“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi bütün Azərbaycanı sevindirdi. O cümlədən, şirkətlər də bu uğura sevinirlər, həm də fürsətdən istifadə edərək özlərini reklam edirlər.
"Qarabağ" futbol klubunun sponsoru, "Azərsüd"ün də istehsalçısı olan "Azərsun Holdinq"dir. Ancaq klubun uğurundan "Atena" daha çox yararlanmış kimi görünür. "Atropatena" şirkəti istehsal etdiyi “Atena”südünü, "Südüm sizə halal olsun" şüarının yazıldığı və Ağdam klubunun loqosunun əks olunduğu foto ilə reklam edir.
Seyyah.az portalının məlumatına görə, "Marja" xəbər verir ki, “Atena”nın Facebook səhifəsində paylaşdığı foto böyük maraqla qarşılanıb və xeyli paylaşılıb. Tural Tağısoy yazıb ki, “Azərsun”un marketoloqları fil qulağında yatıblar, bunu əslində onlar etməli idilər.
Digər izləyicilər də paylaşımı müsbət qarşılayıblar. Şirkətin bu fürsətdən məharətlə istifadə etməsini alqışlayıblar.
Həmçinin bu reklamı tənqid edənlər də var. Tənqidçilər bildirirlər ki, uğuru qazananlar inək yox, ana südü ilə böyüyüblər. Lakin fotodan da görünür ki, ifadə inəyin adından deyilir və burada inək südünə işarə edilir.

“Azərsüd”ün Marka rəhbəri Elşən Əmirov “Marja”ya bildirdi ki, holdinqin marketinq komandası tərəfindən “Qarabağ”ın uğuru ilə əlaqələndirilmiş paylaşımlar edilib:
“Atena” tərəfindən foto paylaşılıb. “Azərsüd” isə video formatında paylaşım edib. Məlumdur ki, video reklamın hazırlanması foto reklamdan daha çox vaxt tələb edir. Bu səbəbdən sosial şəbəkələrdə “Atena” “Azərsüd”dən daha tez reklam paylaşımı etmişdir. Hazırladığımız qısa video çarxda “Qarabağın Qəhrəmanları, Sizi Dəstəkləməkdən Qürur Duyuruq!” ifadəsindən istifadə edilib.
“Qarabağ”ın uğurundan faydalanmaq istəyən markalar çoxdur.
“Məsələn “Gate 25” adlı restoran “Qarabağ”la qürur duyuruq ifadəsini işlət, 50% endirim əldə et” şüarının yazıldığı foto paylaşıb.
