«Qalaaltı» hotelinin rəhbərliyi Qalaaltı ərazisindəki mineral su bulağının və buraya gedən yolun hotel tərəfindən zəbt olunması ilə bağlı yayılan məlumatlara cavab verib.
Seyyah.az turizm portalı xatırladır ki, bir neçə gün əvvəl «Qanun» nəşriyyatının sahibi Şahbaz Xuduoğlu özünün Instagram səhifəsində «Qalaaltı» hotel rəhbərliyinin Qalaaltı ərazisindəki mineral su bulağı və Çıraqqala qalasına aparan yolu zəbt edərək bulağı mənimsədiyini bildirmişdi.
«Hazırda Qalaaltı hotelinin qarşısındayam. Bildiyiniz kimi hotel təzə istifadəyə verilib. Amma bundan öncə burada böyük bir yol var idi, bu yol bizi Qalaaltıdakı mineral suyu olan bulağa aparırdı. Sonra bulağın yanından da davam edib bizi Çıraqqalaya çıxarırdı. Təəssüflər olsun ki, bu gün bu hoteli düz o yolun üstündə tikiblər, bulağı da mənimsəyiblər. Gələn camaata da icazə vermirlər ki, içəri girsinlər, deyirlər bağlıdır. Bulağın suyunu içmək istəyənləri də kənarlaşdırırlar, deyirlər ki, dərə aşağı gedin, orada su tökülür, o sudan için. Mən anlamıram ki, hansı yekəxana bu hoteli yolun üstündə tikə bilər? Bu yol xalqın yoludur, bu su xalqın suyudur, yeraltı sərvətdir, xalqa məxsusdur» – deyə o, Ş.Xuduoğlu yazıb.
Məsələ ilə bağlı seyyah.az-a açıqlama verən “Qalaaltı” otelinin direktoru Doğan Kaş deyilənləri təkzib edib. Hotel rəhbəri nəinki bulağı mənimsədiklərini, əksinə bulağı hər kəsin istifadə edə biləcəyi formaya gətirdiklərini dedi: «Bu məlumatın heç bir əsası yoxdur. Biz əkisnə burada hər kəsin fayadalana biləcəyi bir bulaq düzəltdik. Müalicəvi suyun hamıya əlçatan olması üçün otelimizin qarşısında şərait yaratdıq. Bulaq ətrafında kiçik park da saldıq ki, müalicəvi sudan həır kəs rahatlıqla faydalana bilsin.
Müalicəvi suyun xüsusiyyətinə görə, onu yığıb saxlamaq olmaz, çünki keyfiyyətini itirər. Ona görə də otelimizdə su tədarük olnmadan – bulaqdan çıxdığı kimi istifadə olunur. Belə olan təqdirdə bulağın qarşısını kəsib mənimsəməyimiz mümkün deyil və bunun bizə heç bir faydası olmaz».
D.Kaş qalaya gedən yolun bağlanması ilə bağlı deyilənə də aydınlıq gətirib: «Tamamilə yanlış fikirlərdir çünki qalaya gedən yolun bizimlə bir bağlılığı yoxdur. Həmin yol ərazidəki kəndin içərisindən keçir və bu əlli ildən çoxdur ki, insanlar qalaya eyni istiqamətdən gedirlər. Otel qonaqları da eyni şəkildə istifadə edirlər».
Qeyd edək ki, Çıraqqala Siyəzən rayon mərkəzinin 20-25 kilometrliyində, Bakı şəhərindən 150 km aralı Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə yerləşən müdafiə qalasıdır. Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli 1262 nömrəli sərəncamı ilə «Çıraqqala» tarixi kompleksi tarixi qoruq elan edilib və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilib.
Müsahibimiz deyir ki, otelin qala ilə bağlılığı yoxdur, qala özü tarixidir, otelin yerləşdiyi ərazi isə adi yerdir, tarixi deyil: «Otelin yerləşdiyi ərazi, nə də binası tarixi deyil, bura sonradan yaradılan bir obyektdir. Məqsədimiz insanlara yüksək turizm xidməti göstərməkdir, nə yol kəsmək, nə də su kəsməkdir. Bununla bağlı sübutlarımız da var. Ona görə də biz şəkillərlə, digər sübutlarla aidiyyatı qurumlara, o cümlədən Mədəniyyət və Turzim Nazirliyinə müraciət ünvanlamışıq. İstənilən şəxs gəlib bizim buradakı işimizlə yaxından tanış ola bilər».