Xaricilərin Azərbaycana gəlməsi üçün - 9 VACİB SƏBƏB

Xaricilərin Azərbaycana gəlməsi üçün - 9 VACİB SƏBƏB
Xəbərlər 25 Sentyabr 2017 10:05 786
Xaricilərin Azərbaycana gəlməsi üçün - 9 VACİB SƏBƏB

 

Türkiyənin nüfuzlu "Sözçü” qəzeti "Azərbaycana getmək üçün 9 səbəb” başlıqlı məqalə dərc edib. Seyyah.az turizm portalı "Kaspi"yə istinadən bildirir ki, məqalə belə başlayır - "Yaxınlarınızın xoşbəxt şəkildə yaşaya biləcək və sizi qane edə biləcək bir ölkəyə getmək istəyərsinizmi? İstəsəniz Azərbaycan sizi gözləyir. Bakı hava limanında düşən kimi səlahiyyətli şəxslər sizə xəbərdarlıq edir - istədiyiniz banka daxil olub vəsaitinizi götürə və qoya bilərsiniz”. Reportajda xüsusi vurğulanır ki, Bakıdakı hər küçədə, meydanda hamının dilindən "iki dövlət-bir millət” sözlərini eşitmək mümkündür. Qəzet ölkəmizə gəlmək üçün 9 vacib səbəbi də göstərib. 

 

Dil problemi ilə üzləşməyəcəksiniz 

 

Məqalədə qeyd edilir ki, Azərbaycanda səyahət edən Türkiyə vətəndaşları buralarda dil problemli ilə üzləşməyəcəklər. "Bu gözəl ölkəni öz dilinizlə tam gəzə bilərsiniz. Dünyanın ən köhnə neft ixracatçısı olan Azərbaycan, Xəzər neftini Qərbə açan ilk ölkədir. 1918-ci ildə qadınlara səsvermə hüququnu tanıyan Azərbaycan ABŞ və İsveçrədən əvvəl qadınlara seçkidə iştirak və seçilmə haqqı verən ilk müsəlman ölkə kimi yadda qalıb.

 

Yeməklər

 

Böyük bir kulinariya zənginliyi olan Azərbaycanda ən təbii və dadlı qidalarla qarşılaşacaqsınız. Yarpaq dolmaları, plovlar və ətdən hazırlanan gözəl təamlar hər gün masanızın içində olacaqdır.

 

Tarix

 

Məqalədə daha sonra bildirilir ki, Azərbaycan dərin tarixə malikdir: "Bakı mütləq ziyarət etməli olduğunuz çox gözəl bir yerdir. Burada sizi Osmanlı İmperatorluğunu, ərəb, Sovet arxitekturasına aid tarixi abidələr salamlayır. Bu diqqətlə qorunan və təqdim edilən əsərlər sizi digər torpaqlara aparacaq”.

 

Muzeylər

 

Daha sonra Azərbaycanın bir muzeylər ölkəsi olduğu xüsusi vurğulanır. "Bakıda hər yerdə maraqlandığınız muzeylərlə qarşılaşacaqsınız. Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Tağıyev Tarix Muzeyi, Müasir İncəsənət Muzeyi, Kukla Teatrı, Muğam Mərkəzi və s”, - deyə xüsusi qeyd edilir.

 

Rəssam Əli

 

"Bakının İçərişəhər adlanan yerində səyahət edərkən qadın portretləri olan bir ağac diqqətinizi cəlb edəcək. Bu ağac rəssam Əli Şəmsinin sayəsində yenidən həyata qayıdıb. O ağacın yaxınlığında rəssamın atelyesi işləyir. Azərbaycanın görkəmli rəssamlarından olan Əli, ağacın qarşısından hər gün keçən insanların diqqətini çəkdiyi qadın portretləri ilə cəlb etməyi bacarıb. Gəlib ağaca toxunan və qarşısında fotoşəkillər çəkdirən insanlar sayəsində illərdir yarpaq verməyən ağac indi bəlkə də bu maraq sayəsində canlanıb və inkişafa başlayıb”, - deyə məqalədə bildirilir.

 

Heydər Əliyev Mərkəzi

 

Məqalədə o da qeyd edilir ki, Azərbaycanın qürur duyulası yerlərindən biri Heydər Əliyev Mərkəzidir. "2013-cü ildə fəaliyyətə başlayan bu 101 min kvadrat metrlik mədəniyyət mərkəzi Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8-ci ildönümü səbəbi ilə fəaliyyətə başlayıb”, - deyə bildirilib.

 

Memarlıq

 

Daha sonra qeyd edilir ki, "xüsusən Bakıya gəlincə, geniş küçələri əhatə edən təsirli strukturlar diqqətinizi cəlb edəcək. Estetik gözəlliyi olan bu binaların hər birində bir çox ölkələrin memarlıq abidələri sizin gözünüzü oxşayacaq. Bakıda özünüzü Rusiyada, Parisdə və ya Vyanada səyahət etdiyiniz kimi hiss edə bilərsiniz”.

 

Təhlükəsizlik

 

Müəllif yazır ki, "Azərbaycan paytaxtı Bakı dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Turistlərin baş bəlası olan "oğurluq, zorakılıq və təcavüz” kimi cinayətlər Azərbaycanda ağır cinayətlər hesab edilir. Azərbaycanda polis qüvvələrinin həssaslığı ilə demək olar ki, heç bir anarxiya yoxdur”.

 

Ticarət

 

Sonda qeyd edilir ki, "dünyanın ən məşhur markaları Bakı küçələrinə fərqli bir canlılıq əlavə edir. Ən məşhur toxuculuq, kosmetika və avtomobil markalarına tez-tez rast gəlinir. Bakı Limanı ətraf ölkələrdən alış-veriş üçün gələn insanların diqqətini cəlb edir. Bura ən müxtəlif çeşidli mağazaların toplandığı ən mühüm mərkəzdir”.

OXŞAR XƏBƏRLƏR