Türkiyənin Antalya şəhərinə yollanan bir qrup azərbaycanlı dincəlmək istədikləri "Sirene Belek” otelindən qovulublar.
Seyyah.az xəbər verir ki, bu barədə yenicag.az-a sözügedən məkanda hadisənin şahidi olan turist xəbər verib. Onun sözlərinə görə, qovulanlar arasında bir sıra idmançılar da var.
Qovulanlar arasında MMA döyüş növü ilə məşğul olan Gündüz Nəbiyev, universal döyüş növü üzrə dünya çempionu Sənan Dünyamalıyev, qarışıq döyüş növləri üzrə dünya çempionu Etiqat Atakişiyev və güləşçi Turxan Qurbanov da olub. Ümumilikdə, 15 nəfərdən ibarət olan qrupa Şəmkir rayon İcra Hakimiyyətinin məsul işçilərindən birinin oğlunun rəhbərlik etdiyi deyilir.
Həmin şəxslərin oteldən qovulmasına gəlincə, buna onların otel ərazisində özlərini ədəbsiz aparmaları səbəb olub. Bu ədəbsizliyə hovuz kənarında dincələn turistləri suya tullamaq, "Sirene”nın barında qadınlara sataşmaq və s. kimi davranışlar daxildir. Ailəvi istirahət məkanı olan "Sirene Belek”-də idmançılarımızın özlərini son dərəcədə "sərbəst” aparmaları otel sakinlərindən tutmuş heyətə kimi hamının canını boğazına yığıb. İki gündə çoxsaylı şikayətə səbəb olduqlarından rəhbərlik azərbaycanlıların istirahətini yarımçıq kəsərək, qrupu qapının ağzında qoyub.
Məlumatı Antalyanın Belek bölgəsində yerləşən "Sirene Belek” otelindən də təsdiqləyiblər:
"Bəli, belə bir hadisə baş verib. Buna görə də çox məyusuq. Nəticədə məcbur qalıb, həmin şəxsləri oteldən uzaqlaşdırdıq. Buna səbəb isə qeyd etdiyiniz qonaqların uyğunsuz hərəkətləridir. Xüsusən də hovuz başında, ailələrin olduğu yerlərdə içkili halda turistlərə sataşıblar”, deyə otel nümayəndəsi bildirib.