Avqustun 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilib.
Seyyah.az turizm portalı xəbər verir ki, “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 22 ölkənin (Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.
Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının eqidası altında keçirilən festivalı izləyənlər arasında рясми шяхслярля йанашы, bir neçə ölkənin Azərbaycandakı səfirləri, 5 mindən çox yerli və xarici turist olub.
Vurğulanıb ki, mürəbbə festivalı təkcə Qəbələnin deyil, ölkəmizin bütün bölgələrinin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır.
Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.
Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis və ekspertlərin daxil olduğu münsiflər heyəti qalibləri müəyyən edib.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və sərgi təşkil olunub. Festivalda komandalar tərəfindən təqdim olunan müxtəlif çeşiddə mürəbbələr, şirniyyat və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olub. Festivalda mürəbbə, şərab, meyvə şirələri, qida məhsulları istehsal edən müəssisələr də öz məhsullarını nümayiş etdirə biliblər.
Qəbələnin “Savalan” Üzüm Emalı və Şərab İstehsalı Müəssisəsinin müxtəlif çeşiddəki brend məhsulları əcnəbi turistlərin böyük marağına səbəb olub. İnsanlar əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələrin dadına həvəslə baxıblar, onların hazırlanması üsulu ilə maraqlanıblar.
Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin, Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil edilib.
Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib. Festivalda hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa qeyri adi mürəbbələr də (qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu, cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan mürəbbələr) nümayiş olunub
Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. İştirakçılara kubok, medal və qiymətli hədiyyələr verilib.
Festival maraqlı konsert proqramı ilə davam etdirilib.