlıdır.
Təəsüf ki, bu müddət ərzində Konsulluq şöbəsində sənədlərin qəbulu müvəqqəti olaraq dayandırılmışdır. Beləliklə, qısa müddətli C vizası üçün müraciət edən ərizəçilərə viza üçün Macarıstanın Tbilisidə yerləşən səfirliyinə və ya Azərbaycanda yerləşən Şengen sazişinə üzv olan digər səfirliklərə müraciət etmək tövsiyyə olunur. Təcili olduğu halda uzun müddətli D vizası üçün müraciət edən ərizəçilər isə yalnız Macarıstanın Tbilisidə yerləşən səfirliyinə müraciət edə bilərlər. Ümid edirik ki, yaranmış vəziyyət qısa müddətdə həllini tapacaqdır. Bununla bağlı hər hansı bir yeni məlumat olduğu halda, ərizəçilərə məlumat çatdırılacaqdır».
Macarısan səfirliyinin konsulluq şöbəsinin adını açıqlamaq istəməyən əməkdaşı seyyah.az-a bildirib ki, fors-major adlandırılan vəziyyətin səbəbi, səfirlik binasını su basması və viza verilməsində istifadə olunan sistemin zədələnməsidir. Nəticədə səfirlik vizaların verilməsini nəinki dayandırıb, hətta bunun nə vaxt bərpa olunacağı da bəlli deyil: «Dəqqi bilmirik, bu proses, 1 həftə, 10 gün, hətta br ay da davam edə bilər»-deyə konsulluq işçisi bildirib. Maraqlıdır ki, səfirlik heç olmasa Macarıstana oxumağa gedən və buna görə də vaxt qıtlığı şəraitində viza almalı olan şəxslər üçün də heç bir istisna və ya heç olmasa Gürcstandakı səfirlikdən Azərbaycan vətəndaşları üçün müraciətlə bağlı əlavə rahatlıq yaratmaq üçün heç bir addım atmayıb. Belə ki, səfirlik sənədləri Bakıda qəbul edib Gürcüstana özü də göndərə və ya fors major vəziyyətlə üzləşmiş Azərbaycan vətəndaşları üçün Gürcüstandakı səfirlikdən müraciət günləri ala bilərdi. Nəticədə təhsil üçün gedən şəxslər əlavə gərginliklə üzləşməzdilər. Səfirlikdə isə bunu etməkdənsə konsulluq ofisinin qarşısına elan vurmaqla kifayətləniblər.
İstənilən halda, yuxarıda qeyd edildiyi kimi, Macarıstana turist səfərinə gedənlər Şengen vizasını bu zonaya daxil olan digər səfirliklərdən ala bilərlər. Macarıstana təhsil üçün səfər edən və uzunmüddətli viza almaq istəyənlər isə viza üçün Macarıstanın Gürcüstandakı səfirliyinə müraciət edə bilərlər.