Xaçmazda hava limanı inşa ediləcək

Məsələ Quba-Xaçmaz iqtisadi rayonunun 2018-ci və 2030-cu illərədək dövrləri əhatə edən inkişaf planının layihəsində əksini tapıb.
Xəbərlər 14 Yanvar 2014 00:00 2717
Xaçmazda hava limanı inşa ediləcək

Azərbaycanın Xaçmaz rayonu ərazisində hava limanının inşa edilməsi təklif olunur. Bu məsələ Quba-Xaçmaz iqtisadi rayonunun 2018-ci və 2030-cu illərədək dövrləri əhatə edən inkişaf planının layihəsində əksini tapıb.

 

Planın layihəsini hazırlayan «Renessans Studio» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycan Hava Yolları» QSC-nin Xaçmaz rayonu ərazisində balansında 150 hektar sahəsinin olmasına baxmayaraq, burada heç bir fəaliyyət yoxdur: «Bu regionun potensialı nəzərə alınaraq güclü turizm mərkəzinə çevrilməsi üçün burada hava nəqliyyatının fəaliyyətinin təşkil edilməsi zəruridir».

 

Plana əsasən, Xaçmaz şəhərinin üç dəfə artması və 100 min nəfərlik bir şəhərə çevrilməsi nəticəsində hazırkı aeroport ərazisi (150 ha) şəhərin daxilində qalır. Ona görə də aeroportun rayonun Xudat şəhəri yaxınlığında salınması məqsədə uyğun hesab olunur. «Çünki bura rayon ərazisindəki meşə və bağlardan azad, yaşayış məntəqələrindən aralı olmaqla yanaşı, nisbətən əlverişli yerdir. Bundan başqa, ərazinin hazırda tikilən I kateqoriyalı «M» indeksli respublika əhəmiyyətli yolun yaxınlığında olması da onu nəqliyyat düyünü kimi daha da cazibədar edir», - deyə şirkətdən bildirilib.

 

Regionun şimal istiqamətindəki dəmir yolu şəbəkəsi də məhz bu iqtisadi rayonun ərazisində yerləşir. «Azərbaycan Dəmir Yolları» QSC-nin bu region üzrə perspektiv planlarında isə dəmir yol və stansiyaların təsərrüfat və qurğuların modernləşdirilməsi, 2010-2030-cu illərdə bu istiqamətdə sürətli ekspress qatarların buraxılması tədbirləri nəzərdə tutulub.

 

Həmçinin, Quba-Xaçmaz iqtisadi rayonun yeni inkişaf sxemində turizmin inkişaf etdirilməsi məqsədilə su nəqliyyatı - regionun sahilətrafı əhalisi və turistlərin dəniz nəqliyyatı ilə təmin edilməsi və dəniz gəzintilərinin təşkili məqsədilə sahilboyu zolaqda (Xudat, Xaçmaz, Siyəzən şəhərlərinin hüdudlarında) sərnişin nəqliyyatı üçün liman obyektlərinin tikintisi təklif olunur.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR