"Türk Hava Yolları"ndan ucuz bileti necə almaq olar? - MÜSAHİBƏ

"Türk Hava Yolları"ndan ucuz bileti necə almaq olar? - MÜSAHİBƏ
Xəbərlər 29 Sentyabr 2017 22:07 1293
"Türk Hava Yolları"ndan ucuz bileti necə almaq olar? - MÜSAHİBƏ

Azərbaycanda təyyarə ilə uçmayanlar Türk Hava Yollarını çox təsirli reklamlarına görə tanıyıb sevirlər. Müştərilərin isə reklama ehtiyacı yoxdur – yüksək keyfiyyət, dadlı halal menyu və şirin dilli stüardessalar uzun çəkən uçuşları da yaddaqalan səyahətə çevirir. Bəs bütün bunlar nəyin hesabına əldə olunur? Seyyah.az turizm portalı xəbər verir ki, Türk Hava Yolları-nın fəaliyyəti və planları ilə bağlı suallara şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Seyfullah İlyas cavab verir.

 

- Seyfullah bəy, Türk Hava Yollarını dünyanın ən böyük aviaşirkətlərindən biri kimi tanıyırıq. Bəs daha dəqiq desək, şirkətiniz dünyanın aviasiya bazarında hansı yeri tutur?

 

- Türk Hava Yolları son 15 ildə böyük irəliləyişlər əldə edib. Həm təyyarələrin, həm işçilərin sayı artıb, həm də uçuş istiqamətləri çoxalıb. Bu dəyişikliklər bizi dünyanın ən böyük hava yolları şirkətlərindən birinə çevirib. 

Artıq neçə ildir ki, biz dünyanın ən çox ölkəsinə uçan şirkətik - THY dünyanın 120 ölkəsində 299 şəhərə uçur. Bu böyük üstünlükdür,  çünki elə ölkələr var ki, ora bizdən başqa heç bir şirkət uçmur, məsələn Somaliyə. Sərnişin sayına görə isə dünyanın ən böyük 10 şirkəti arasında yer alırıq.

Türkiyənin coğrafi durumu da bizə böyük üstünlük verir. Ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayır. Yəni şərqdən gələn müştəriləri Avropa və Amerikaya, Afrikadan gələnləri şimala, Asiyaya və Avropaya daşıyırıq.

Dediyim kimi, təyyarə parkımız da böyüyüb. 2012-ci ildə bizim 202 təyyarəmiz vardı, indi onların sayı 335-dir. Hazırda THY dünyanın ən gənc hava parklarından birinə sahibdir. Təyyarələrimizin orta yaşı 6,8 ildir.

Xidmətimizin keyfiyətinə gəlincə, qeyd edim ki, təkcə bu il  «havaçılığın Oskarı» adlanan 4 Skytrax mükafatı qazanmışıq.  Belə ki, ardıcıl 9-cu dəfə «Cənubi Avropanın ən yaxşı hava yolu şirkəti»yik. Bundan başqa,

«Ən yaxşı Business Class ikram servisi», «Ən yaxşı Business Class özəl sərnişin salonu» və «Ən yaxşı Business Class özəl sərnişin salonu ikramı» mükafatlarını almışıq. Qeyd edim ki, THY-nin İstanbuldakı  «Business Class lounge»si hətta bəzi aeroportlardan da böyükdür.

 

 

- Seyfullah bəy, indi Türkiyə ilə Azərbaycan arasında sərnişinlərin əsas daşıyıcısı hansı şirkətdir?

 

 

- Azərbaycanda 25 ildən artıqdır ki çalışırıq. Bu dövrdə Azərbaycan və Türkiyə arasında sərnişin daşımalarında AZALla birlikdə əsas oyunçuya çevrilmişik. 2014-cü ildə AZAL-la bağladığımız müqaviləyə əsasən, onlar bizim, biz də onların biletlərini satırıq. Biz buna «bir millətin iki hava yolu» da deyirik.

 

- Son vaxtlar Azərbaycan bazarına çoxsaylı yeni aviaşirkətlər, o cümlədən loukosterlər daxil olub və bu proses davam etməkdədir. Bu sizin fəaliyyətinizə necə təsir edir?

 

- Baxın, 2000-ci illərin əvvəllərində Türkiyədə yalnız bir hava yolu vardı – həm daxilə, həm də xaricə yalnız biz uçurduq. Özəl hava yolları isə yalnız çarter səfərləri təşkil edirdilər. Türkiyədə mülki aviasiya inkişaf etdikcə yeni şirkətlər də yarandı. Hazırda Türkiyənin özündə loukost hava yoları var, ölkəmizə Avropadan da belə şirkətlər uçur və s. Şirkətlərin artımı əslində sektorun inkişafı deməkdir. Azərbaycan da böyüyən bazardır. Doğrudur, böhran dövrü də oldu, amma indi yaxşılaşma dövrü keçiririk. Bu da azərbaycanlıların daha artıq səyahət etməsinə imkan verir. Son illər ölkənizdə keçirilən tədbirlər də ölkənizə uçanların sayını artırır. Bunların hamısı havaçılıq sektorunu inkişaf etdirir.

 

- Türk Hava Yolları belə şəraitdə bazar payını saxlamaq üçün hansı addımları atır?

 

- Biz öz məhsullarımızla önə çıxmağa çalışırıq. Əvvəla, qiymətlərimiz əvvəlki vaxtlara nisbətən daha uyğundur.  Bundan başqa biz, dediyim kimi, ikram sahəsində irəlidə gedən şirkətik.  Məsələn, bizim elə müştərilərimiz var ki, yalnız İstanbuldakı louncumuza görə bizə üstünlük verirlər. Yəni biz sərninişləri, keyfiyyəti artıraraq cəlb etməyə çalışırıq. 

Eyni zamanda Türk Hava Yolları, rəqabətli qiymət və özəl kampaniyalarla da sərnişinlərə fərqli fürsətlər yaratmaqda davam edəcək.  Sərnihinlərimiz Türk Hava Yollarının mil programı olan «Miles&Smiles» ile əlverişli uçuş imkanına sahibdirlər.

 

- Bir neçə gün əvvəl sizin regional nümayəndəniz Muhammed Fatih Durmaz bildirdi ki, 2016-da THY Bakıdan İstanbula 300 min sərnişin daşıyıb. Və bunun böyük hissəsi İstanbuldan da başqa şəhərlərə səfər edənlərdir. Bəs azərbaycanlılar İstanbuldan sonra ən çox haraya uçurlar?

 

- İstanbula gələn azərbaycanlılar buradan ən çox Avropa istiqamətinə gedirlər. Çünki bizim Avropa ilə böyük bağlantılarımız var. Nəticədə səhər saat 6-da Bakıdan çıxan adam artıq səhər saat 10-da Avropanın istənilən şəhərində olub, işlərini görə bilir. Bu da bizim üçün böyük üstünlükdür. Ona görə əksəriyyət Avropaya uçur.

Bundan əlavə, son illərdə şirkətimiziq Afrikada da böyüməsinə paralel olaraq azərbaycanlı qonaqlarımızın da bu istiqamətə səyahətlərinin şahidiyik.

 

- THY-nin Azərbaycanda Bakı, Gəncə və Naxçıvana uçur. Başqa regionlara da uçmaq planınız varmı?

 

- Türkiyə və Azərbaycan arasında həm sərnişin daşıma, həm də ticarət əlaqələri mühüm bir səviyyədədir. Böyüməyə davam edən bir hava yolu olaraq Türk Hava Yolları potensial olaraq istifadə oluna biləcək bazarları dəyərləndirir

 

- AZAL loukoster bazarında pay almaq üçün öz loukosterini – AZALjet-i yaratdı. THY-nin belə bir planı varmı?

 

- Hazırda  bizim belə şirkətimiz var. «Anadolu jet» də THY-nindir və özellikle daxili xatlarda Türkiyənin müxtəlif istiqamətlərinə uçur. Hələlik bu barədə fikrimiz yoxdur.

 

- Seyfullah bəy, bizim oxuculara maraqlıdır ki, THY-dan ən uyğun qiymətə bileti nə vaxt almaq olar?  Məsələn iyulda uçacaq insan bileti nə vaxt alsa daha sərfəl olar? 

 

- Qiymətlər bazar durumuna görə dəyişir. Qışda təyyarənin doluluğu az olduğu üçün qiymətlər o qədər də dəyişmir. Amma yayda, tətil dövründə sərnişinlər bileti azı 1-2 ay əvvələdən alsalar yaxşı olar. Məsələn, iyulda uçacaq şəxs  uyğun qiymət üçün biletini may-iyun aylarında almalıdır.

Ən azından 2-3 ay əvvəlcədən bilet almaları, xüsusilə də yay tətili, yeni il şənlikləri, Novruz Bayramı ərəfəsində belə etmələri çox düzgün olar.

 

- Bu zaman biletlərdə fərq nə qədər olar?

 

Mütəmadi olaraq fərqli qiymətlər təqdim oluna bilər. Uyğun qiymət istəyən oxuculara bizim kampaniyalarımızı izləməyi tövsiyə edərdim. Tez-tez həm Türkiyə, həm də uzuq məsafələr üçün kampaniyalarımız olur. Məsələn, bileti bir ay əvvələdən almaqla çox uyğun qiymət əldə edə bilərlər. Başqa bir mühüm məqam var – tövsiyə edirəm ki, bilet alacaqları zaman tək bir reysə deyil, Yaxın saatlar və yaxın günlərdəki reyslərə də diqqət yetirsinlər. Məsələn, bizim Bakıan gündə 4 uçuşumuz var. Ola bilər ki, onların axtardığı reysdə yerlər dolduğu üçün qiymət yüksək olsun. Amma onlar həmin gün olan digər reyslərə və ya yaxın günlərdəki reyslərə baxaraq daha uyğun qiymət tapa bilərlər.

 

- İndiyədək THY əsasən Azərbaycanlıları Türkiyəyə daşıyıb, bəs indi necə, Azərbaycana turist kimi gəlmək istəyən türklərin sayı artırmı?

 

- Son illərdə artmağa başlayıb. Amma təəssüf ki, hələlik istədiyimiz səviyyədə deyil. Biz THY olaraq üzərimizə düşən vəzifəni etməyç çalışırıq. Yəni Azərbaycanın tanınması üçün türk mətbuat və turizm agentliyi nümayəndələrini Azərbaycana gətiririb görüşlər təşkil edirik. Amma  məncə, Azərbaycanın Türkiyədə daha artıq tanıdılmasına ehtiyac var. Çünki Azərbaycanı Türkiyədə onsuz da hamı sevir. Amma bu sevgi candan gəlir, yəni insanları turist kimi cəlb etmir. Bu konuda  Azərbaycanın rəsmi qurumlarının, iş adamlarının, sektoral birliklərin, özəl şirkətlərin birgə səyləri nəticəsində iki ölkə arasındakı turizmə dəstək vermək mümkündür.

OXŞAR XƏBƏRLƏR