“Seyid Yəhya Bakuvi – 2013” ilinin yekunları ilə bağlı tədbir keçirilib- FOTOLAR

Xəbərlər 30 Iyun 2014 00:00 1445
“Seyid Yəhya Bakuvi – 2013” ilinin yekunları ilə bağlı tədbir keçirilib- FOTOLAR

Beynəlxalq Mətbuat Mərkəzində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmalar İnstitutunun təşkilatçılığı, Türkiyə Cümhuriyyəti Başbakanlık Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı və Gəncliyə Yardım Fondunun dəstəyi ilə YUNESKO tərəfindən elan edilən “Seyid Yəhya Bakuvi – 2013” yubiley ilinin yekunlarına həsr edilmiş tədbir keçirilib. Seyyah.az xəbər verir ki, tədbiri MİRAS İctimai Birliyinin İdarə Heyətinin üzvü, professor Qafar Cəbiyev açaraq 2013-cü ilin Azərbaycan mədəniyyəti və incəsənəti üçün önəmli olduğunu bildirib. Natiq həmçinin bu ilin YUNESKO tərəfindən Seyid Yəhya Bakuvi ili kimi elan olunması, həmin dövrün müxtəlif tədbirlərlə yadda qaldığını qeyd edib və hamını il ərzində həyata keçirilmiş tədbirlərin videosalnaməsinə baxmağa dəvət edib. Professor Qafar Cəbiyev daha sonra: “Xalq olaraq çox dəyərlərimiz var. Bəlkə də bu mənim tarixçi kimi subyektiv fikrimdir. Amma Seyid Yəhya özü də ən qiymətli dəyərlərimizdəndir”. 


Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun şöbə müdiri, Seyid Yəhya irsinin yorulmaz tədqiqatçısı, professor Azadə Musayevaya söz verilib. Azadə Musayeva çıxışında Seyid Yəhya Bakuvi Şirvaninin dövrünün ziyalısı, mütəfəkkir filosof şairi kimi ədəbi mühitdə rolundan, bu sahədə araşdırma istiqamətlərindən və çap olunaraq tədbirə çatdırdıqları, hər bir qonağa hədiyyə olunan nəşrlərdən söhbət açıb.


Qafqaz Araşdırmaları İnstitutunun direktoru, professor Mehmet Rıhtım görülən işlərin xüsusi şövqlə və Allahın izni ilə baş verdiyini, heç inanmadığımız halda hazırladığımız kitabı bu gün tədbir iştirakçılarına çatdırmaq imkanı qazandıqlarını və buna çox sevindiyini bildirib. Seyid Yəhya dühasını öyrənmək və ictimaiyyətə çatdırmağın vacibliyini vurğulayıb. 
Qafqaz Araşdırmaları İnstitutunun əməkdaşı, professor Minəxanım Təkləli Nuriyeva çıxışında Azadə xanımdan, Mehmet bəydən ilhamlanaraq, onlarla Bakuvi işığında söhbətlərlə bu layihəyə qoşulduğunu, xırda redaktə işlərindən başlayaraq, Bakuvi dünyasına vaqif olduğunu bildirib. Lakin Bakuvi dühasının sirrini açmaq, onun dühasını öyrənmək üçün 2013-cü ilin UNESCO tərəfindən “Bakuvi ili” elan edilməsinin xüsusi əhəmiyyəti olduğunu da vurğulayıb. “Biz Mehmet Rıhtımla, tarixçilərin cəmiyyəti olan MİRAS-la birlikdə bölgələrə getdik və Azərbaycana Seyid Yəhya Bakuvi Şirvanini tanıtmağa başladıq. Bu tədbir həm də ona görə əhəmiyyətli idi ki, biz onu Nizami, Füzuli yubileyləri səviyyəsində keçirdə bildik. Bakuvini qazandıq və geniş ictimaiyyətə tanıtdıq”. 


Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı, professor Möhsün Nağısoylu “Böyük şəxsiyyətlər ölmür, onların davamçıları var və onu yaşadırlar. Bakuvi də belə şəxsiyyətlərdəndir. Onun bu gün Türkiyədə çoxlu davamçıları var və biz qardaş ölkədə keçirilən tədbirlərdə onlarla tanış olduq. Bakuvinin bəxti Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra açıldı. Mən bəxtə, taleyə inanan adamam və həmişə şükür edirəm ki, Mehmet Rıhtımla tanış oldum. Mehmet bəy Bakuvinin bəzi əsərlərini tərcümə etməyi həvalə etdi və mən böyük məmnuniyyətlə “Gülşəni-Əsrar”ın üzərində işlədim”. 


Qafqaz Universitetinin prorektoru, professor Niftalı Qocayev səslənən fikirləri dəstəklədiyini və onları yüksək qiymətləndirdiyini bildirib. Qafqaz Universitetinin rektorluğu adından təşkilatçılara təşəkkürünü bildirən natiq belə seminarların mədəniyyətimizin təbliğində böyük rol oynadığını qeyd edib.


Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı, professor Nəsib Göyüşov tədbirin digərlərindən ürəklə, qəlblə çalışmaqla, simpoziumların təşkili ilə, əsərlərin, risalələrin tərcümə olanaraq nəşr edilməsi ilə fərqləndiyini söyləyib. O, bu sahədə Mehmet bəyin, Fəridə xanımın işə xüsusi məsuliyyətlə yanaşdıqlarını vurğulayıb. Bu tədbirin gələcəkdə örnək olmasını arzulayıb.


Professor Qafar Cəbiyev “Düzdür, bu tədbir yekun tədbiridir, amma bu Bakuvi irsinin tədqiqində yeni dövrün başlanğıcıdır. Onun və digər dühalarımızın Vatikanda, Drezdendə, dünyanın müxtəlif kitabxanalarında, əlyazmalar fondlarında saxlanılan əsərlərin araşdırılmasına ciddi ehtiyac var" deyə bildirib.
MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli Seyid Yəhya dühasının işığında bir çox maraqlı insanlarla tanış olduğunu və bundan yeni bilgilər əxz etdiyini söyləyib. O, Seyid Yəhya Bakuvi Şirvaninin bütün kitablarının Azərbaycan türkcəsində nəşr olunduğunu deyərkən: “məsələ Bakuvini oxumaqda deyil, onu anlamaqdadır. Biz bunu bacarırıqmı?” Nitqini “Allah bizə Seyid Yəhya irsini tanımağı qismət etsin”.


Mehmet Rıhtım söz alaraq “Seyid Yəhya Bakuvi ili” çərçivəsində keçirilən tədbirlərin statistikasına diqqəti yönəldib. Türkiyədə, Əskişəhərdə, YUNESKO-nun mənzil-qərargahında, Bosniyada, Kosovoda, Bakıda və s. yerlərdə baş tutmuş simpoziumlar və meydana gələn “Şəfaül-Əsrar” kimi digər nəşrlər haqqında məlumat verib. Eyni zamanda Azərbaycan və Türkiyə türkcəsində nəşr olunmuş kitabları təqdim edib. Natiq həmçinin Seyid Yəhya Bakuvi tədbirlərinə sponsorluq etmiş Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının fəaliyyətini xüsusilə qeyd edib. Azərbaycan sufiləri haqqında, onların əsərləri barədə nəşr olunmuş “Qırxlar. Azərbaycanın sufi pirləri” kitabının ərsəyə gəlməsinə səbəb olan amilləri açıqlayıb və zəhməti olan hər kəsə təşəkkürünü bildirib. O, həmçinin nəşrlərin hazırlanmasında Əlyazmalar İnstitutu əməkdaşlarının böyük zəhməti olduğunu qeyd edib.


Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, professor Solmaz Tohidi əlyazmalar, mətn üzərində işləyən insanların zəhmətinin az olmadığını, onların ən azı müəllif qədər əziyyət çəkdiklərini qeyd edib. Ona görə də bu işin avanqardı kimi Mehmet Rıhtıma və onun ətrafına toplanan insanlara təşəkkürünü bildirib. 


Sənətşünaslıq doktoru Kubra Əliyeva Şirvanşahlar Saray-Kompleksi ilə bağlı fikrini bildirərək onun məhz Seyid Yəhya Bakuvinin şərəfinə xanəgah kimi inşa olunduğunu vurğulayıb.
Mərasimə yekun vuran professor Qafar Cəbiyev hamıya təşəkkürünü bildirib və belə tədbirlərin mədəni irsimizin, vətənpərvərlik hissinin təbliğində böyük əhəmiyyət daşıdığını qeyd edib.


Tədbir kitab sərgisi ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR