İstanbula hazırlaşanlar üçün - VACİB TÖVSİYYƏLƏR

Xəbərlər 22 Iyun 2014 00:00 2392
İstanbula hazırlaşanlar üçün - VACİB TÖVSİYYƏLƏR

İstanbul əksəriyyətimiz üçün türk dünyasının simvolu olmaqla yanaşı, həm də ən populyar səyahət məkanıdır. Azərbaycanlılar arasında bu şəhərdə olanları saymaqdansa, olmayanları saymaq daha asandır. Amma İstanbulu yaxşı tanıdığınızı deməyə tələsməyin. Mümkün deyil, bilmədiyiniz məsələlər hökmən var. Ona görə də, İstanbula hazırlaşan qısa tövsiyələrimizi bilməlidirlər. Əməl edib-etməməksə öz işinizdir. Bu dəfə tövsiyələri ilə səyyahımız Qurban Bağırov bölüşür.


Hansı valyutanı götürək?

Özünüzlə pul kimi dollar və ya avro götürün. Pulunuzu türk lirəsinə aeroportda dəyişməyin,nə Azərbaycanda, nə də Türkiyədə. Əks halda, bir xeyli itirərsiz. Aeroportdan kənarda hər hansı bir pul dəyişmə məntəqəsində dəyişə bilərsiniz.


İstanbulda oteli necə seçməli?

Otelləri booking.com-dan axtara bilərsiniz. Bəyəndiyiniz oteli rezerv etmək üçün bank kartı lazım olacaq. Bu ödənişin zəmanəti üçündür, yəni pul sizin kartınızdan çıxılmayacaq, otel üçün ödənişi ora çatanda nağd pulla edəcəksiniz. İstanbulun əsas görməli yerləri Avropa hissəsində Fatih bölgəsindədir. Buna görə də Fatihdə yerləşən bir oteldə qalmaq sizin üçün daha rahat olar. Əgər gecə klubları ilə maraqlanırsınızsa, Taksim daha uyğun bir yerdir. Əgər həm tarixi yerlər, həm də gecə həyatını görmək istəyirsinizsə, Fatih və Taksim (Beyoğlu) arasında yerləşən Sirkeci məhəlləsində bir otel tutun. Ordan həm Fatihə, həm də Taksimə piyada getmək olar.


Artıq İstanbuldasınız

Atatürk hava limanından Fatihə və Taksimə getmək üçün əvvəlcə aeroportun düz altında yerləşən metroya düşün, Zeytinburnu stansiyasında metrodan çıxın və Tramvaya minin. Tramvayla Fatihə getmək üçün Bağcılar – Kabataş xətti ilə Kabataş istiqamətinə gedin. Sıra ilə Beyazıt stansiyası sizi Kapalı Çarşıya, Sultan Ahmet stansiyası Sultan Ahmet, Ayasofya, Topkapı, Yerabatan sarnıcı, Gülhane parkına, Sirkeci stansiyası Sirkeci məhəlləsinə, Eminönü stansiyası “balık ekmek” yemək üçün Galata körpüsü tərəfə, Karaköy stansiyası isə Taksimə aparacaq.

Metro və tramvayda bir dəfəlik gediş haqqı 3 lirədir. Gediş üçün jetonları stansiyanın yanında yerləşən aparatlardan - “Jetonmatik”lərdən ala bilərsiniz. Əvvəlcə pulu daxil edin. “Onay” düyməsinə basandan sonra jetonu götürə bilərsiniz. Aparatlar maksimum 20 lirəlik əskinası qəbul edir, pulun xırdasını isə yalnız bir lirəlik əskinaslarla qaytarır.


Gəzmək zamanı

Tramvayla Sultan Ahmet stansiyasında düşüb möhtəşəm Sultan Ahmet məscidini ziyarət edin. Giriş pulsuzdur, qadınların nisbətən qapalı geyinmələri və başlarını bir şal ilə tam olmasa da, qismən örtmələri istənilir.

Ayasofya (Hagia Sophia) – Bizans hökmdarı Yustinianın dövründə, 6-cı əsrdə tikilib. Deyilənə görə tikintisində 100 memar, hər memarın əmrində isə 100 işçi çalışıb. Əvvəl kilsə kimi, 1453-cü ildən 1935-ci ilə qədər məscid kimi xalqa xidmət edib, o dövrdən indiyə qədər isə muzey kimi fəaliyyət göstərir. Dünyanın ən çox ziyarət edilən muzeyləri arasındadır.

Adətən önündə uzun növbə olur, biletin qiyməti 30 lirədir. Görməyə dəyər. Bizans və Osmanlı dövrünə aid bir çox əşyaları, rəsmləri və s görəni bilərsiniz. Quran ayələrinin və hədislərin yazıldığı kalliqrafiya nümunələri çox gözəldir. Girişdən solda üst mərtəbəyə çıxmağı da unutmayın.

Muzey Bazar ertəsindən başqa digər günlərdə açıqdır. Qış vaxtı axşam saat 4-ə, yayda isə 6-ya qədər giriş mümkündür.

Yerebatan Sarnıcı –Yustinian dövründə əhalinin su ehtiyaclarını qarşılamaq üçün yeraltında tikilən bir su anbarıdır. İçərisində hər biri 9 metr hündürlüyündə olan, bir birindən 4.5 metr aralı 336 sütun var. 100 min ton su tutumuna malikdir. Osmanlı dövründə də bir müddət sarayı su ilə təmin edib, sonradan bulaq suyundan istifadə edilməsinə başlanması ilə unudulub. Sonradan 16-cı əsrdə Hollandiyalı səyyah tərəfindən yenidən aşkar edilib.

Burda həmçinin Meduza başını da görə bilərsiniz. Giriş üçün biletin qiyməti 10 lirədir. Buna artıqlaması ilə dəyər. Topkapı sarayı İstanbulun türklər demiş “olmazsa olmaz” yerlərindən biridir. Orda gəzilməli o qədər yer, görülməli o qədər şey var ki, bir gününüzü tam olaraq buna ayırmaq lazımdır. İşərisində Osmanlı sultanlarının geyimlərini, silahlarını, bəzək və gündəlik istifadə üçün olan əşyalarını, onların digər ölkələrə göndərdikləri və aldıqları hədiyyələri (Nadir şaha göndərilən, amma şahın ölümü səbəbindən geri qayıdan 4 iri zümrüd qaşlı xəncər xüsusilə çox gözəldir), Osmanlı saray sakinlərinin yaşadıqları otaqları, padşahın xanımlarının yaşadıqları yerləri, dünyanın taleyinə təsir edən mühüm Osmanlı qərarlarının alındığı divanxananı və daha bir çox maraqlı yerləri görə bilərsiniz.

Bir az irəlidə və üst tərəfdə İstanbula möhtəşəm bir mənzərə açılır. Bir tərəfdə Avropa, bir tərəfdə Asiyanı görürsünüz. İki dünyanın birləşdiyi yer gözünüzün önündədir. Üfüqdə aralarında cəmi bir qarış məsafə var. Avropa və Asiyanı eyni zamanda görmək gözəl deyilmi?

Önündə çox uzun növbə olur. Çalışın səhər vaxtı gedin. Bilet almaq üçün iki növbə olur, birində (biletləri kassalardan muzey işçilərindən alırsınız. Burada çox uzun növbə olur. Digər növbədə isə bileti avtomatlardan almaq mümkündür. Əgər texnika ilə, avtomatlaşmış aparatlarla özününüzü rahat hiss edirsinizsə, biletinizi burdan alın. Daha az gözləmiş olarsınız.

Biletin qiyməti 30 lirədir. Bundan əlavə, Topkapı sarayının içərisinə yerləşən hərəmxana üçün ayrıca bilet ala bilərsiniz. Hərəmxanaya giriş üçün bileti həmçinin sarayın içərisində yerləşən kassalardan ala bilərsiniz. Qiyməti 15 lirədir. Topkapı sarayına gedəndə özünüzlə yemək götürməyiniz məsləhətdir. Götürməyə də bilərsiniz, əgər kiçik bir sendviçə 35 lirə, yarım litrlik su şüşəsinə isə 15 lirə verməyə razısınızsa.

Topkapıda dini əşyalar olan otağı görmək üçün sərt geyim kodeksi tətbiq olunur. Xüsusən qısa paltarlı qadınların girişi mümkün olmaya bilər. Qadınların özləri ilə şal götürmələri yaxşı olardı.


Sora sora Bağdat bulunur

Soruşmaqdan çəkinməyin, hər addımda soruşun, dəqiq və tam informasiya aldığınıza əmin olun.

OXŞAR XƏBƏRLƏR