Azərbaycana gələn turistlər bunlardan narazıdır

Xəbərlər 11 Sentyabr 2017 14:40 150
Azərbaycana gələn turistlər bunlardan narazıdır

"Xarici ölkələrdən Azərbaycana gələn turistlərin böyük əksəriyyəti buradan razı gedirlər. Amma onların arasında bəzi şeylərdən narazı qalanlar da var".

Seyyah.az xəbər verir ki, bunu Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

Büronun sözçüsü turistlərin narazı qaldığı həmin məqamları da açıqlayıb: "Biz ölkəmizə gələn turistlərin bir qisminin arasında sorğu keçirmişik. Birincisi, turistlər deyiblər ki, yerli əhalinin ingilis dilini zəif bilməsi onlar üçün sıxıntı yaradıb. İkinci əsas narazılıq nəqliyyatda, xüsusən taksi sürücülərinin yalanları və fırıldaqçılığıdır.

Onlar animatorların sayının azlığından şikayət ediblər. Yəni turistlərin fikrincə, burada onlar üçün əyləncələr azdır. Bundan əlavə, problemlərdən biri bələdçilərin azlığı və keyfiyyəti məsələsidir. Eləcə də, "rent a car", yəni turistlərin avtomobillərin icarəyə götürməsi ilə bağlı problem var. Turistləri narahat edən digər məsələlərdən biri isə ictimai tualetlərin, ayaqyoluların az olması, bəzi yerlərdə isə, ümumiyyətlə, olmamasıdır. Lakin bu problemin aradan qaldırılması üçün artıq konkret təklif verilib və yəqin ki, onun köklü həlli üçün işlər görüləcək".

Mətbuat katibi qeyd edib ki, əslində, bunların heç biri sistemli, ciddi problem deyil: "Bütün bu problemlər, çatışmazlıqların hamısı düzələn şeylərdir. Ümid edirik və biz çalışırıq ki, bütün bunlar yaxın zamanlarda həllini tapsın".

OXŞAR XƏBƏRLƏR