Dünyanın ən məşhur aktyorlarından biri olan Arnold Şvartsneqer ona oteldə yer verilmədiyindən onun şərəfinə qoyulan heykəlin qarşısında gecələməli olub.
Arnold Şvartsneqerin sosial media hesablarında Kaliforniyadakı onun şərəfinə ucaldılan heykəlinin qarşısında gecələdiyi şəkli paylaşması və altından “Zaman necə də dəyişdirir” ifadəsini qeyd etməsi ciddi ajiotaja səbəb olub. Səyyah.az turizm portalı xəbər verir ki, məşhur aktyorun öz fotosunun altından belə bir fikri yazması onun yaşlanması ilə bağlı deyil. Onu buna vadar edən səbəb tamamilə başqa məsələdir.Belə ki, dünyada məşhur olan aktyor bir zamanlar ABŞ-ın Kaliforniya ştatının qubernatoru olduğu zaman onun şərəfinə ucaldılan bürünc abidənin yanında “Entrance” oteli tikilir. Hətta otelin açılışına dəvət alan məşhur aktyor bir qubernator kimi rəsmi açılış törənində iştirak edir. Açılışdan sonra otel sahibləri Arnold Şvartsneqerə “İstədiyiniz zaman bu otelə gəlib və sizin adınıza açılan oteldə qala bilərsiniz”, deyə söz verilmişdi.
Aktyor qubernator vəzifəsini başa vurduqdan sonra bu yaxınlarda ona söz verilən oteldə qalmaq istəyib. Otel sahibləri mehmanxananın dolduğunu və yer olmadığını bildirirlər. Aktyor hətta oteldə onun adına xüsusi bir otaq ayrıldığını desə də, müsbət cavab ala bilmədikdə küçədə, şərəfinə ucaldılan heykəlin qarşısında gecələməli olub. O xüsusi yuxu yorğanına bürünərək heykəlin qarşısında yatır. Onun bu heykəlin qarşısında yatmasının səbəbi və cəmiyyətə çatdırmaq istədiyi mesaj tamamilə başqadır. Arnold bununla cəmiyyətə mesaj vermək istəyib ki, insan hansısa mövqe sahibi olarkən ona münasibət bir cür, tutduğu mövqedən getdikdə isə tamamilə fərqli münasibət olur. Arnold bununla həm də onu demək istəyib ki, zaman necə də tərsinə dəyişdi: “Odur ki, bu həyatda nə tutduğun məqama, nə əldə etdiklərinə, nə gücünə, nə də zəkana güvənəcəksən… Çünki həyatda bunların heç biri səninlə sonadək olmayacaq”.