Azərbaycandan bu ölkəyə birbaşa reys açılacaq

Azərbaycandan bu ölkəyə birbaşa reys açılacaq
Xəbərlər 18 Sentyabr 2017 20:30 1209
Azərbaycandan bu ölkəyə birbaşa reys açılacaq

Yaponiyanın iqtisadi dairələrində xüsusi nüfuza malik olan “Nikkey” qəzeti bu Gündoğar ölkə ilə Azərbaycan arasında açılacaq birbaşa aviareyslərin əhəmiyyətindən bəhs edən geniş məqalə yayıb.

Seyyah.az turizm portalı Reporta istinadən xəbər verir ki, artıq 2016-cı il yanvarın 24-dən Azərbaycanın “Silkway West Airlines” şirkəti Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Komatsu Hava Limanına birbaşa yük daşımalarını həyata keçirir. Vurğulanır ki, bu reyslər iki dost ölkə arasında iqtisadi və ticari əməkdaşlığın inkişafına xidmət edir.

Cari ilin iyulunda Bakıda Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Yaponiya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Bürosu arasında əməkdaşlıq haqqında sazişin imzalanması məqalədə xüsusi qeyd edilir. Bildirilir ki, sazişə əsasən yaxın zamanlarda Azərbaycandan yükdaşıma təyyarələri Yaponiyanın Tokio şəhərinin “Narita” və “Haneda” beynəlxalq hava limanları istisna olmaqla, istənilən aeroporta yükdaşıma reyslərini həyata keçirə biləcək. Bundan əlavə, birbaşa sərnişin təyyarələri Tokio şəhərinin “Haneda” beynəlxalq hava limanı istisna olmaqla, istənilən hava limanına reyslərin uçuşuna başlayacaq.

Yeni açılacaq aviareyslərin iki ölkə arasında iqtisadi və ticari əməkdaşlığın inkişafına mühüm təkan verməsi ilə yanaşı, həm də dost xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirəcəyi, qarşılıqlı turist səfərlərinin artmasına böyük təsir göstərəcəyi məqalədə xüsusi qeyd edilir.

OXŞAR XƏBƏRLƏR