Zaqatala turizm potensialı baxımından Azərbaycanın ən cəlbedici rayonlarından biridir. Əlverişli iqlimi, gözəl təbiəti, özünəməxsus arxitekturası və tarixi abidələri, həmçinin burada çoxsaylı millətlərin yaşaması turistlərin rayona marağını artırır. Seyyah.az xəbər verir ki, bu fikirlər Zaqatalada Dünya Turizm Günü və Azərbaycanda Turizm işçiləri günü peşə bayramı ilə əlaqədar tədbirdə səsləndirilib.
Tədbirdə Zaqatala Turizm İnformasiya Mərkəzinin direktoru Tərlan Əhmədovun “Zaqatalada turizmin inkişafı və prioritetləri” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Dünya Turizm Gününün təsis edilməsinin başlıca məqsədi müxtəlif ölkələrin xalqları arasında əlaqələri daha da inkişaf etdirməkdir. Diqqətə çatdırılıb ki, bu il Dünya Turizm Günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunur.
Bildirilib ki, hazırda rayon ərazisində 11 turizm obyekti fəaliyyət göstərir. “Qrata”, “Zaqatala”, “İş”, “Turqut” otellərində, “Ləzzət”, “Dost qapısı” və digər ailəvi istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir. Bundan əlavə, Car, Qəbizdərə, Mazıx və digər dağ kəndlərində turistlərin yerləşməsi üçün hər cür şəraiti olan onlarla fərdi qonaq evi var. Zaqatala şəhərindəki IV-V əsrlərə aid alban məbədi, 1830-cu ildə tikilmiş “Zaqatala qalası”, Car kəndindəki XIV əsrə aid “Cingöz” qala, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid “Pəri qalası”, Mosul kəndindəki minarə, həmçinin rayonun əsrarəngiz təbiət guşələri turistlər üçün həmişə böyük maraq kəsb edir. Son illər rayona gələn xarici turistlərin sayında da xeyli artım müşahidə olunur. Əcnəbi turistlər arasında Türkiyə, İsrail, Almaniya, Avstriya, ABŞ, Rusiya və Avstraliyadan gələnlər üstünlük təşkil edirlər.
Tədbirdə turizm sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri çıxış edərək görülən işlərdən danışıblar.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova turizm sektorunun ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətindən bəhs edib, turizm işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.