İyunun 25-də “Divan Express Baku”-da Batumidə açılan “Divan Suites Batumi” otelin təqdimat mərasimi keçirilib. Seyyah.az-ın məlumatına görə, tədbirdə çıxış edən otelin baş meneceri Bulent Aykur Suzer bildirib ki, bir necə aydır Köhnə Batumi ərazisində fəaliyyətə başayan otel “Batumi hava Limanı”na 10 dəqiqəlik, şəhər mərkəzinə 5 dəqiqəlik məsafədə yerləşir. Onun sözlərinə görə, oteldən alış-veriş mərkəzlərinə və tarixi yerlərə də getmək çox rahatdır, məsələn, Batumi Bulvarı, Batumi Botanıka Bağı, Acariya Dövlər Muzeyi, ”Nobel qardaşları” Muzeyi və s.
B. A.Suzer qeyd edib ki, oteldə 65 qonaq otağı var, burada iş və səyahət məqsədilə gələn hər bir qonağın rahatlığı təmin edlirr: “Oteldə konfransların keçirilməsi də mümkündür. Bunun üçün iki konfrans zalı və lazım olan texniki avadanlıqlar var. Həftənin yeddi günü fəaliyyətdə olan “Divan Pub” restoranı isə, qonaqlara Gürcüstan, Türk və dünya mətbəxinin yüməklərini təqdim edir. Bundan başqa, oteldə “Divan Suites Batumi Spa” mərkəzi də fəaliyyət göstərir. Burada üz, cild baxımı seçimlərindən tutmuş masaj otaqlarına, buxar hamamı, sauna və türk hamamınadək bütün xidmətlər göstərilir”.
Baş menecer onu da bildirib ki, otelin inşası Azərbaycan sərmayəsi ilə həyata keçirilib: ”Bu üçüncü ölkədə həyata keçirdiyimiz ilk layihədir”. B. A.Suzer azərbaycanlı turistlərin Gürcüstana gələn turistlər arasında ikinci yer tutduğunu da deyib. Onun sözlərinə görə, bu siyahıda ilk yeri türklər tutur: "Bunun əsas səbəblərindən biri, azərbaycanlıların və türklərin Batumiyə vizasız səyahət etmə imkanlarının olmasıdır".
Batumi Turizm İnformasiya Mərkəzinin PR meneceri Nino Jintçaradze isə tədbirdə Batuminin turizm imkanlarından danışıb. O qeyd edib ki, Batumi Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtıdır: “Batumi liman şəhəridir. Eyni zamanda tətil mərkəzi olan şəhər botanika bağları və tropik bitkilər baxımından zəngindir. Şəhərin görməli yerləri arasında Orta məscid, Acarıstan dövlət muzeyi, Batumi botanika bağı, İsa Məsihin 12 həvariyunundan biri olan Müqəddəs Matveyin abidə məzarının yerləşdiyi Roma dövründən qalma Apsaros qalası, XX əsrdə tikilmiş gürcü memarlığını əks etdirən köhnə poçt binası, Qara dəniz sahilindəki Batumi dövlət parkı, akvarium və sirk sayıla bilər”.
N. Jintçaradzenin sözlərinə görə, Batumi yay turizmi üçün daha sərfəlidir. Çimərlik boyunca 8 kilometr məsafədə uzanan Dənizkənarı park turizstlərin ən sevimli yerinə çevrilib. Burada çimərlik mövsümü may ayında başlayır və oktyabr ayınadək davam edir.
Batumidə saysız-hesabsız otellər inşa olunduğunu deyən menecer orada 228 otelin fəaliyyə göstərdiyi deyib. Onun sözlərinə görə, həmin otellərdə otaqların ümumi sayı 2460, yataq sayı isə 4900-dür.
Batumidə inkişaf edən turizm növlərindən danışan N. Jintçaradze oradakı “quş festivalı”ndan söz açıb. Qeyd edib ki, yeni turizm növü olan “quş izləmə” turizmi quşların köç dövründə mümkündür. Həmin vaxt quşların keçdiyi yerdə bir “dəhsiz” yaranır ki, bunu da hər yerdən görmək mümkün deyil. Turistlər həmin vaxt bu yerdə bir milyondan artıq quşun şəklini çəkə bilirlər. PR menecerin sözlərinə görə, Batumidə inkişaf edən digər turizm növü isə "şərab turizmi"dir.
PR menecerin sözlərinə görə, liman şəhəri olan Batumiyə 2012-ci ildə 10 kuriz gəmisi ilə 3632, 2013-cü ildə isə 16 gəmi ilə 5162 turist gəlib.