Avropaya getmək istəyən hansı sənədləri toplamalıdır?

Xəbərlər 25 Iyun 2014 00:00 2673
Avropaya getmək istəyən hansı sənədləri toplamalıdır?
Avropa Parlamenti Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair keçən ilin noyabrında Vilnüsdə imzalanan razılaşmanı martın 12-də keçirilən səsvermədə qəbul edib. Hələ ki sənədin qüvvəyə minməsi prosesi tam yekunlaşmayıb. Bundan sonra Avropa Birliyinə daxil olan 28 ölkənin hər birində də həmin razılaşma təsdiq edilməli, ondan sonra sənəd qüvvəyə minməlidir. Bundan başqa, fevralın 28-də Avropa Birliyi ilə Azərbaycan arasında həm də readmissiya haqqında razılaşma imzalanıb. Readmissiya bir dövlətin digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni qalan şəxsləri geri qəbul etməsi deməkdir. Viza rejiminin sadələşdirilməsi və readmissiya razılaşması bir-biri ilə bağlı olan iki sənəddir. Bu ilin ikinci yarısında hər iki sənədlə bağlı proseslərin başa çatacağı və onların ilin axırına qüvvəyə minəcəyi gözlənir. Bu müqavilə həyatımızda hansı rolu oynayacaq? 
 
İlk öncə vətəndaşların Avropa ölkələrinə işgüzar, turizm və digər məqsədlərlə səfərlərinin asanlaşması, bu sahədə mövcud bir sıra problemlərin, xüsusilə bürokratik əngəllərin aradan qaldırılması mümükünləşəcək; Aviasiya Məkanı üzrə sazişə dair danışıqların başlanmasını təmin edəcək; Müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün Şengen vizaları pulsuz təklif olunacaq. Bu siyahı kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, Şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr daxildir; viza verilməsi problemi sadələşəcək. Tələb edilən müddət 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq; viza alınması üçün tələb edilən sənədlərin sayı azalacaq. 
 
Avropa ölkələri ilə Azərbaycan arasında readmissiya haqqında razılaşma imzalananda çoxları sevindik ki, bundan sonra viza almaq prosesi asanlaşacaq. Bura həm də qiymətin ucuzlaşması daxil idi. Proses ilin sonuna gerçəkləşdiriləcək. Bəs, ilin sonuna 5 ay qalmış vəziyyət nə yerdədir? Bu gün  Azərbaycan vətəndaşı Avropaya ölkəsinə getmək üçün nə etməlidir? 
 
Orada yaşayan qohum-tanışın dəvəti varsa və ya işgüzar səfərə gedirsənsə sənə bir o qədər də çətin olmayacaq. Ancaq turist kimi getmək niyyətinə düşsən və ən əsası sənədlərini özün toplamaq qərarına gəlsən, azı 3 həftəni sənəd toplamağa ayırmalısan. 
 
Hollandiyaya vizanı Fransa Səfirliyi verir. Qeyd edim ki, bu səfirlikdən viza almaq kifayət qədər çətindir. Mən daha öncə də bu səfirlikdən Fransaya getmək üçün viza almışam. Ancaq bu dəfə həm qiymət, həm də tələb olunan sənədlərin siyahısı artıb. Baxmayaraq ki, ilin sonunda viza almaq asanlaşdırılacaq. Mən bunu hiss etmədim. 
 
Tələb olunan sənədlər: 
1 ədəd lazımı qaydada doldurulmuş, tarixi qoyulmuş və imzalanmış qısamüddətli viza müraciəti blankı. Bu blankı Fransa Səfirliyinin saytında ingilis və fransız dillərində tapa bilərsiz. İki dildən birini seçib üzünü çıxarırsan. Daha sonra bu iki səhifəlik blankı doldurursan. 
 
İkinci tələb edilən sənəd açıq fonda 3.5x4.5 formatda təzə çəkilmiş 1 ədəd rəngli fotoşəkildir (üzün ölçüsü çənənin aşağısından başın ortasınadək 32 mm və 36 mm arasında olmalıdır). İstənilən müraciət edəcəyiniz foto-studiyaya sizə nəyin lazım olduğunu biləcək. 
 
Sonra gəlir son 10 ildə verilmiş və vizanın etibarlılıq müddəti bitəndən sonra ən azı 3 ay etibarlı olan, 2 ağ  səhifəsi olan pasportun əsli və sürəti. Bundan əlavə, son 3 ildə alınmış vizaların surəti. Sonra şəxsiyyət vəsiqəsinin (azərbaycan) əsli və hər iki üzünün sürəti tələb edilir. 
 
Daha sonra gedişli/qayıdışlı təyyarə bileti sifarişinin əsli və sürəti. Bu bəndin qarşısında qeyd edilib ki, təyyarə biletləri yalnız viza verildikdən sonra alınmalıdır. Əksər hallarda bunu etmək mümkün olmur. Çünki xaricə gedənlər adətən ucuz təyyarə bileti axtarırlar. Ucuz təyyarə biletləri isə kampaniya ilə satılır. Kampaniya ilə satılan biletləri isə bron etmək mümkün olmur. Gərək nağd qiymətə alasan. Bundan əlavə, deyək ki, sən buna görə ucuz (alınması üçün müəyyən vaxt qoyulan, kampaniya ilə satılan) bilet almaqdan imtina etdin. Ancaq yenə də biletin büdcənə uyğun olması üçün ən azı 1 ay öncədən almalısan. Bu zaman da sən həmin bileti bron edə bilmirsən. Çünki əksər aviaşirkətlərdə biletin bron vaxtı bir həftədən artıq deyil. Ancaq elə müraciət etdiyimiz Fransa Səfirliyinə təqdim edəcəyimiz sənədlərin tamamı bir həftəyə toplanır. 
 
Daha sonra tələb edilən sənəd isə şengen məkanı üçün etibarlı olan, viza müddətini + 2 günü əhatə edən, repatriasiyanı nəzərdə tutan tibbi sığorta, əsli+ surəti. Tibbi sığorta məbləği 30 min avro olmalı və repatriasiya nəzərdə tutulmalıdır. Bunu əldə etmək o qədər də çətin deyil. İstənilən siğorta şirkətinə müraciət edib 9-10 dollar məbləğində vəsait ödəməklə bunu əldə etmək mümkündür (təbii zaman nə qədər çoxdursa, qiymət də ona görə bahalaşır. Qeyd etdiyim 1 həftəlik siğortanın qiymətidir).
 
Viza almaq prosesində səni ən çox incidən sənəd gedəcəyin ölkədə (və ya ölkələrdə) qalacağın yerlə bağlı arayışın əldə edilməsidir. Bu sənəd yaşayış yeri haqqında arayış adlanır. Səfirliyin saytında bu bəndlə bağlı yazılıb: Mehmanxanada yer sifarişini mehmanxana özü təsdiq edir, turistin familiyasını, adını, doğum tarixini, pasport nömrəsini və səfərin müddətini (gəliş-gediş tarixi), arayışın tarixini və onu imzlayan mehmanxana əməkdaşının familiyasını və adını, mehmanxanın kordinatlarını dəqiq göstərir. Bu sənədi əldə etmək niyə çətindir? Əgər sən turist kimi gedirsənsə mütləq oteldə qalacaqsan. Çətinlik oteldən bu sənədi ala bilməkdir. Səfirlik təyyarə bileti ilə bağlı bölümdə deyir ki, biletləri viza aldıqdan sonra alın. Ancaq bunu otellə bağlı olan bənddə görmürük. Əgər qeyd edilsəydi otağın bron edilməsi ilə bağlı sənədi qəbul edərdilər. Ancaq səfirliklər bu sənədin üzünə də baxmırlar. Mütləq sənəddə mehmanxana əməkdaşının imzası, möhürü olmalıdır (Yəni sən bu sənədi almaq üçün mütləq mehmanxana ilə əlaqə saxlamalısan). Mehmanxanalar isə adətən səndən tələb edirlər ki, qalacağın günlərin pulunu ödəyəsən, sonra məktubu göndərsinlər. Ən yaxşı halda həmin sənədi 25-30 avro ödəməklə ala bilirsən, ən pis halda da qalacağın günlərin pulunu tam ödəməklə. Birmənalı olaraq otellərə nə qədər izah etsən də ki, sən həmin sənədi viza müraciəti üçün istəyirsən, sənə viza verilməyə bilər. Gəlməyəcəyəmsə pulu niyə ödəyim? Otel bu cavabdan sonra ümumiyyətlə sənə yazmır. Təsəvvür edin, təyyarə biletini alırsan, otelin pulunu ödəyirsən, sonra sənə viza verməsələr necə olar? 
 
Sonrakı bənd viza müraciəti edənin sosial vəziyyətini əks etdirən sənədlərdir. Bura iş yerindən arayış (işəgötürənin, müəssisənin blankında verdiyi, möhürlü, imzalı, tarixli və müəssisənin ünvanını, telefon nömrələrini və faksını aydın göstərən arayış (tərcüməsi ilə). Bu arayışda imza edənin və viza müraciəti edənin familiyası və vəzifəsi, işçinin maaşının miqdarı və müəssisədəki iş stajı göstərilməlidir) daxildir. Əgər işsiz deyilsənsə bu sənədi əldə etmək də sənin üçün bir o qədər çətin deyil. 
Daha sonrakı tələb viza müraciəti edənin maddi vəziyyətini əks etdirən son üç ay üçün bank hesabından çıxarış, bank hesabı olmasa maaş barəsində arayış, daşınmaz əmlak olmasını təsdiq edən sənəd. Bu bənddə də Azərbaycan vətəndaşına problem yaradan yetərincə şey var. Məsələn, son 3 ay bank hesabından çıxarış. Əgər maaşını bank vasitəsilə almırsansa sən batdın. Və ya əmlakının olması haqqında sənəd. Bu gün Bakı şəhərində olan əksər evlərin sənədsiz (yeni tikili binalarda 100 faiz yaşayış olmayınca onlara sənəd verilmir) olduğunu nəzər alsaq bunun da sizə nə qədər problem yaratdığını anlamaq çətin olmaz.    
 
Sonuncu tələb edilən sənəd də viza müraciəti edənin Şengen məkanı ölkələri ərazisini tərk etmək niyyətində olmasını təsdiq edən sənəddir. Həmin sənədlər isə bunlardır: Azərbaycanda qohumluq əlaqələri və ya sosial vəziyyətini əks etdirən arayış, Daimi gəliri barədə arayış (maaş bülleteni, təqaüd və.s), Mülkiyyət və ya uzun müddətli kirayə və ya icarə sənədi, İşəgötürənin viza müraciəti edənə işdən icazə verməsini və onun öz işinə qayıdacağını bildirən məktubu (Müəssisənin blankı üzərində və məsul şəxsin əlaqə nömrələri ilə). Müəssisə rəhbərinin özü üçün isə müəssisənin qeydə alınması və rüsumları-vergiləri ödəməsi barədə sənədin surəti.
 
Mən sonuncunu seçdim. İşəgötürəndən səfirliyə mənim qayıdacağımla bağlı məktub yazmasını xahiş etdim. İlk reaksiyası belə oldu: "Doğrudan qayıdacaqsan?". Buradan da anlaşılan odur ki, işəgötürən o sənədi versə belə bu formaldır. Kimsə kimsəyə cavabdeh deyil. 
 
Bütün bu qeyd edilən sənədlərin hamısı bir əsli və bir sürəti olmaqla yığılır. Yəni, sənəd toplamağa başlarkən ən azı bütöv bir A4 kağız alın (bəlkə də yetməyəcək). Ancaq bütün sənədləri toplayandan sonra da iş bitmir. Çünki əvvəllər sənədlərini təqdim etmək üçün səfirlikdən gün alırdın. Bunun üçün də səfirliyə getmək gərək olurdu. İndi getməyə gərək yoxdur, online həll etmək mümkündür. Proses həm sadələşdirilib, həm də viza artıq sənə 60 yox, 71,50 avroya başa gəlir. www.tlscontact.com - saytına daxil olub qeydiyyatdan keçirsən. Sonda səfirlikdən görüş üçün gün alırsan. Bu da sənə 11, 50 avroya başa gəlir. 
 
Nəhayət, seçdiyin gün səfirliyə gedib səndləri təqdim edirsən. Sənədləri verib viza rüsumunu ödəyəndən sonra səfirlik sənə 3 gün sonra TLS contact şirkətindən çağırılacağını deyir. 
Bir sözlə, Azərbaycan reallığında (əmək haqqının bank vasitəsilə alınmaması, evin sənədinin olmaması və s.) viza sənədlərinin toplanmasının çətinliklərini qoyuram bir kənara, əgər Avropaya gedirsənsə mütləq öz ölkənin həmin ölkədən üstün olmasını, bizim vətəndaşların Avropa vətəndaşlarından yüksək səviyyədə yaşamasını sübut etməlisən. Və ya ümumiyyətlə, gedəcəyin ölkəni bəyənmədiyini, sənə yalvarsalar da orada qalmayacağını isbatlamalısan (bu arada, bu həqiqətən də belədir).
 
"Bizimyol.info"
OXŞAR XƏBƏRLƏR