Yay turizmi: Niyə bölgələrə yox, xaricə?

Xəbərlər 8 Iyul 2014 00:00 1197
Yay turizmi: Niyə bölgələrə yox, xaricə?

Son 5 ildə Azərbaycana gələn turistlərin sayı təxminən 2 dəfə artıb. Amma bununla belə Azərbaycanın turizm sektorunda ənənəvi problemlər və çətinliklər qalmaqdadır. Ölkədə turizm sektorunun ən ciddi problemlərindən biri yüksək qiymətlərdir. Azərbaycanda nəqliyyat xərcləri də daxil olmaqla turistin 1 həftəlik dincəlməsi üçün xərclər qonşu Gürcüstanla müqayisədə təxminən 60 faiz, Türkiyə ilə müqayisədə isə təxminən 40 faiz bahadır. Buna görə də yerli turistlər ölkə daxilini deyil, qonşu ölkələri - xüsusən də Gürcüstan və Türkiyəni seçirlər. Bu da öz növbəsində Azərbaycan vətəndaşlarının həmin ölkələrin turizm sektoruna ciddi şəkildə maliyyə vəsaitinin yönəltməsi deməkdir. Yalnız 2013-cü ildə turizm məqsədi ilə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı təxminən 1 milyon nəfərə yaxın olub. Ekspert Vüqar Bayramov deyir ki, Azərbaycanın turizm obyektləri qiymət siyasətində qonşu ölkələrə uduzur. Onun sözlərinə görə, turizm sektorunda əsas problemlərdən biri də ölkədə turizm xidmətlərinin zəif elektronlaşdırılmasıdır.

 

”Azərbaycanda regionlarla bağlı turizmə maraq daha yüksəkdir.Nərəzə alsaq ki, xarici turistlər hər hansı bir ölkəyə getməmişdən öncə öz səfərini planlaşdırır və onlar öncədən qalacağı yeri müəyyənləşdirirlər. Öncədən hətta ödəniş etmək və turları götürməyə çalışırlar. Təəsüf ki, yerli turizm obyektlərinin internet sehifəsinin olmaması internet sehifelerinin ise bu cür xidmetlərin elektron olaraq ödənilməməsi xaricilərin regionlara cəlb edilməsində müəyyən çətinliklər yaradır”.

 

Ekspert deyir ki, Azərbaycanda turizm sektorunun daha cəlbedici və rəqabət qabiliyyətli olması üçün dövlət dəstəyinin artırılması vacibdir. Aşağı dəyər vergisi tətbiq etməklə turizm obyektlərini, eləcə də hotellərin xərclərini müəyyən qədər azaltmaq mümkündür. İnkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə edilir.

 

“Nəzər alsaq ki, hətta mərkəzi şərqi avropa ölkələrində belə turizm sektorunun dəstəklənməsi üçün dövlət tərəfindən müxtəlif dəstəkləyici tədbirlər həyata keçirilir. Rumuniyada əlavə dəyər vergisi 18 faizdir amma turizm sektoru otellər və turizm müəssisələri üçün əlavə dəyər vergisi cəmi 7 faizdir. Praktiki olaraq aşağı dəyər vergisi tətbiq etməklə turizm obyektlərini eləcə də hotellərin xərclərini müəyyən qədər azaltmaq mümkün olur. Bu zaman artıq turizm obyekti və yaxud hotel 18 faizi əlavə dəyər vergisi ödəmir. Daha aşağı dəyər vergisi ödədiyi üçün təbii ki, onun xərci aşağı olur. Xərcin az olması imkan verir ki, daha aşağı qiymətə xidmət təklif etmək mümkün olsun”.

 

Bu sahədə sahibkarların süni qiymət artırmalarını aradan qaldırmaq üçün yeni - daha aşağı qiymətlər tələb edən hotellərin və turizm obyektlərinin tikilməsi lazımdır. Azərbaycanda isə ulduzsuz və ya 1 ulduzlu otellərin sayı azdır.

 

“Çünki ulduzsuz və az ulduzlu otellər daha ucuz qiymətə xidmət təklif edirlər. Bizim apardığımız təhqiqatlar göstərir ki, təəssüf ki, qiymətlərin bir hissəsi suni şəkildə müəyyənləşdirilən qiymətlərdir. Regionlarda elə 5 ulduz otellər var ki, onların gündəlik qiyməti 300 manatdan artıqdır. Buna yalnız iki nəfərlik bir otağın qiyməti daxildir. Praktiki olaraq bu avropanın ən bahalı şəhərlərində təklif olunan qiymət səviyyəsindədir. Bu qonşu ölkələrin paytaxtlarında regionlarında bir neçə dəfə bahadır. Daha məqsədə uyğundur ki, otellərin və turizm obyektlərinin sayının artırılmasına nail olmaq və bunların sayının artırılmasına nail olmaqla həmin sektorda rəqabətin gücləndirilməsini həyata keçirmək mümkündür”.

 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə deyir ki, bu sahədə Azərbaycanda daha çox iş görülməlidir və turistlərin cəlb edilməsi üçün sahibkarlar daha səriştəli olmalıdır. Onun sözlərinə görə, Mədəniyyət və Turizm nazirliyi Azərbaycan Turizm Asossiasiyası və digər qurumlarla birlikdə Bakı şəhərində otellərdə və turizm şirkətlərində monitorinqlər aparıb və bu artıq başa çatıb. Yaxın vaxtlarda regionlarda da monitorinqlər aparılacaq. Problemlərdən biri də regionlarda kadr çatışmazlığıdır.

 

“Regionlarda bu dəqiqə turizm və otel biznesi üzrə kadr çatışmazlığı var. Bu onunla əlaqədardır ki, artıq regionlarda da yeni turist obyektlərinin tikintisi, inşası sürətlə aparılır. Turizm peşə məktəbləri fəaliyyət göstərir. Buna baxmayaraq kadr çatışmazlığı var”.

 

Müsahibim bildirdi ki, çatışmazlıqlara baxmayaraq rəqabət gedir və bu il qiymətlərdə endirim mütləq olacaq. Süni qiymət artımına gəlincə isə bildirdi ki, regionlarda otellər və turizm obyektləri demək olar ki, 2-3 ay işləyir və bu aylar ərzində sahibkarlar istəyir ki, daha çox mənfəət əldə etsinlər. Sahibkarlar və menecerlər süni qiymət artımına yox, daha çox xidmət səviyyəsinə və turistlərə əlavə xidmətlər göstərsələr daha çox gəlir əldə edərlər. Müzəffər Ağakərimov deyir ki, menecmentlik və idarəçilik bizdə hələ istənilən səviyyədə deyil. Turizm sahəsində dövlət dəstəyinə gəlincə isə...

 

“Dövlət dəstəyi deyən də biz nəyi nəzərdə tuturuq biz ancaq vergini nəzərdə tuturuq. Vergini azaltmağı nəzərdə tuturuq bu ola bilər. Bir şeyi də nəzərə alın dövlətin turizmə çox böyük dəstəyi var. Yolların çəkilişi müxtəlif kəndlərə turizm obyektlərinə yolların çəkilişi, elektrik enerjisi ilə təminatı müxtəlif parkların salınması. Biz bilirik ki, yolu sahibkar tək çəkə bilməz. Burada dövlət dəstək göstərir amma özəl obyektlər olduğu üçün sahibkarlar və menecerlərdə özlərindən asılı olan məsələləri həll etsələr düzgün qiymət siyasəti və xidmət səviyyəsini yuxarı qaldırsalar rəqabətdə udarlar müştəri heç vaxt deməz ki, bu bahadır, ya ucuz”.

 

Regionlarda turizm şirkətləri demək olar ki, yoxdur. Turizm şirkətlərinin regionlar üzrə olmağı da vacibdir. Çünki insanlar səyahətə getmək istəsələr ora müraciət etsələr daha əlverişli olar. Bilet almaq üçün regionlardan Bakıya gəlmək həmdə əlavə xərc deməkdir. Müsahibim bildirdi ki, bu məsələ gündəmdədir və yəqin ki, öz həllini tapacaq. Nə deyək, xoş istirahətlər və ən əsası əliniz cibinizdə olsun. 

 

 

APA TV

OXŞAR XƏBƏRLƏR